Gənc rəssamların əsərləri Parisdə sərgilənib

 

Ölkəmizin Fransadakı səfirliyi və “Dirçəliş” Gənclərin Sosial-Psixoloji Reabilitasiya Mərkəzinin birgə təşkilatçılığı ilə Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Azərbaycanın gənc rəssamları Parisdə” adlı sərgi keçirilib.

Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində təşkil olunan sərgidə 22 gənc rəssamın 60-dan çox əsəri nümayiş olunub.

Tədbirdə Fransadakı səfirliyimizin siyasi işlər üzrə birinci katibi Vaqif Ağayev çıxış edərək müsəlman Şərqində ilk respublika olan Azərbaycan Xalq Cümhuriyyəti haqqında ətraflı məlumat verib. Diplomat səfirliyin və Gənclərin Sosial-Psixoloji Reabilitasiya Mərkəzinin sertifikatlarını gənc rəssamlara təqdim edib.

Sərgi sənətsevər və ziyarətçilər tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, “Dirçəliş” Gənclərin Sosial-Psixoloji Reabilitasiya Mərkəzinin təşkilatçılığı ilə gənc rəssamların əsərləri bir sıra Avropa ölkələrində nümayiş olunub.

 

Mədəniyyət.- 2018.- 6 iyul.- S. 4.