Hərbi-vətənpərvərlik mövzusu musiqidə

 

Heydər Əliyev adına Ali Hərbi Məktəbdə Bilik Fondunun və Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) təşkilatçılığı ilə hərbi-vətənpərvərlik tərbiyəsinə dair tədbir keçirilib.

Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyinə həsr olunan tədbirdə BMA-nın böyük elmi işçisi, dosent Ariz Abduləliyevin “Hərbi vətənpərvərlik mövzusu musiqidə” adlı məruzəsi dinlənilib.

Zabitlərə və kursantlara qədim və orta əsrlərdə, eləcədə XX əsrdə və müasir dövrdə orduda, hərbi yürüşlərdə, hərbi-vətənpərvərlik tərbiyəsində tətbiq olunan musiqi janrları, hərbi musiqi, əsgər və səngər mahnıları haqqında ətraflı məlumat verilib. Bildirilib ki, istər keçmiş zamanlarda, istər müasir dövrdə kompleks yanaşma tələb edən vətənpərvərlik tərbiyəsində musiqidən, onun mənəvi təsir gücündən həmişə istifadə olunub.

Məruzəçi Azərbaycan xalqının musiqi yaradıcılığında, qəhrəmanlıq eposlarında vətənə və vətənpərvərliyə həsr olunan nəğmələrdən bəhs edib, Azərbaycan bəstəkarlarının yaradıcılığında vətən, Qarabağ, şəhidlik, qəhrəmanlıq mövzularına həsr olunan musiqi əsərləri haqqında danışıb. Mühazirə boyunca zabitkursantlar vətənpərvərlik mövzusunda musiqi nümunələri dinləyiblər.

Maraqlı məruzəsinə görə A.Abduləliyevə Azərbaycan Ali Hərbi Məktəbinin rəisi Füzuli Salahov tərəfindən fəxri fərman təqdim edilib.

 

Mədəniyyət.- 2018.- 6 iyul.- S. 6.