Beynəlxalq
Qarabağ Forumunun
iştirakçıları üçün
konsert proqramı
Avropa Gənclər
Parlamentinin Azərbaycan nümayəndəliyi
tərəfindən 2-8 iyul tarixlərində
“Beynəlxalq Qarabağ Forumu”
keçirilir. Azərbaycan
Respublikasının Prezidenti yanında
QHT-lərə Dövlət Dəstəyi Şurası, Mədəniyyət
Nazirliyi, Gənclər və İdman Nazirliyi və digər
qurumların dəstəyi ilə təşkil olunan
forumda Avropanın 20 ölkəsindən gənclər
iştirak edir.
İyulun 2-də Beynəlxalq
Muğam Mərkəzində forumun açılışı keçirilib. Qeyri-Hökumət
Təşkilatlarına Dövlət Dəstəyi
Şurasının sədri, Milli Məclisin
deputatı Azay Quliyev,
gənclər və idman nazirinin
müavini Fərhad Hacıyev, Avropa İnsan
Hüquqları Məhkəməsində Azərbaycanın səlahiyyətli
nümayəndəsi Çingiz Əsgərov
çıxış edərək tədbirin əsas məqsədinin
Dağlıq Qarabağla bağlı həqiqətləri
dünya ictimaiyyətinə çatdırmaq
olduğunu bildiriblər.
Diqqətə
çatdırılıb ki, forum işini Bərdə
şəhərində davam etdirəcək.
Tədbirin yekununda qəbul olunacaq qətnamə Avropa
Gənclər Parlamentinin Berlində yerləşən
ofisinə təqdim ediləcək.
Forum
iştirakçılarına “Qarabağ
Qafqazın mədəniyyət mərkəzidir” adlı konsert proqramı təqdim edilib.
Televiziya muğam müsabiqəsinin qalibləri Gülnar Qüdrətli “Sarı gəlin” xalq mahnısını, Orxan
Hüseynli “Segah”, Nurlan Namazov “Qatar” və Nisbət Sədrayeva
“Şüştər” təsniflərini ifa
ediblər. Xanəndələri
əməkdar artistlər Sahib Paşazadə
(tarda) və Toğrul
Əsədullayev (kamançada)
müşayiət ediblər.
Mədəniyyət.- 2018.- 6 iyul.- S. 11.