“Folklor milli kimlik
kontekstində”
Lahıcda beynəlxalq elmi konfrans
keçirilib
İyunun
30-da Azərbaycan Milli Elmlər
Akademiyası Folklor İnstitutu,
Prezident yanında Bilik
Fondu və İsmayıllı Rayon İcra Hakimiyyətinin
birgə təşkilatçılığı ilə
Lahıc qəsəbəsində Azərbaycan Xalq
Cümhuriyyətinin 100 illiyinə həsr olunan
“Folklor milli kimlik kontekstində” mövzusunda
Beynəlxalq elmi konfrans
keçirilib.
Konfransı giriş
sözü ilə rayon
İcra Hakimiyyətinin
başçısı Mirdaməd Sadıqov açıb. O, Azərbaycan Cümhuriyyəti qurucularının
100 il öncə dövlət quruculuğu prosesində
qarşılaşdıqları çətinliklərdən,
1920-ci il aprelin 28-dən
sonra bir müddət
Lahıcda qalmağa məcbur olan Cümhuriyyətin qurucusu
Məhəmməd Əmin Rəsulzadənin qəsəbə
sakinləri tərəfindən qorunmasından, habelə
Lahıcın tarixindən, özünəməxsus mədəniyyətindən
bəhs edib.
AMEA Folklor İnstitutunun direktoru, akademik Muxtar
Kazımoğlu “Xalq ədəbiyyatı və
milli kimlik məsələləri”
mövzusunda məruzə edib.
O, Rəsulzadənin “Əsrimizin Səyavuşu”
əsərinin Lahıcda yazıldığına diqqət
çəkib və qeyd edib
ki, şifahi ənənəni
yaşatmaq baxımından dünyanın
nadir yerlərindən olan
Lahıc həm də istiqlal mücadiləmiz
baxımından da nadir
bölgələrimizdəndir. Konfransın adına diqqət
çəkən akademik vurğulayıb ki, folklorumuzda – bayatı,
nağıl, dastan və s.
mətnində ortaq düşüncə
tərzi, ortaq danışıq tərzi var: “Bu, Rəsulzadənin
millət mənasında söykəndiyi əsas mənbələrdən
biri idi. O, yazır ki, xalq öz
istiqlaliyyətinə süngülərlə yox,
ədəbiyyat və incəsənətlə qovuşa
bilər. Bunun da təməli
yenə gəlib xalq mədəniyyətinə
çıxır”.
Bilik Fondunun icraçı direktoru
Oktay Səmədov “Azərbaycan folklorunun təbliğində Bilik
Fondunun rolu” mövzusunda məruzə edib,
tədbirin əhəmiyyətini vurğulayıb.
Folklor İnstitutunun şöbə müdiri,
AMEA-nın müxbir üzvü
Kamran Əliyev “Folklor
və dövlət idarəçiliyi sistemi”
adlı məruzə edib, folklorun
həyatımızın hər sahəsində gərəkliyinə
diqqət çəkib.
Plenar
iclasda Türkiyənin Azərbaycandakı
səfirliyinin mətbuat katibi Həmid
Qaradəniz, Bilik Fondu
Aparatının rəhbəri İsaxan Vəliyev,
Misirin Bakıdakı Mədəniyyət
və Təhsil Əlaqələri Mərkəzinin rəhbəri
Əhməd Sami əl-Aydi, Moskva Dövlət Universitetinin
professoru İrina Kaçinskaya, Folklor İnstitutunun doktorantı, Lahıc orta məktəbinin müəllimi Dadaş Əliyev və başqaları
çıxış ediblər.
Plenar iclasın sonunda akademik
M.Kazımoğlu İsmayıllı ilə bağlı nəşrlər
haqqında danışıb, İsmayıllıda multikulturalizm mövzusunda
keçirilən konfrans
materiallarının toplandığı “Gücümüz
birliyimizdədir” adlı kitabı təqdim edib.
Daha sonra konfrans bölmələrdə
davam edib, məruzələr
dinlənilib.
Konfrans başa çatdıqdan sonra
iştirakçıları Lahıc qəsəbəsi ilə
tanış olublar.
S.QALİBOĞLU
Mədəniyyət.- 2018.- 6 iyul.- S. 14.