“İpək
Yolu”nda növbəti görüşlərədək
Şəkidə ənənəvi beynəlxalq
musiqi festivalı keçirilib
Xəbər
verdiyimiz kimi, iyunun 27-dən iyulun 1-dək Mədəniyyət
Nazirliyi, Bəstəkarlar İttifaqı və Şəki
Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı
ilə Azərbaycanın qədim sənət və mədəniyyət
mərkəzlərindən olan Şəkidə ənənəvi
musiqi bayramı – “İpək Yolu” IX Beynəlxalq Musiqi
Festivalı keçirilib.
2010-cu ildə əsası
qoyulan “İpək Yolu” festivalı hər il müxtəlif
ölkələrdən rəngarəng musiqi və rəqs
kollektivlərini bir araya gətirir. Budəfəki festivala
Türkiyə, Rusiya, Macarıstan və Qazaxıstandan
tanınmış qruplar və ifaçılar qatılıb.
Festivalın
açılış günü Şəkidəki “Marxal”
müalicə-istirahət kompleksinin Yay teatrında Azərbaycan
Respublikası Dövlət Sərhəd Xidmətinin Nümunəvi
hərbi orkestri (bədii rəhbər və dirijor – mayor Səməd
Vəkilov) çıxış etmişdi.
İyunun 28-də Şəki
xanları sarayının həyətində festivalın ev
sahibinin – Şəkinin “Zirvə” ansamblının konserti
maraqla qarşılanıb. Proqramda unudulmaz bəstəkar Emin
Sabitoğlunun mahnıları səsləndirilib.
Tədbirdə məlumat verilib
ki, “Zirvə” instrumental ansamblı 1972-ci ildə Şəkidəki
Mirzə Fətəli Axundzadə adına Mərkəzi mədəniyyət
evinin nəzdində yaradılıb. Kollektiv respublikanın
şəhər və rayonlarında, habelə keçmiş
sovet respublikalarında konsertlər verib, festivalların
iştirakçısı olub. Hazırda ansambla Şəkinin
tanınmış musiqiçilərindən Eldar Rəcəbov
rəhbərlik edir.
Festivalın xatirə simvolunu
kollektivə Azərbaycan Yazıçılar Birliyinin sədri,
Xalq yazıçısı Anar təqdim edib.
Qara Qarayevin 100 illiyinə həsr
olunmuş konsert
İyunun 28-də festivalın növbəti
konserti görkəmli Azərbaycan bəstəkarı Qara
Qarayevin 100 illik yubileyinə həsr edilib. “Marxal” istirahət kompleksinin Yay
teatrında təşkil olunan konsertdə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri
(bədii rəhbər və baş dirijor – Xalq artisti Teymur
Göyçayev) çıxış edib.
Konsertdən əvvəl məlumat verilib
ki, kamera orkestri 1964-cü ildə Azərbaycan musiqisinin klassikləri
– Qara Qarayev və Fikrət Əmirovun təşəbbüsü
ilə yaradılıb. Orkestrin ilk baş dirijoru və bədii rəhbəri
Xalq artisti Nazim Rzayev olub. Kollektiv 50 ildən
çox davam edən fəaliyyəti dövründə
dünyanın bir çox məşhur səhnələrində
çıxış edib, nüfuzlu beynəlxalq
festivalların iştirakçısı olub. Kollektivə 1998-ci ildən Teymur Göyçayev rəhbərlik
edir.
Proqramda Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət
Əmirov, Tofiq Quliyev və digər görkəmli Azərbaycan
bəstəkarlarının əsərləri səsləndirilib,
xalq mahnıları ifa olunub. Orkestrin
çıxışı tamaşaçılar tərəfindən
rəğbətlə qarşılanıb.
Sonda kollektivə festivalın simvolu təqdim
olunub.
Macarıstanın rəqs duetinin
çıxışı
Şəki “İpək Yolu” IX Beynəlxalq Musiqi
Festivalının üçüncü günü, iyunun
29-da Macarıstanın rəqs dueti – Hajdara-Herczeg Hajnalka və
Hajdara Tamas sənətsevərlərin qarşısına
çıxıb.
Məlumat verilib ki, Hajdara-Herczeg Hajnalka və Hajdara Tamas
Macarıstanda keçirilən xalq rəqs və musiqisi
ifaçıları festivalının qalibidir, “Xalq
yaradıcılığının gənc sənətkarı”
fəxri adına layiq görülüblər.
Rəqqasları əsasən
Macarıstanın xalq musiqisi sənəti üzrə “Magos”
orkestri müşayiət edir. 2008-ci ildə yaradılmış kollektiv
əsasən Transilvaniya və Dunayətrafı bölgələrdə
yaşayan xalqlara mənsub musiqini ifa edir.
Rəqs duetinin və musiqi qrupunun
ifaları tamaşaçılar tərəfindən
böyük maraqla qarşılanıb. Kollektivə festivalla
bağlı xatirə hədiyyəsi təqdim edilib.
