“Türk dünyasının inciləri”
Bakıda
TÜRKSOY-un 25 illiyinə həsr olunmuş
konsert proqramı təqdim edilib
Rəşid Behbudov
adına Azərbaycan Dövlət Mahnı Teatrında Beynəlxalq
Türk Mədəniyyəti Təşkilatı
– TÜRKSOY-un 25 illiyinə həsr olunmuş “Türk
dünyasının inciləri” adlı konsert
təqdim edildi.
Tədbirdə
çıxış edən TÜRKSOY-un
baş katibi Düsen Kaseinov yubiley tədbirinin türk
xalqlarının dostluğunun ifadəsi olduğunu dedi. Qeyd etdi ki,
TÜRKSOY 1994-cü ildən ümumtürk
mədəniyyətinin təbliği və dünyaya
tanıdılması istiqamətində mühüm
layihələr həyata keçirir. Həmin
layihələrdən biri türk
dünyasının görkəmli mədəniyyət, ədəbiyyat,
incəsənət xadimlərinin xatirə yubileyinin keçirilməsidir.
D.Kaseinov onu da bildirdi
ki, TÜRKSOY müxtəlif beynəlxalq tədbirlərdə
fəal iştirak edir.
Bu tədbirlərdə türkdilli
xalqların mədəniyyətinin təbliğinə xüsusi önəm verilir.
Fərəhli haldır ki, təşkilatın
25 illiyinin keçirilməsi Azərbaycan Xalq Cümhuriyyətinin və dahi
bəstəkar Qara Qarayevin
100 illiyinin qeyd edilməsi
ilə bir vaxta düşür: “Təşkilatımızın
25 illiyini bu ilin sonunadək müxtəlif tədbirlərlə
keçirəcəyik. Yubiley tədbirləri
Azərbaycanla yanaşı, digər türkdilli
ölkələrdə də qeyd olunacaq”.
TÜRKSOY-un
baş katibinin
çıxışından sonra
F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs
Ansamblı, Qazaxıstanın “Murager”
mahnı və rəqs ansamblı, habelə Türkiyə,
Özbəkistan, Qırğızıstan, Rusiya
Federasiyasının Başqırdıstan və Tuva respublikalarından gəlmiş
musiqiçilərin təqdimatında konsert proqramı təqdim
olundu.
“Türk
dünyasının inciləri” adlı proqramda
türk dünyasının görkəmli
bəstəkarlarının və qardaş
xalqların mahnıları: Süleyman Ələsgərov – “Rəqs-tokkata”,
Həsən Rzayev – “Çahargah
rapsodiyası”, S.Badiraa, V.Seren-oolduu
– “Uğulzalar”, İsa
Bayzakov – “Jeldirme”, V. Gaysin – “Çobanlar”, Tofiq
Bakıxanov – “Arpaçay”,
qırğız xalq mahnısı –“Takteke”, Hacı Xanməmmədov – “Qurban olduğum”, “Yenə o bağ olaydı”, Ələkbər Tağıyev – “Sən
gəlməz oldun”, özbək xalq mahnısı – “Aylonay”,
Azərbaycan xalq mahnısı – “Sarı gəlin”,
“Türk mahnılarından popurri”, Üzeyir Hacıbəylinin
“Cəngi” əsərləri səsləndirildi.
Savalan Fərəcov
Mədəniyyət.- 2018.- 6 iyul.- S. 7.