“Kaatı” sənəti
nümunələri sərgilənir
İyulun 7-də Bakıdakı Xətai Sənət Mərkəzində “Təcəssüm” adlı rəsm sərgisi açılıb. Sərgidə ilk dəfə olaraq ölkəmizdə qədim “kaatı” sənətinə (kağız və dəri üzərində bəzək oyma) aid əsərlər nümayiş edilir.
Gənc rəssamlar İnci Aksu, Nicat Muxtarlı və Aysel Günəşin əsərlərindən ibarət 60-dək sənət əsərinin yer aldığı sərgidə yağlı boya ilə işlənmiş rəsmlər də ekspozisiyanın görkəminə maraq qatıb.
Xalq rəssamı Arif Hüseynov, Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev çıxış edərək sərginin əhəmiyyətindən söz açıblar.
Nümayiş edilən sənət əsərlərinin məna və məzmun cəhətdən fərqliliyinə toxunan natiqlər bildiriblər ki, yüksək sənət meyarlarına cavab verən “kaatı” sənətinə marağın artırılması məqsədilə belə bir sərginin ölkəmizdə təşkili olduqca önəmlidir.
Qeyd edilib ki, hər üç müəllifin ərsəyə gətirdiyi əsərlər mükəmməlliyi ilə seçilir. Natiqlər rəssamlara gələcək yaradıcılıq axtarışlarında uğurlar arzulayıb.
Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov sərgi haqqında məlumat verib. Rəhbəri olduğu sənət ocağının maraqlı layihələrlə hər zaman sənətsevərlərin görüşünə gəldiyini deyən Z.Əvəzov “Təcəssüm”ün də belə sərgilərdən olduğunu deyib. Hər üç rəssama Xətai Sənət Mərkəzinin diplomlarını təqdim edib.
Çıxış edən rəssamlar öz əsərləri haqqında qonaqlara məlumat verib, tədbirin təşkilində əməyi olan hər kəsə təşəkkür ediblər.
Sonra qonaqlar sərgi ilə yaxından tanış olublar.
İnci Aksu 1973-cü ildə İzmir şəhərində anadan olub. Burada əl sənətləri üzrə təhsil alıb. Bir neçə ildir “kaatı” sənətini fərdi kursda tədris edir.
Nicat Muxtarlı
1992-ci ildə Bakıda
doğulub. Azərbaycan Turizm İnstitutunda,
İzmir Ekonomi Universitetində bakalavr və magistratura təhsili alıb. Rəsm ilə fərdi məşğul olmaqdadır,
Bakıda və İzmirdə sərgilərə
qatılıb.
Aysel Günəş 1983-cü ildə Bakıda anadan olub. 36 saylı Musiqi məktəbini (fortepiano üzrə) bitirdikdən sonra Asəf Zeynallı adına Musiqi Kollecinə qəbul olunub. 2016-cı ildən “kaatı” sənəti ilə məşğuldur.
Qeyd edək ki,
“kaatı” sənəti ilk dəfə
Çində yaranıb. Bu sənətin İslam dünyasında ilk
nümunələrinə XV əsrdə Teymurilər və Ağqoyunlular dövründə rast gəlinir.
Mədəniyyət.- 2018.- 11 iyul.-
S. 10.