Qan yaddaşımız haqqında kitab Düşənbədə nəşr olunub
Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun “Azərbaycanlılara qarşı ermənilərin soyqırımı siyasəti” adlı kitabı Düşənbədəki “Buxaro” nəşriyyatında tacik və rus dillərində çap olunub.
Azərbaycanın Tacikistandakı səfirliyinin təşəbbüsü ilə nəşr edilmiş kitabı tacik dilinə Gulnazar Keldi tərcümə edib. Artıq on birinci dildə nəşr edilmiş kitabda son iki əsrdə azərbaycanlılara qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti təhlil olunur. Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi, yerləşdirilməsi və xalqımıza qarşı törətdikləri soyqırımları kitabda sistemli şəkildə öz əksini tapıb. Bununla yanaşı, əsərdə erməni millətçilərinin təcavüzkar siyasəti nəticəsində XX əsrdə azərbaycanlıların 4 dəfə – 1905-1906-cı, 1918-1920-ci, 1948-1953-cü və 1988-1993-cü illərdə soyqırımı və etnik təmizləmələrə məruz qalması mənbələrə əsasən təhlil edilir.
Kitabda xarici dillərdə Azərbaycan tarixinin ayrı-ayrı dövrlərinə dair xəritələr, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın işğal olunmuş əraziləri haqqında fotolar da yer alıb. Bununla yanaşı, XX əsrin 80-ci illərinin ikinci yarısından başlayaraq Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları və işğalçılıq siyasəti, o cümlədən 1988-1993-cü illərdə azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasəti mənbələr əsasında araşdırılır. 1992-ci il fevralın 26-da Ermənistan silahlı qüvvələri tərəfindən Xocalı şəhərinin işğalı zamanı dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş vəhşiliklər xarici mənbələrə əsasən geniş təhlil edilir. Bu soyqırımı aktı bütün insanlığa qarşı ən ağır cinayətlərdən biri kimi səciyyələndirilir. Müəllif diqqətə çatdırır ki, Xocalı soyqırımı dünya tarixində heç vaxt unudulmayan Xatın, Xirosima, Naqasaki, Sonqmi, Ruanda, Srebrenitsa və Holokost kimi dəhşətli soyqırımları ilə bir sırada dayanır.
Mədəniyyət.- 2018.- 11 iyul.-
S. 4.