Yüzillik
yubileylər şərəfinə konsert
Çinin Yunnan vilayətinin inzibati
mərkəzi olan Kunmin
şəhərində Azərbaycan Xalq
Cümhuriyyətinin yaradılmasının və dahi Azərbaycan bəstəkarı Qara Qarayevin anadan olmasının 100-cü ildönümü
münasibətilə konsert təşkil edilib.
Tədbir ölkəmizin
Çindəki səfirliyinin təşkilatçılığı
və Kunmin İncəsənət Kollecinin dəstəyi ilə gerçəkləşib.
Kunmin
Böyük Teatrında təşkil olunan konsertdən əvvəl Azərbaycanın
Çindəki səfiri Əkrəm Zeynallı
çıxış edərək müsəlman Şərqində
qurulan ilk demokratik respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin qısa ömür sürməsinə baxmayaraq,
bir çox sahələrdə
nailiyyətlər əldə etdiyini deyib. Müasir Azərbaycan
Respublikasının Xalq Cümhuriyyətinin
varisi olduğunu qeyd edən səfir
bildirib ki,
ölkəmiz beynəlxalq müstəvidə əlaqələrə,
o cümlədən Çin
ilə münasibətlərə xüsusi
əhəmiyyət verir. Azərbaycan Çin rəhbərliyinin irəli sürdüyü “Bir kəmər,
bir yol” təşəbbüsünü
ilk dəstəkləyən ölkələrdən
biri olmaqla
yanaşı, tarixi İpək Yolunun dirçəldilməsində
maraqlıdır.
Sonra səhnə
Azərbaycanın Əməkdar artisti, Akademik Opera və Balet Teatrının dirijoru
Əyyub Quliyevin rəhbərliyi ilə Kunmin Filarmonik Orkestrinin ixtiyarına verilib.
Konsertdə
Azərbaycanın dahi bəstəkarları
Üzeyir Hacıbəylinin “Koroğlu” operasından üvertura,
Qara Qarayevin “Yeddi gözəl” və
“İldırımlı yollarla” baletlərindən,
“Don Kixot” simfonik qravürlərindən hissələr,
Fikrət Əmirovun “Azərbaycan kapriççiosu”
əsər ilə yanaşı, Çin
bəstəkarlarından Lu Çimin, Van Silin və digərlərinin əsərləri
ifa olunub.
Kunmin Filarmonik Orkestrinin üzvü Samir Əsədov
görkəmli bəstəkar Asəf Zeynallının skripka üçün
“Muğamsayağı” əsərini solo ifa edib. Kunmin
Böyük Teatrında təşkil olunan konsert Belarusdan olan solist Aleksey
Şaşolkanın SSRİ-nin və Azərbaycanın
Xalq artisti Müslüm Maqomayevin məşhur
“Baharlı yurdum – Azərbaycan”
mahnısını oxuması ilə başa
çatıb.
Tamaşaçıların
sürəkli alqışları ilə müşayiət olunan konsertə baxanlar
arasında Yunnan vilayəti və Kunmin şəhəri hökumətinin rəsmiləri
də olub.
Mədəniyyət.- 2018.- 6 iyul.- S. 14.