Ebru sənəti nümunələrindən ibarət sərgi

 

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına sərgi salonunda Naxçıvan şəhərinin 2018-ci il üçünİslam mədəniyyətinin paytaxtı” seçilməsi münasibətilə türkiyəli ebru sənətçisi Hikmət Barutçugilin əsərlərindən ibarət “Allahın gözəl adları” mövzusunda sərgi təşkil olunub.

Sərginin açılış mərasimində çıxış edən muxtar respublikanın mədəniyyət naziri Natəvan Qədimova bildirib ki, “İslam mədəniyyəti paytaxtı”nda türk-islam mədəniyyətinin dərin məzmunlu nümunələrindən olan ebru sənətinə aid bu sərginin təşkili mühüm mədəniyyət hadisəsidir. Diqqətə çatdırılıb ki, sərgidə müəllifin 47 əl işi nümayiş olunur.

Muxtar respublika Rəssamlar Birliyinin sədri, Əməkdar rəssam Ülviyyə Həmzəyeva ebru sənəti sərgisinin naxçıvanlı sənət adamlarının da xüsusi marağına səbəb olduğunu deyib.

Hikmət Barutçugil çıxışında bildirib ki, Azərbaycanda ebru sənətinə olan maraq onu çox sevindirir. “Gələcəkdə ebru sənəti ilə bağlı burada ustad dərslərinin keçirilməsi və bu sənətin daha da geniş yayılması üçün səylər göstərəcəyəm. Bu sərginin təşkil olunmasında əməyi olanların hamısına minnətdarlığımı bildirirəm”, - deyə o əlavə edib.

Türkiyənin Naxçıvandakı baş konsulu Nihat Erşen və rəssamın əsərlərinin kataloqunun tərtibçisi və naşiri olan Ahmet Taner Özer çıxışlarında sərginin yüksək səviyyədə təşkil olunmasına görə minnətdarlıqlarını bildiriblər.

Sonra sərgiyə baxış olub.

 

Mədəniyyət.- 2018.- 11 iyul.- S. 9.