İrəvanın
tarixinə fotosənədlərlə ekskurs
“LİBRAFF Park
Akademiya” kitab
mağazasında “İrəvanın tarixi
mərkəzi arxiv materialları və
köhnə fotoşəkillər əsasında” adlı kitab-fotoalbomun təqdimatı olub.
Nəşr Qeyri-Hökumət Təşkilatlarına Dövlət
Dəstəyi Şurasının layihəsi əsasında Qafqaz Tarixi Mərkəzi tərəfindən
hazırlanıb.
Layihənin rəhbəri,
Prezident Administrasiyasının bölmə
müdiri, politoloq Fuad Axundov təqdimat mərasimində
bildirib ki, kitabda Orta əsrlər
İrəvan qalasının timsalında indiki
Ermənistan ərazisindəki Azərbaycanın İslam mədəniyyəti və memarlıq
abidələrinin məhv edilmiş
nümunələri haqqında məlumatlar yer alıb. İrəvanın məhv edilmiş tarixi mərkəzində
800-dən çox tikili,
məscid, saray, karvansara,
hamam və digər ictimai
binalar yerləşirdi. Kitabda
İrəvan qalasının və İrəvan
xanlarının Gürcüstanın Milli
Muzeyində saxlanılan mebel, qab və digər əşyalarının
fotoları təqdim edilib. Həmçinin
rus fotoqrafiyasının pioneri,
şərqşünas D.İ.Yermakovun
(1845-1916) çəkdiyi unikal şəkillər,
İrəvan qalasının görkəminə valeh olmuş çar II Nikolayın tikilinin
bərpa edilməsi haqqında arxiv sənədləri
və yazışmalar yer alıb.
Kitab-albomun tərtibçisi
– Qafqaz Tarixi Mərkəzinin
direktoru, AMEA-nın Hüquq
və İnsan Haqları İnstitutunun
baş elmi işçisi Rizvan Hüseynov nəşrin ərsəyə gəlməsi
barədə danışıb. Bildirib ki, nəşrin hazırlanmasında məqsəd
bu mövzuya ictimaiyyətin,
alimlərin diqqətini cəlb etməkdir. “Sovet
hakimiyyəti qurulduqdan sonra
İrəvan şəhəri üçün
baş plan qəbul olunub. Həmin plana əsasən,
şəhərin tarixi mərkəzi,
İrəvan qalası və ona aid tikililər sökülüb.
Biz bilirik ki, hansısa şəhərdə tikinti aparılanda əsas məqsədlərdən
biri onun tarixi mərkəzini qorumaqdır. Tarixi mərkəz Bakıda var
– İçərişəhər, Moskvada
var, Tiflisdə var. Yəni,
bütün dünyanın şəhərləri
öz qədim mərkəzləri ilə
öyünür. Amma
hazırkı İrəvan şəhəri bundan
məhrumdur. Çünki orada
Azərbaycan və İslam dini mədəniyyəti, bu
mədəniyyətin memarlığı mövcud
idi. Bu,
dağıdılıb. Yermakovun
fotoları dağıdılmış bu
mədəniyyət, tarixi-memarlıq abidələrinin
hansı millətə məxsus olmasına ən gözəl sübutdur”, - deyə R.Hüseynov
qeyd edib.
Avropa
Azərbaycan Cəmiyyətinin (TEAS) sədri Tale
Heydərov, 1981–1989-cu illərdə Azərbaycan daxili işlər nazirinin əməliyyat
məsələləri üzrə müavini
olmuş polis general-mayoru Kamil Məmmədov,
AMEA Hüquq və İnsan
Haqları İnstitutunun direktoru,
Milli Məclisin deputatı, professor Aytən Mustafazadə və
başqaları Azərbaycanın əzəli
torpaqlarında Ermənistan dövlətinin yaranma
tarixindən, azərbaycanlı əhalinin məruz
qaldığı etnik təmizləmədən
söhbət açıblar.
Sonra İrəvana
aid tarixi fotoşəkillərdən
ibarət slaydlar nümayiş
olunub.
Layihə Gürcüstan
Milli Muzeyinin direktoru, professor David Lordkipanidze və muzeyin baş kuratoru, professor Eldar Nadirzadənin köməyilə həyata
keçirilib.
Mədəniyyət.- 2018.- 6 iyul.- S. 21.