Qədim
türk mədəniyyətini
araşdıran alim
Ötən əsrin birinci yarısında bir çox
türkoloq alimimiz repressiyaya məruz qalıb. Onlardan biri də bu sahədə yorulmadan çalışan ilk
dilçi alimlərimizdən Abdulla Tağızadədir.
Abdulla
Məhəmməd oğlu Tağızadə
17 mart 1897-ci ildə Gəncədə anadan olub. İbtidai
məktəbi qurtardıqdan sonra təhsilini
Gəncə gimnaziyasında davam etdirir. 1916-cı ildə gimnaziyanı müvəffəqiyyətlə
başa vuraraq Moskva Dövlət Universitetinin
Hüquq fakültəsinə qəbul olunur. Lakin bir il sonra
Rusiyada inqilab baş verir və o, Gəncəyə qayıdır. Gənc Abdulla Vətəninin azadlığı uğrunda mübarizəyə qoşulur...
1919-cu ildə o,
Azərbaycan Xalq Cümhuriyyətinin yeni yaratdığı Bakı Universitetinin
(BDU) Tarix fakültəsinə daxil olur. Cümhuriyyətin
Maarif Nazirliyi
yanında yaradılan Əlifba komissiyasının tərkibində
fəaliyyət göstərir. Bir müddət
sonra Milli Orduda xidmət edir.
İlk
respublikamız 1920-ci ildə süqut
etdikdən sonra A.Tağızadə Maarif Komissarlığında texniki
katib, “Qaçqınlar və əziyyət
çəkənlərə kömək üçün yaradılan xüsusi
komissiya” sədrinin müavini,
1921-ci ildən Xalq Torpaq
Komissarlığının “Əkinçi” jurnalında məsul
katib işləyir.
Araşdırmalarda göstərilir
ki, A.Tağızadə 1922-ci ildə Azərbaycan
Xalq Maarif
Komissarlığının Məktəbdənkənar tərbiyə
idarəsinə müdir müavini
təyin olunur. Həmin il
Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi yanında
Yeni Əlifba Komitəsi yaradılır.
O, komitəyə işə dəvət olunur.
Səmədağa Ağamalıoğlu, Fərhad Ağazadə,
Xudadat bəy Məlikaslanov, Əhməd Pepinovla birgə komitənin rəhbər heyətinə
seçilir. Yeni Əlifba Komitəsinin respublikanın bölgələrində,
eləcə də Türküstanda,
Tiflisdə, İrəvanda şöbələri
yaradılır. 1924-cü ildə A.Tağızadə komitənin
tövsiyəsi, Xalq Maarif
Komissarlığının sərəncamı ilə Leninqrad (Sankt-Peterburq)
Şərq Dilləri İnstitutuna oxumağa göndərilir. Eyni zamanda Leninqrad
Dövlət Universitetinin Dil
və mədəniyyət fakültəsinə daxil olur. 1925-ci ildə orada Bəkir Çobanzadə ilə
tanış olur. Bu
tanışlıq sonralar möhkəm dostluğa çevrilir. Bir müddət vətəndən uzaqda yaşasa da, o, Azərbaycan
ziyalıları və milli təfəkkürlü
insanlarla əlaqəsini kəsmir.
1926-cı ildə Bakıda keçirilən I Türkoloji
qurultaya qatılır.
Ali təhsili başa vurub aspiranturaya daxil olan A.Tağızadə 1928-ci ildə Azərbaycana
dəvət olunur. O, Ümumittifaq
Yeni Əlifba Komitəsinin “Kultura i pismennost
Vostoka” toplusuna məsul
katib təyin edilir. Eyni zamanda aspirantlara
türk dilləri ilə bağlı
mühazirələr oxuyur.
Tədqiqatçı Əli Şamil araşdırmasında yazır ki, A.Tağızadə 1930-cu ildə Ali Pedaqoji İnstitutun
dosenti seçilir. O,
dərs deməklə, tədris kitabları yazmaqla
kifayətlənmir. Türk
xalqlarının yaşadığı bölgələrdə
keçirilən toplantılara, konfranslara
qatılır. Azərbaycan Elmi Tədqiqat
İnstitutunun Dil-ədəbiyyat və sənət
şöbəsində elmi işçi, sonra isə Dilçilik və terminologiya
şöbəsinin müdiri işləyir,
“Türk-tatar dillərinin tarixi
sərf-nəhvi” kitabını nəşr etdirir.
VIII-IX əsrlər qədim uyğur abidəsi “Huastuanift”in mətnini nəşrə hazırlayır,
yazdığı ön sözdə abidə
haqqında qiymətli fikirlər söyləyir. Həmçinin
692-693-cü illərdə yazıldığı ehtimal edilən Tonyuququn qəbirüstü
abidəsi üzərindəki mətni çapa
hazırlayır. “Qədim türk
dilləri və yazılı abidələrinin öyrənilməsi
üsulu və yolları”, “Dil haqqında elmin inkişaf tarixi”, “Azərbaycan
dili və şivələrinin izahlı
lüğəti”, habelə tanınmış özbək dilçisi Xalid Səid
Xocayevlə birlikdə “Müxtəsər üslubiyyat”
əsərlərini yazır.
30-cu illər repressiyaları türkologiyanın
inkişafı üçün yorulmadan çalışan bu
alimin də həyatını yarıda kəsir. A.Tağızadə
1937-ci ildə həbs olunur. İstintaq zamanı işgəncələr
altında “Vahid Türk
Tatar Dövləti” qurmaq
istəyənlərin sırasında olduğunu
etiraf edir və 12 yanvar 1938-ci ildə güllələnir.
Savalan Fərəcov
Mədəniyyət.- 2018.- 6 iyul.- S. 19.