Mədəniyyət Nazirliyinin tabeliyindəki qoruqların fəaliyyəti müzakirə olundu

 

Qoruqlar bundan sonra nazirlik yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərəcək

İyulun 10-da Azərbaycan Milli Kitabxanasında mədəniyyət naziri Əbülfəs Qarayevin sədrliyi ilə müşavirə keçirildi. Müşavirə Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən qoruqların nazirlik yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyinə verilməsinə həsr olunmuşdu.

Yığıncaqda nazirliyin müvafiq struktur bölmələrinin və Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin məsul əməkdaşları, nazirliyin tabeliyindəki qoruqların rəhbərləri iştirak edirdi.

Gündəlikdə duran məsələlər barədə məlumat verən Əbülfəs Qarayev Mədəniyyət Nazirliyində aparılan son islahatlardan söz açdı. İslahatların əhəmiyyətini yüksək qiymətləndirən nazir qeyd etdi ki, bu tədbirlərin əsas məqsədi ölkəmizdə mədəniyyət siyasətinin daha məqsədyönlü və effektiv şəkildə həyata keçirilməsidir.

 

 Aparılan islahatlar həm səlahiyyətləri, həm də məsuliyyəti artırır

 

 Nazir aparılan islahatlardan sonra Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin səlahiyyətlərinin, eləcə də qurumun üzərinə düşən məsuliyyətin daha da artırıldığını diqqətə çatdırdı: “Mədəniyyət Nazirliyi yanında fəaliyyət göstərən Dövlət Xidmətinə Prezident İlham Əliyevin sərəncamı ilə Zakir Sultanov rəis təyin olunub. Bu o deməkdir ki, nazirliyin strukturunda fəaliyyət göstərən xidmətin həyata keçirdiyi işlər ölkə başçısının diqqət mərkəzindədir. Ölkə başçısı xalqımızın mədəni irsinin qorunması, bərpası və təbliğinə böyük önəm verir. Ona görə də biz üzərimizə düşən məsuliyyətli vəzifəni daha yüksək səviyyədə həyata keçirməliyik”.

Əbülfəs Qarayev qeyd etdi ki, bugünkü tədbirin əsas məqsədi nazirliyin tabeliyində fəaliyyət göstərən qoruqların işinin daha effektiv şəkildə qurulmasını təmin etmək üçün Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin nəzdinə verilməsidir. Nazirliyin tərkibində mövcud olan qoruqlar bundan sonra birbaşa Dövlət Xidmətinin tabeliyinə verilir. Bunlar Qobustan Dövlət tarix-bədii qoruğu, Nardaran Tarix-mədəniyyət qoruğu, Keşikçidağ Dövlət tarix-mədəniyyət qoruğu, “Pir Hüseyn xanəgahı” Tarix-memarlıq qoruğu, Lahıc Tarix-mədəniyyət qoruğu, “Çıraqqala” Tarixi-memarlıq qoruğu, “Şabran şəhəri” Tarixi qoruğu, “Avey” Dövlət tarix-mədəniyyət qoruğu, Gəncə Dövlət tarix-mədəniyyət qoruğu, Nizami Gəncəvi məqbərəsi kompleksi, Qəbələ Dövlət tarix-mədəniyyət qoruğu, İlisu Dövlət tarix-mədəniyyət qoruğu, Zaqatala Tarix-mədəniyyət qoruğu, Şuşa Dövlət tarix-mədəniyyət qoruğu və Quba şəhərindəki Soyqırımı Memorial Kompleksidir.

 

 Qoruqların fəaliyyəti müasir tələblər səviyyəsində təşkil edilməlidir

 

 Nazir vurğuladı ki, indi qarşıda duran əsas məsələ qoruqların fəaliyyətinin müasir tələblər səviyyəsində təşkil edilməsidir: “Bura insanların qoruqları rahatlıqla ziyarət etmələri üçün müvafiq infrastrukturun yaradılmasından elmi tədqiqatların aparılmasına qədər ən müxtəlif istiqamətlər aiddir. Hazırda Ağsu və Qəbələdəki  qoruqlarda elmi tədqiqat işləri aparılır. “Avey” Dövlət tarix-mədəniyyət qoruğunda da Yaponiyadan olan mütəxəssislərin iştirakı ilə tədqiqat işlərinə başlanılıb. Bu araşdırmalar bütün qoruqlarımızı əhatə etməlidir”.

Qeyd edildi ki, regionların mədəniyyət müəssisələri kimi qoruqların fəaliyyətinin daha da gücləndirilməsi üçün ixtisaslı kadrların işə cəlb olunması diqqətdə saxlanılmalıdır: “Qoruqların işi ölkəmizin müasir inkişaf səviyyəsinə uyğun qurulmalıdır. Bura xidmət səviyyəsinin yüksəldilməsi, eləcə də ödənişli xidmətlərin təşkili kimi məsələlər daxildir. Qoruqların dəqiq xəritələri hazırlanmalı, mühafizə zolaqları müəyyən olunmalıdır. Eyni zamanda qoruqların hər birinin saytı yaradılmalı və bu saytlarda həmin qoruqlar haqqında müfəssəl məlumatlar yerləşdirilməli, onların daxil olduğu marşrutlar göstərilməlidir”.

Vurğulandı ki, nazirliyin tabeliyində olan qoruqların bir qismi turizm məqsədləri ilə daha geniş istifadəsinin təşkil edilməsi üçün Dövlət Turizm Agentliyinin tərkibinə verilib. Həmin qoruqların da gələcək fəaliyyəti nazirliklə qarşılıqlı əməkdaşlıq çərçivəsində, “Mədəniyyət haqqında” qanunun tələblərinə uyğun olaraq həyata keçiriləcək.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov çıxış edərək qoruqların gələcək fəaliyyətinin təmin olunması istiqamətində atılacaq addımlardan danışdı. Qeyd etdi ki, qoruqların fəaliyyətinin gücləndirilməsi üçün müvafiq strukturun qurulması, ödənişli xidmətlərin təşkil olunması diqqətdə saxlanılacaq. Vurğulandı ki, qoruqların inkişafı məqsədilə ölkəmizdə fəaliyyət göstərən bir sıra müvafiq təşkilatlarla əməkdaşlıq inkişaf etdirilməlidir.

Müşavirənin sonunda Əbülfəs Qarayev qoruqların fəaliyyətinin yüksəldilməsi, qoruq ərazilərində tədqiqat işlərinin aparılması, tədbirlərin təşkili istiqamətində tapşırıq və tövsiyələrini verdi.

 

Fariz HÜSEYNOV

 

Mədəniyyət.- 2018.- 11 iyul.- S. 3.