Mikayıl Müşfiqin adı söz tarixmizdə əbədi yaşayacaq

 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində repressiya qurbanı olmuş görkəmli şair Mikayıl Müşfiqin (1908-1938) 110 illik yubileyinə həsr edilən elmi sessiya keçirilib.

Şairin 110 illiyi haqqında ölkə başçısının 2018-ci il 17 may tarixli sərəncamına əsasən təşkil olunan tədbirdə muzeyin direktoru, akademik Rafael Hüseynov “Əbədi şeirin yaşarı Müşfiqmövzusunda məruzə ilə çıxış edib. Məruzədə 1930-cu illərdə xalqın quruculuq əməllərinin ilhamlı tərənnümçüsü olmuş həyatsevər Müşfiqin poeziyasının gözəlliyindən bəhs edilib, milli fikir və düşüncənin məhvinə yönəlmiş repressiya illərinin məşum siyasi olayları yada salınıb.

Qeyd edilib ki, Mikayıl Müşfiq qısa ömür yolunda lirik şeirləri və poemaları, dünya ədəbiyyatından tərcümələri ilə bədii irsimizdə dərin və silinməz izlər qoyub: “XX əsr Azərbaycan ədəbiyyatının, şeirinin ən parlaq simalarından olan Mikayıl Müşfiqin adı söz, mənəviyyat tariximizdə əbədi yaşayacaq. Onun həyatdan ayrıldığı zamandan uzun illər keçməsinə baxmayaraq əsərləri, şeirlərinə bəstələnmiş mahnılar bu gün də bizimlədir, yaşayır və sevilir. XX əsrdə yeni başlanan bir dövrün, zamanın ruhunu əks etdirən Mikayıl Müşfiq klassik ədəbiyyatı da çox yaxşı bilirdi. Şairin üslubu, dəst-xətti, yazı tərzi XXI əsrdə də qətiyyən köhnəlməyib, əksinə, çox müasir görünür”.

R.Hüseynov müasirlərinin şairlə bağlı xatirələrindən, onun məşhur “Oxu, tarşeirinin yaranmasından danışıb. Müşfiqin Ənvər Məmmədxanlının ailəsi ilə çox yaxın olduğunu deyən akademik görkəmli yazıçının bacısı Həbibə Məmmədxanlının şairlə bağlı xatirələrindən söz açıb. Bildirilib ki, şairin ilk kitabları Ədəbiyyat Muzeyinin fondunda qorunub saxlanılır.

Sonra muzeyin əməkdaşlarının “Qəlblərdə yaşayan sənətkar”, “Müşfiq poeziyasında gənclik eşqi”, “Əbədilik qazanmış Müşfiq obrazı yaddaşlarda və sənətdə” mövzularında məruzələri dinlənilib. Məruzələrdə nakam şairin həyat və yaradıcılığından söz açılıb.

 

Mədəniyyət.- 2018.- 11 iyul.- S. 12.