Ölkəmiz “Astana-Arkau” türk
musiqisi festivalında təmsil olunub
Astana Milli Opera və
Balet Teatrında 11-ci
“Astana-Arkau” ənənəvi
türk musiqisi festivalı keçirilib. Ənənəvi festival Astananın paytaxt elan olunmasının 20 illiyi münasibətilə
təşkil edilib.
Qazaxıstan Prezidenti Nursultan
Nazarbayevin təşəbbüsü
ilə türk dünyasının inteqrasiyası
konsepsiyasının reallaşdırılması
çərçivəsində keçirilən festivalda Azərbaycan, İran, Rusiya, Özbəkistan, Qırğızıstan, Türkiyə,
Monqolustan, Çin və digər ölkələrin musiqi qrupları iştirak ediblər.
Sənət bayramına azsaylı türkdilli xalqların ifaçıları da qatılıblar. İştirakçıların ifa etdikləri
musiqi əsərləri
həmin xalqların adətlərində və
müxtəlif milli ayinlərində istifadə
olunur.
Azərbaycan ifaçıları festivalda
Beynəlxalq Türk Mədəniyyəti və
İrsi Fondunun və ölkəmizin Qazaxıstandakı səfirliyinin
təşkilatçılığı ilə iştirak ediblər.
Tədbirin açılışında Beynəlxalq
Türk Mədəniyyəti
və İrsi Fondunun prezidenti Günay Əfəndiyevanın
müraciəti oxunub.
Müraciətdə deyilir: “Festival mədəni, yaradıcı
və dostluq əlaqələrinin inkişafına
töhfə verməklə
yanaşı, həm də bütün türk dünyasında əhəmiyyətli musiqi
hadisəsidir. Bu gözəl platformada müxtəlif ölkələrin
musiqiçiləri bir
araya gələrək
türk dünyasının
ənənələri, tarixi,
mədəniyyəti və
folkloru haqqında geniş təsəvvür
yaradırlar. Belə ənənəvi
festivallar insanların
genetik yaddaşındakı
türk dünyasının
nadir etnik musiqisinin qorunmasına kömək edir. Bu baxımdan
əsrlər boyu əcdadlarımızın meydana
gətirdiyi bu mədəni zənginliyi gələcək nəsillərə
çatdırmaq lazımdır.
Bu istiqamətdə Beynəlxalq Türk Mədəniyyəti və
İrsi Fondu Azərbaycan, Türkiyə,
Qazaxıstan, o cümlədən
Qırğızıstan ilə
uğurla və səmərəli əməkdaşlıq
edir. Türk xalqlarının tarixi və mədəni irsi dünyada layiqli yer tutur və
bu baxımdan yeni layihələr həyata keçiriləcək”.
Festivalda ölkəmizi tarda Sahib Paşazadə və nağarada Kamran Kərimov təmsil edib. Azərbaycan muğamı tamaşaçılarda
böyük maraq oyadıb.
Mədəniyyət.- 2018.- 11 iyul.- S. 10.