“Ləpirçi”dən tanış
“Dalğa”yadək
Fevralın 23-də Bakıda Norveç Krallığının Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə Norveç filmlərinin mini festivalı işə başladı. Üç gün ərzində beş ekran əsəri bu şimal ölkəsinin həyatı və mədəniyyəti ilə maraqlananlara nümayiş olundu.
Açılış günü göstərilən “Ləpirçi” filmi 1987-ci ildə çəkilsə də, bütün uğurlu tarixi-macəra filmləri kimi zaman keçdikcə əhəmiyyətini itirməyib. XII əsrə aid əfsanəni süjet xətti seçmiş rejissor-ssenarist Nils Qaupun ekran əsəri həm də saam dialektlərinin birində çəkilmiş ilk tammetrajlı film kimi də milli kinematoqrafiya tarixinə düşüb. Filmin süjetinə görə, 16 yaşlı yeniyetmə Aygin düşmənin onun ailəsini - valideynlərini, kiçik bacısını hansı amansızlıqla qətlə yetirdiyinin şahidi olur. Yaralı Aygin güclə canını qurtararaq qonşu qəbiləyə təhlükə barədə xəbərdarlıq edir. O, düşmənlərə qarşı qorxmaz ovçular ilə birlikdə mübarizə aparır.
Fevralın 24-də nümayiş etdirilən “Kautokeynoda qiyam”ını da Nils Qaup lentə alıb. 2008-ci ildə ekranlara çıxmış bu film də tarixi mövzudadır. Filmdə 1852-ci ildə Kautokeyno qəsəbəsi sakinlərinin yerli alkoqollu içki alverçiləri ilə mübarizəsindən söhbət gedir.
Həmin gün göstərilən “Təpiklə onu!” filmi tamam fərqli janrda çəkilmişdi. Ekran əsəri bəzən qarşısında böyüklərin də aciz qaldığı ciddi həyat sınaqlarına necə tablaşmaqdan, çətinliklərdən qorxmamaqdan, dostluqdan bəhs edir.
Rejissor Qreta Beyənin “Arktika” əməliyyatı” filmi isə uşaqların böyüklər üzündən yaşadıqları problemlərə diqqəti cəlb edir. Atasının işi ilə əlaqədar yaşadıqları yeri və oxuduqları məktəbi tez-tez dəyişməyə məcbur qalan 13 yaşlı Yuliya və onun kiçik qardaş-bacısının mühit dəyişkənliyi üzündən üzləşdikləri macəralar filmdə yer alıb.
Mini festival artıq Bakı kinosevərlərinə tanış olan “Dalğa” fəlakət filminin nümayişi ilə başa çatdı. Xatırladaq ki, bu film ilk dəfə ötən ilin payızında paytaxtımızda keçirilən VIII Avropa film festivalında göstərilmişdi.
Gülcahan
Mədəniyyət.- 2018.- 28 fevral.- S.16.