“Bölgələrdən
bölgələrə”
Cümhuriyyətin 100 illiyinə həsr
olunmuş yaradıcılıq festivalı davam edir
Mədəniyyət
Nazirliyinin təşəbbüsü ilə “100 illik tariximiz”
devizi altında keçirilən
“Bölgələrdən bölgələrə”
Yaradıcılıq Festivalı davam edir.
Azərbaycan
Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş layihənin
məqsədi zəngin dövlətçilik ənənələrinə
malik olan xalqımızın mədəni irsinin təbliği,
regionların mədəni potensialının nümayiş
etdirilməsi, bölgələrarası mübadilənin
gücləndirilməsidir. Ötən həftə (25-26 iyun)
festivalın ilk tədbirləri Masallıda və Lənkəranda
keçirilmişdi.
Növbəti
məkan – Salyan şəhəri
Festival çərçivəsində
növbəti tədbir iyunun 30-da Salyan şəhərindəki
Heydər Əliyev adına meydanda təşkil olunub. Meydanda Mədəniyyət
Nazirliyinin 15 regional idarəsinin festival çadırları
qurulub, idarələr üzrə şəhər və
rayonların mədəni irsini əks etdirən xalq sənətkarlıq
nümunələrinin, rəsm və suvenirlərin, digər əl
işlərinin sərgisi və satışı
keçirilib.
Tədbirdə
Mədəniyyət Nazirliyinin nümayəndələri,
Salyan rayon rəhbərliyi, regional idarələrin rəhbərləri,
mədəniyyət işçiləri, ictimaiyyət nümayəndələri
iştirak ediblər.
İştirakçılar
əvvəlcə şəhər və rayonların mədəni
irsini əks etdirən xalq sənətkarlıq nümunələri
və digər əl işləri ilə tanış olublar.
Sonra
nazirliyin regional idarələrinin bədii özfəaliyyət
kollektivləri, folklor və rəqs qrupları konsert
proqramı ilə çıxış ediblər.
Festival
iştirakçılarının
çıxışları tamaşaçılar tərəfindən
hərarətlə qarşılanıb. Rayon sakinləri
bölgələrdə bu cür festivalların keçirilməsinə
görə təşkilatçılara minnətdarlıqlarını
bildiriblər.
Müxtəlif
şəhər və rayonlardan gəlmiş sənətkarlar,
əl işlərini həvəslə nümayiş etdirən
ustalar festivalın təşkilindən, belə bir layihədə
iştirak etməkdən məmnunluqlarını ifadə ediblər.
Yaradıcılıq
festivalı Sabirabadda davam edib
Xalq
Cümhuriyyətinin 100 illiyi münasibətilə keçirilən
“Bölgələrdən bölgələrə”
Yaradıcılıq Festivalının dördüncü ev
sahibi Sabirabad olub.
Heydər
Əliyev parkında təşkil olunan festivalda Mədəniyyət
Nazirliyinin Sumqayıt, Gəncə, Xaçmaz,
İsmayıllı, Şəki, Kürdəmir, Ağstafa,
Şəmkir, Bərdə, Ağcabədi, Ağdaş,
Sabirabad, Lənkəran, Masallı və Biləsuvar regional mədəniyyət
idarələrinin festival çadırları qurulub, bölgələrin
sənətkarlıq nümunələri, rəsmlər,
suvenirlər və digər əl işlərinin
satış-sərgisi keçirilib.
Açılış
mərasimində çıxış edən Sabirabad Rayon
İcra Hakimiyyəti başçısının müavini Həsən
Həsənov festivalın əhəmiyyətini nəzərə
çatdırıb. Vurğulanıb ki, layihə ilk dəfə
ölkəmizin bütün regionlarını əhatə etməklə
şəhər və rayonların bir-birinin mədəni zənginliyi,
sənətkarlıq irsi və incəsənəti ilə
tanış olmaq imkanı
yaradır.
Rayon
sakinləri, tədbirə dəvət edilən qonaqlar, habelə
festival iştirakçıları pavilyonlara baş çəkərək
ayrı-ayrı bölgələrə aid mədəni irs, həmin
bölgənin tarixi və müasir inkişafını əks
etdirən sənət nümunələri ilə tanış
olublar.
İştirakçılar
tədbirlə bağlı təəssüratlarını
bölüşüblər.
Bərdə
Regional Mədəniyyət İdarəsinin məsləhətçisi
Validə Nabatova bildirib ki,
festivalın yay mövsümündə keçirilməsi
xüsusilə önəm kəsb edir. Bu layihə sayəsində
həm xarici qonaqlar, həm də yerli sakinlər bölgələrimizin
zəngin mədəni həyatı ilə yaxından
tanış ola bilirlər: “Bizim bölgənin də çox
zəngin tarixi-mədəni irsi var. Bərdə beş əsrə
yaxın Azərbaycanın qədim dövləti – Qafqaz
Albaniyasının paytaxtı olub. Bölgədə bu tarixi zənginlik
yaşadılır. Mədəniyyət Nazirliyi indiyədək
bu qəbildən bir çox layihələr təşkil edib.
Bu festival hər kəsin ürəyincədir. Bərdə
şəhərində də festivalı ruh yüksəkliyi
ilə keçirəcəyik”.
Gədəbəy
Aşıq Məktəbinin direktoru Etibar Əliyevin də festivalla bağlı zəngin təəssüratı
var: “Bu tədbiri yüksək qiymətləndiririk. Bu, ölkəmizin
bölgələrinin mədəni zənginliyinin
görüntüsü, o cümlədən bir çox
nümunələri UNESCO siyahılarına daxil edilmiş
irsimizin parlaq təqdimatıdır”.
Yaradıcılıq
festivalında hər bir regional idarə üzrə folklor
qrupları, yerli incəsənət və bədii özfəaliyyət
kollektivləri öz bacarıqlarını nümayiş
etdiriblər. Konsert proqramı maraqla qarşılanıb.
Festival atəşfəşanlıqla başa çatıb.
*
* *
Qeyd
edək ki, “Bölgələrdən bölgələrə”
Yaradıcılıq Festivalı Mədəniyyət
Nazirliyinin 15 regional idarəsinin hər birində təşkil
olunacaq.
Ötən
illərdə nazirlik tərəfindən bölgələrimizin
mədəni irsinin təbliği istiqamətində bir
sıra layihələr icra olunub. 2010-2014-cü illər
üzrə “Xalq yaradıcılığı paytaxtları”
proqramı, 2015-ci ildə reallaşdırılan “Ədəbiyyat
paytaxtı” və “Milli mətbəx paytaxtı”
nominasiyaları bu sıradandır. Bundan əlavə,
2015-2016-cı illərdə “Bölgələrdən paytaxta”
layihəsi həyata keçirilib.
Cümhuriyyətin
100 illiyinə həsr olunan “Bölgələrdən bölgələrə”
festivalı ilk dəfə Azərbaycanın bütün
regionlarını əhatə etməklə yanaşı,
şəhər və rayonlara bir-birinin mədəni zənginliyi
ilə tanış olmağa imkan yaradacaq, bölgələr
arasında mədəni mübadilənin gücləndirilməsinə
zəmin olacaq.
Mədəniyyət.- 2018.- 6 iyul.- S. 8.