“Yuxarı
Karvansaray”ın həyətində “Əsli və Kərəm”
İyunun 29-da axşam
“Yuxarı Karvansaray” mehmanxana-kompleksində Azərbaycan
Dövlət Akademik Opera və Balet Teatrının təqdimatında
dahi bəstəkar Üzeyir Hacıbəylinin “Əsli və Kərəm”
muğam operası açıq havada nümayiş olunub.
Tamaşaya Əməkdar incəsənət
xadimi Hafiz Quliyev quruluş verib, dirijor və xormeysteri Əməkdar
incəsənət xadimi Sevil Hacıyeva, konsertmeysteri Əməkdar
artist Elxan Mansurovdur (tar). Əsli obrazını Rəvanə Əmiraslanlı,
Kərəm obrazını isə Əməkdar artist Elnur
Zeynalov canlandırıblar. Operada, həmçinin
Opera və Balet Teatrının xoru və solistləri
iştirak ediblər.
Tamaşadan əvvəl məlumat verilib
ki, Üzeyir Hacıbəyli “Əsli və Kərəm”
muğam operasını xalq dastanının motivləri əsasında
yazıb, əsərin librettosu bəstəkarın
özünə məxsusdur.
Opera və Balet Teatrının baş rejissoru Hafiz Quliyev
“İpək Yolu” festivalında artıq bir neçə dəfə
iştirak etdiklərini, ötən illərdə sənətsevərlərə
Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasını,
“Arşın mal alan” operettasını, Müslüm Maqomayevin
“Şah İsmayıl” operasını, Qara Qarayevin “Yeddi
gözəl” baletini təqdim etdiklərini deyib: “Bu dəfə
tamaşaçılar Üzeyir Hacıbəylinin daha bir əsərini
– “Əsli və Kərəm” muğam operasını maraqla
izlədilər”.
Rusiyalı bayan ifaçılarının konserti
“İpək
Yolu” festivalı çərçivəsində iyunun 30-da
axşam saatlarında musiqisevərlərə Rusiyadan gəlmiş
“Sib-Duo” bayan ifaçılarının konserti təqdim olunub.
Musiqisevərlərin, həmçinin “Marxal” istirahət
kompleksində dincələn yerli və xarici qonaqların
maraqla izlədiyi konsertin əvvəlində məlumat verilib
ki, Rusiyanın uzaq Sibir bölgəsindən gəlmiş bayan
ifaçıları Aleksandr Sirotkin və Andrey Bityutskix bir
çox beynəlxalq müsabiqələrin
laureatlarıdır. Qrupun repertuarına dünya bəstəkarlarının
əsərləri, xalq melodiyaları, rus klassik, müasir
estrada və caz musiqisi daxildir. İfaçılar
rus xalq çalğı alətləri, simfonik orkestr,
kamera-instrumental tərkibli kollektivlər və solistlərlə
əməkdaşlıq edir. Bu
istedadlı, enerjili və virtuoz musiqiçilərin hər
konserti tamaşaçıların qəlbində səmimi
heyranlıq tapır. Aleksandr Sirotkin və
Andrey Bityutskixin budəfəki çıxışı da
alqışlar doğurub.
Sonda musiqi qrupuna festivalın simvolu təqdim
olunub.
Qazaxıstanın mahnı və rəqs
ansamblı “İpək Yolu”nun qonağıdır
Festivalın
dördüncü günü, iyunun 30-da axşam səhnəyə
Qazaxıstanın Atırau Dövlət Filarmoniyasının
“Murager” mahnı və rəqs ansamblı çıxıb.
“Murager” ansamblı 2004-cü ildə Qazaxıstanın
Atırau şəhərindəki M.Utemisov adına
Dram Teatrının nəzdində yaranıb. Ansambl
2006-cı ildən Atırau Dövlət Filarmoniyasında
Erjan Kitarovun bədii rəhbərliyi ilə fəaliyyət
göstərir. İsrail, Hindistan, Misir,
Türkiyə, Qətər, Portuqaliyada keçirilən beynəlxalq
festivallarda uğurla çıxış edən ansamblın
repertuarına qazax xalq mahnıları ilə yanaşı,
yerli və xarici bəstəkarların əsərləri də
daxildir. Kollektivi fərqləndirən
xüsusiyyətlərdən biri folklor nümunələrini
müasir interpretasiyada təqdim etməsi və gənclərdə
qədim qazax musiqisinə maraq oyatmasıdır.
“Murager” ansamblının Şəkidə
təqdim etdiyi musiqi nömrələri də
tamaşaçılar tərəfindən maraqla
qarşılanıb.
