“Öyrənək, öyrədək”

 

Gələcək əməkdaşlıq məqsədilə görüş keçirilib

 

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının kollektivi birgə əməkdaşlıq məqsədilə “XXI əsr gənclər kitabxanaları – ənənələr, innovasiyalar. Öyrənək, öyrədək” layihəsi çərçivəsində iyulun 2-də Bakı Yunus Əmrə İnstitutunda olub.

İnstitutun direktoru Cihan Özdemir kollektivi səmimi qarşılayaraq görüşdən məmnunluğunu bildirib.

Kitabxananın direktoru Oruc Quliyev mədəniyyət ocağının tarixi, fəaliyyəti, kitab fondu, keçirilən tədbirlər haqqında geniş məlumat verib.

Söhbət zamanı birgə əməkdaşlıq, müxtəlif layihələrdə, tədbirlərdə iştirak,   Azərbaycan və Türkiyənin müvafiq kitabxanalarının əlaqələri və s. məsələlərə dair fikir mübadiləsi aparılıb. Oruc Quliyev Cihan Özdemiri Respublika Gənclər Kitabxanasına dəvət edib.

Cihan Özdemir Azərbaycan kitabxanaları ilə tanışlığından, Azərbaycan və Türkiyə kitabxanalarının oxşar və fərqli xüsusiyyətlərindən danışıb. Bildirib ki, müasir internet dövründə gənclərin kitaba olan marağı nisbətən azalıb. Buna görə də kitabı sevdirən filmlərin çəkilişlərinə böyük yer ayrılmalı, media ilə işbirliyi qurulmalı, kitablar geniş şəkildə reklam olunmalıdır.

Kitabxananın kollektivi Bakı Yunus Əmrə İnstitutunun fəaliyyəti, tədris və məşğələlər proqramı, həmçinin kitabxanası ilə tanış olublar. Respublika Gənclər Kitabxanası adından Bakı Yunus Əmrə İnstitutuna kitablar hədiyyə edilib.

 

Mədəniyyət.- 2018.- 6 iyul.- S. 6.