“Xəzər və möcüzələri” sərgisi

 

Yeni Gallery” Bakı İncəsənət Mərkəzində həvəskar sənətçi Səadət Cəfərova və rəssam-fotoqraf Vüsalə Yunusovanın “Xəzər və möcüzələri” adlı sərgisi keçirilib.

Tədbiri qalereyanın direktoru Rəfael Gülməmmədli açaraq bildirib ki, Səadət xanım tələbəlik illərindən Xəzərdən topladığı daş, balıqqulağı, qurumuş ağac budaqlarını improvizasiya edərək nəyəsə oxşadır, onlara yeni can verir, gələcək əsərlərini yaradır.

Vüsalə Yunusovanın hobbisi isə dənizin hər bir anını fotolarda əks etdirməkdir. “Dəniz kosmik boşluğun maddiyyata çevrilməsi, toxunaraq hiss edə biləcəyimiz bir kainatdır. Fotodan başqa dənizin sahilində rəsm işləmək də mənim üçün eyni səviyyədə həyəcanlı və sevimli məşğuliyyətdir” – deyə o vurğulayıb.

Bildirək ki, hər iki sənətçi uşaqlıq illərini Xəzərin sahilində keçiriblər və dəniz onların düşüncəsində dərin bədii iz buraxıb. Bu sərgi də həmin bədii təəssüratın sonucu olaraq üzə çıxıb.

 

S.Qaliboğlu

 

Məedəniyyət.- 2018.- 6 iyul.- S. 24.