Folklorşünas, ədəbiyyatşünas, tərcüməçi
Qəzənfər
Paşayevin tərtib etdiyi
kitabın və alim haqqında Milli Kitabxananın hazırladığı
biblioqrafiyanın təqdimatı keçirildi
İyulun 4-də Milli Kitabxanada professor Qəzənfər
Paşayevin tərtibçisi olduğu “İmadəddin Nəsimi.
İraq divanı”nın latın qrafikalı əlifba ilə nəşrinin
və kitabxana tərəfindən hazırlanan “Qəzənfər
Paşayev. Biblioqrafiya” kitabının təqdimat mərasimi
keçirildi.
Mədəniyyət Nazirliyi və Milli Kitabxananın
birgə təşkilatçılığı ilə
reallaşan tədbirdə iştirakçılar əvvəlcə
görkəmli ədəbiyyatşünas alimin əsərlərindən
ibarət sərgi ilə tanış oldular.
Tədbiri kitabxananın direktoru, professor Kərim
Tahirov açaraq Qəzənfər Paşayevin elmi və bədii
yaradıcılığından söz açdı. Bildirdi
ki, Qəzənfər müəllimin hər bir yazısı,
yeni kitabı ədəbiyyatda hadisəyə çevrilir,
sevilərək oxunur.
Qeyd olundu ki, biblioqrafiya ədəbiyyatşünas
alimin 80 illik yubileyinə həsr edilib. Göstərici onun həyat
və yaradıcılığının yarım əsrdən
artıq bir mərhələsini (1966-2017-ci illər) əhatə
edir. Biblioqrafiyada tədqiqatçının Azərbaycan,
ingilis, rus, türk və ərəb dillərində çap
olunmuş monoqrafiya və kitabları, tərcümə əsərləri,
dövri mətbuatda dərc olunmuş elmi və publisistik məqalələri,
rəy verdiyi elmi əsərlər öz əksini tapıb.
Bildirildi ki, alimin tərtib etdiyi “İmadəddin Nəsimi.
İraq divanı” kitabı latın qrafikalı əlifba ilə
ilk dəfə çap olunur. Nəşr ölkənin
kitabxanalarına, təhsil-tədris və elm ocaqlarına, gənclər
mərkəzlərinə paylanılacaq.
AMEA-nın vitse-prezidenti, Nizami
adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli çıxış
edərək Qəzənfər Paşayevin
elmi fəaliyyətindən, Nəsimi irsinin öyrənilməsinə verdiyi töhfələrdən
danışdı. Vurğuladı ki, alim əsərlərində Kərkük ədəbiyyatını
Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi verib, ölkəmizdə
kərkükşünaslığın əsaslarını
yaradıb: “Qəzənfər Paşayev
müraciət etdiyi problemlərə, ədəbi-tarixi
şəxsiyyətlərə epoxanın gözü
ilə baxmağı bacaran, qələmə
aldığı məsələləri yüksək vətəndaşlıq
səviyyəsində təqdim etmək vəzifəsini məsuliyyətlə
həyata keçirən əsl elm
adamıdır. Onun yeddicildlik
seçilmiş əsərlərində xüsusi yer tutan “İraq-türkman folkloru” monoqrafik tədqiqatı
ölümsüz tarixə sahib olan Kərkük
elatının milli ruhunun
ifadəsi kimi yaranmış folklorun toplanıb tədqiq edilməsinə həsr
edilmiş şah əsərdir”.
Diqqətə
çatdırıldı ki, Qəzənfər
Paşayev ilk dəfə
“Nəsimi divanının İraq nüsxəsi”ni
aşkara çıxararaq nəşr etdirib. Onun
İraq-türkmən şairi Əbdüllətif
Bəndəroğlu ilə dostluğu Azərbaycan-İraq
əlaqələri tarixində böyük
körpü olub.
Milli Məclisin
deputatı Qənirə Paşayeva
çıxışında yeni nəşrlərin
Azərbaycan ədəbiyyatına və elminə böyük töhfə olduğunu
vurğuladı, kitabların ərsəyə gəlməsində
əməyi olanlara minnətdarlığını
bildirdi.
Nizami
adına Ədəbiyyat İnstitutunun
şöbə müdiri, professor
Şirindil Alışanlı, Azərbaycan
Aşıqlar Birliyinin sədri, professor Məhərrəm Qasımlı, şair-publisist Vaqif Bəhmənli,
professor Rəhim Əliyev, “Azərsun Holdinq”in İdarə heyətinin
üzvü Tahir
Gözəl və başqaları çıxış edərək
Qəzənfər Paşayevin elmimizin və ictimai fikrimizin inkişafındakı rolundan
danışdılar.
“İmadəddin Nəsimi. İraq divanı”nın latın qrafikalı əlifba
ilə nəşrinin nəsimişünaslıq elminə böyük töhfə olduğu,
Nəsiminin bir daha Azərbaycan
ədəbiyyatına məxsus olduğunu
sübut etdiyi qeyd edildi. Vurğulandı
ki, alimin
folklorşünaslıq, ədəbiyyatşünaslıq, tərcüməçilik
fəaliyyəti ayrılıqda geniş bir tədqiqat mövzusudur,
onun hər bir əsəri
gərgin elmi zəhmətin bəhrəsidir.
Sonda Qəzənfər
Paşayev çıxış edərək
tədbirin təşkilatçılarına və
iştirakçılarına, kitabların ərsəyə gəlməsində
zəhmət çəkən hər kəsə təşəkkürünü
bildirdi.
Tədbirdə həmçinin
Şamaxıdan gəlmiş qiraət ustası Hacı Fərəc
Əliyevin ifasında Nəsiminin qəzəllərindən
nümunələr səsləndirildi.
Lalə
Azəri
Mədəniyyətş- 2018.- 6 iyul.- S.
4.