Burqas
şəhərində Azərbaycan mədəniyyəti təqdim
edilib
Bolqarıstanın Burqas şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyi münasibətilə “Bakı – qədimlik
və müasirliyin harmoniyası” adlı
fotosərgi təşkil olunub.
Şəhərdəki Mədəniyyət
mərkəzində keçirilən sərgi çərçivəsində
Heydər Əliyev Fondunun vitse-prezidenti
Leyla Əliyevanın icraçı prodüseri olduğu
“Əli və Nino” filmi
nümayiş olunub.
Tədbirdə Burqas
şəhəri merinin müavini
Yordanka Ananieva, Burqas vilayəti qubernatorunun
müavini Sevdalina Turmanova, şəhərin mədəniyyət,
incəsənət və media nümayəndələri,
yerli sakinlər iştirak
ediblər.
Mədəniyyət mərkəzinin
rəhbəri Ludmila Kutieva
çıxış edərək Azərbaycan mədəniyyəti
gecəsinə ev sahibliyi
etmələrindən məmnunluğunu ifadə edərək
səfirliyə təşəkkürünü bildirib.
Burqas
merinin müavini Y.Ananieva Azərbaycan mədəniyyəti gecəsini
şəhərin mədəni təqvimində mühüm hadisə kimi
dəyərləndirib, iki dövlət
arasında mədəni körpülərin möhkəm
bünövrə üzərində qurulduğunu
deyib.
Gecədə
çıxış edən ölkəmizin
Bolqarıstandakı səfiri Nərgiz Qurbanova
Azərbaycan Xalq Cümhuriyyətinin
yaranmasının tariximizin parlaq səhifələrindən biri olduğunu diqqətə
çatdırıb. Cümhuriyyətin müsəlman və türk dünyasında qadınlara bərabər
siyasi hüquqlar verən
ilk dövlət olduğu
xüsusi qeyd edilib. Həmçinin 120 illik
kino, 110 illik opera, 145 illik teatrı olan Azərbaycanın zəngin və qədim
mədəniyyətə malik olduğu vurğulanıb.
Səfir nümayiş
olunan sərginin şəhər ictimaiyyətində
ölkəmizin paytaxtının zəngin mədəni irsi barədə hərtərəfli təsəvvür
yaradacağına əminliyini ifadə edib.
Bildirilib ki,
Bakının gözəlliklərini əks etdirən şəkillər
Bolqarıstanın istedadlı rəssamı və fotoqrafı
Tatyana Uzunova tərəfindən
çəkilib.
“Əli və Nino”
filmi barədə məlumat verən N.Qurbanova ekran əsərində
məhəbbət hekayəsi fonunda Azərbaycanın
müstəqilliyi uğrunda aparılan
mübarizədən və Cümhuriyyətin
yaradılmasından bəhs edildiyini
söyləyib. Filmin, həmçinin Azərbaycanda tolerantlıq və multikulturalizm ənənələri ilə
bağlı olduğunu qeyd
edən səfir ölkəmizin tarixən müxtəlif mədəniyyətlərin,
dinlərin nümayəndələrinin bir
arada sülh və
qarşılıqlı anlaşma şəraitində
yaşadığı məkan kimi tanındığını
vurğulayıb.
Mədəniyyət.- 2018.- 6 iyul.- S. 10.