Azərbaycanın
dini-mədəni abidələrinə qarşı erməni vandalizmi
Erməni vandalizmi,
ermənilərin işğal olunmuş Azərbaycan ərazilərində tarixi, maddi-mədəniyyət, dini abidələrimizə qarşı törətdikləri
vəhşiliklər barədə hər bir
vətəndaş kifayət qədər məlumatlıdır.
Bu faktların dünya
ictimaiyyətinə çatdırılması ümdə məsələdir.
Bu
fikirlər Bakı Beynəlxalq Multikulturalizm
Mərkəzi və Dini Qurumlarla
İş üzrə Dövlət Komitəsinin
birgə təşkilatçılığı ilə iyulun 3-də Şamaxı Cümə məscidində
keçirilən “Azərbaycanın dini-mədəni abidələrinə
qarşı erməni vəhşiliyi” mövzusunda
konfransda səsləndirilib.
Konfransda erməni
işğalçılığının və
saxtakarlığının ifşası baxımından bu cür tədbirlərin
əhəmiyyəti vurğulanıb. Bu
sahədə Heydər Əliyev Fondunun həyata
keçirdiyi layihələrin önəmi
diqqətə çatdırılıb.
Konfransda
AMEA-nın Şərqşünaslıq İnstitutunun
baş elmi işçisi Solmaz
Rüstəmova-Tohidinin “1918-ci ildə Şamaxı şəhəri
və qəzasında soyqırımına məruz qalan məscidlər”, Prezident
Kitabxanasının şöbə müdiri
Nazim Mustafanın “İrəvan şəhərində
Azərbaycan abidələrinə qarşı erməni vandalizmi”, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun
direktor müavini Xəzər
Əliyevin “Azərbaycan incəsənətində
soyqırımı mövzusu”,
“İçərişəhər” Dövlət-Tarix
Memarlıq Qoruğu İdarəsinin
şöbə müdiri Kamil
İbrahimovun “Qədim Şirvan
eli və 1918-ci il
soyqırımı”, jurnalist-tədqiqatçı Mübariz Xəlilovun “Erməni vandalizmi və Pir Hüseyn Xanəgahı” mövzularında məruzələri
dinlənilib.
Məruzələr ətrafında
fikir mübadiləsi aparılıb.
Tədqiqatçı alimlər
konfransın keçirildiyi Cümə məscidinin
1918-ci ildə erməni vandalizminə məruz
qaldığını söyləyiblər. Azərbaycanın
və Şərq memarlığının nadir
incilərindən olan, Yaxın Şərqdə
ən qədim məscidlərdən sayılan Şamaxı
Cümə məscidi 743-cü ildə inşa
edilib. Erməni silahlı dəstələri
1918-ci ildə Şamaxıda Cümə məscidi ilə
yanaşı, 13 məhəllə məscidini və 20-dən çox kənd məscidini dağıdıb.
Çıxışlarda o qanlı hadisələrin
“şahidi” olan Cümə
məscidinin Prezident İlham
Əliyevin tapşırığı və
ayırdığı vəsait hesabına əsaslı
təmir edildiyi diqqətə
çatdırılıb.
Məruzələr zamanı erməni
vəhşiliklərini əks etdirən tarixi
fotolar slaydlarla nümayiş etdirilib.
Mədəniyyət.- 2018.- 6 iyul.- S. 11.