TRT Radiosunun solist və ansamblının
musiqi axşamı
“İpək
Yolu” festivalının sonuncu günündə - iyulun 1-də
günorta saatlarında tamaşaçılar Türkiyənin
Yunus Əmrə İnstitutunun təşkilatçılığı
ilə Şəkiyə gələn TRT-nin Ankara və
İstanbul Radiosunun solist və ansamblının konsertini izləyiblər.
Şəki xanları sarayının həyətində
təşkil edilən tədbirdə Türkiyənin Şəki
ilə qardaşlaşmış Konya şəhər Meram bələdiyyəsinin
nümayəndə heyəti də iştirak edib.
Ansamblın solisti İmran Koçun
türk və Azərbaycan dillərində ifa etdiyi xalq
mahnılarından ibarət musiqi çələngi
tamaşaçılar tərəfindən alqışlarla
qarşılanıb. Konsertdə müğənni bağlama musiqi alətində
Cumali Kalkan və Okyay Kosegil, kamanda Cafer Nazlıbaş, ritm alətində
Cemal Kablan tərəfindən müşayiət olunub.
Konsertin sonunda təşkilatçılar
adından kollektivə festivalın simvolu təqdim edilib.
Festivalın
bağlanış mərasimi
Şəki “İpək Yolu” IX Beynəlxalq
Musiqi Festivalı iyulun 1-də uğurla başa çatıb.
Beş gün ərzində musiqisevərlər, şəhərin
qonaqları, yerli sakinlər Türkiyə, Rusiya, Macarıstan
və Qazaxıstandan gəlmiş rəqs və musiqi
qruplarının, həmçinin Azərbaycanın teatr və
musiqi kollektivlərinin çıxışlarını izləyiblər.
Festivalın “Marxal” istirahət kompleksinin Yay
teatrında keçirilən son konserti Beynəlxalq Türk Mədəniyyəti
Təşkilatı – TÜRKSOY-un 25 illiyinə həsr olunub.
Gecədə TÜRKSOY-a üzv ölkələrdən
olan solistlərin iştirakı ilə Azərbaycan Dövlət
Xalq Çalğı Alətləri Orkestri (bədii rəhbər
və baş dirijor - Xalq artisti Ağaverdi Paşayev) və
Qazaxıstanın Atırau Dövlət Filarmoniyasının
“Murager” mahnı və rəqs ansamblı birgə konsert
proqramı ilə çıxış edib.
Məlumat verilib ki, Azərbaycan Dövlət Xalq
Çalğı Alətləri Orkestri 2000-ci ildə Azərbaycan
Dövlət Filarmoniyasının F.Əmirov adına
Dövlət Mahnı və Rəqs Ansamblının nəzdində
yaradılıb. Orkestr 2004, 2005 və 2010-cu illərdə
Tehranda keçirilən ənənəvi “Fəcr” beynəlxalq
musiqi festivalının mükafatına layiq
görülüb.
Konsertdə orkestrin solistlərinin, həmçinin Rusiya
Federasiyasının Başqırdıstan və Tuva
respublikalarından Azat Bikçurin və Borbak-Ool Salçak,
Qırğızıstandan Aynur Berdikulova, Türkiyədən
Çiğdem Gürdal, Özbəkistandan Alişer və
Gavhar Otajonovların təqdim etdiyi musiqi nömrələri,
xalq mahnıları tamaşaçılar tərəfindən
böyük rəğbətlə qarşılanıb.
Konsert proqramı başa çatdıqdan sonra festivalın
bədii rəhbəri, Bəstəkarlar İttifaqının
sədri, Xalq artisti Firəngiz Əlizadə
çıxış edərək festivalın yüksək səviyyədə
keçirilməsini təmin etdiyinə görə Şəki
Şəhər İcra Hakimiyyətinin, həmçinin
festivalın bağlanış konsertinin təşkilinə
göstərdiyi dəstəyə görə TÜRKSOY-un rəhbərliyinə
təşəkkürünü bildirib.
Azərbaycan Dövlət Xalq
Çalğı Alətləri Orkestrinin bədii rəhbəri,
Xalq artisti Ağaverdi Paşayevə festivalın simvolu təqdim
olunub.
Sonra Firəngiz Əlizadə Bəstəkarlar
İttifaqının təsis etdiyi Üzeyir Hacıbəyli
xatirə medalını Şəki Şəhər İcra
Hakimiyyətinin başçısı Elxan Usubova və
TÜRKSOY-un baş katibi Düsen Kaseinova təqdim edib.
Elxan Usubov Şəki “İpək Yolu” IX
Beynəlxalq Musiqi Festivalının keçirilməsində əməyi
olan bütün qurumlara minnətdarlığını ifadə
edib.
Düsen Kaseinov “İpək Yolu” Beynəlxalq
Musiqi Festivalının Türk dünyasında keçirilən
ən önəmli festivallardan biri olduğunu
vurğulayıb.
Festivalın bağlanış mərasimi
atəşfəşanlıqla başa çatıb.
Mədəniyyət.- 2018.- 6 iyul.- S. 12;
13.