İranın ən bahalı filmi

 

“Məhəmməd: Allahın elçisi” kinolenti İslamın humanist din olduğunu dünyaya göstərmək məqsədi daşıyır

 

Xəbər verdiyimiz kimi, iyunun 28-də Nizami Kino Mərkəzində tanınmış İran rejissoru Məcid Məcidinin “Məhəmməd: Allahın elçisi” bədii filmi nümayiş olundu. Dünyanın onlarla ölkəsində böyük maraqla qarşılanan ekran əsəri Bakıda da həyəcanla izlənildi. Filmin nümayişi ölkəmizdə təşkil olunan İran mədəniyyəti günləri çərçivəsində gerçəkləşdi.

Məhəmməd peyğəmbərin həyatından bəhs edən ekran əsərinin çəkilişləri 2015-ci ildə tamamlanıb və həmin dövrdən bir çox ölkələrdə nümayiş olunmağa başlayıb. Kinolent 30 milyon dollardan çox büdcəsi ilə İranın ən bahalı filmi kimi qeydə alınıb.

Film iki il sürən araşdırmalardan və beş il davam edən çəkilişlərdən sonra ərsəyə gəlib. Ekran əsəri üçün xüsusi texnika ilə Məkkə və Mədinə şəhərlərinin tarixi görüntüsünü verən dekorasiya hazırlanıb. Layihədə İranın Xorasan şəhərinin cənubunda yerləşən Allahyar kəndində o dövrün Məkkəsini təsvir edən özəl bir məkan qurulub. Filmin operatoru dünya şöhrətli Vittorio Storaro, musiqi müəllifi hindistanlı bəstəkar Alla Rakha Rəhmandır. Film ilk dəfə Monreal Film Festivalında (Kanada) nümayiş olunub.

İslam peyğəmbəri haqqında bundan əvvəl Suriya əsilli Amerika rejissoru Mustafa Akkad “Çağırış” filmini çəkmişdi. 1977-ci ildə çəkilən filmdə dünya şöhrətli aktyor Entoni Kuin rol almışdı. Filmin əsas özəlliyi bundan ibarət idi ki, orada peyğəmbərin üzü göstərilmirdi. Akkadın filmində əsasən İslamın ilk illəri ondan sonra baş verən hadisələr göstərilib. İranlı rejissorun filmində isə hadisələr peyğəmbərin doğuluşundan bir qədər əvvəl baş vermiş Fil hadisəsindən başlayıb Allahın elçisinin yeniyetməlik illəri ilə bitir. Filmdə gələcək peyğəmbərin doğuluşundan xəbər tutan yəhudi din xadimləri onu tapıb öldürmək istəyirlər. Buna görə Məhəmmədin babası Əbdülmütəllib onu qoruyur, gizlətməyə, dəfələrlə yerini dəyişməyə məcbur olur.

Bu ekran əsərində Məhəmməd peyğəmbərin doğulmasından 12 yaşınadək keçən dövrdə Məkkədə cərəyan edən hadisələr fərqli baxış bucağından anladılır.

Məcid Məcidi “Məhəmməd: Allahın elçisi”ni çəkərkən tarixçi arxeoloqlardan ibarət qrupla birgə fəaliyyət göstərib, tarixi faktlara mümkün qədər sadiq qalmağa çalışıb. Rejissor o dövrü olduğu kimi təqdim etməyə səy göstərib. “Məhəmməd: Allahın elçisi” filmi İslamın humanist din olduğunu bütün dünyaya göstərmək məqsədi daşıyır.

Qeyd edək ki, rejissor Məcid Məcidi “Cənnətin uşaqları”, “Cənnətin rəngi”, “Sərçələrin rəqsi”, “Yağış” kimi filmlərin müəllifidir.

 

Fariz Hüseynov

 

Mədəniyyət.- 2018.- 6 iyul.- S. 17.