Ansambl üzrə yeni dərs vəsaitinin təqdimatı

 

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) kiçik zalında bu təhsil ocağının və BMA-nın nəzdində Orta ixtisas musiqi məktəb-studiyasının müəllimi Nuranə Zeynalovanın fortepiano ansamblı üzrə tərtib etdiyi “Birgə çalaq” adlı yeni dərs vəsaitinin təqdimatı keçirilib. Nəşr Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunub.

Tədbirin aparıcısı – məktəb-studiyanın elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Aytən İbrahimova müəllifin yaradıcılığından bəhs edərək, dərs vəsaiti haqqında məlumat verib.

Nuranə Zeynalova təqdimatda iştirak edənləri Azərbaycanda fortepiano ansamblının inkişaf tarixi, bu sahədə yeni istiqamət və tendensiyalar, eyni zamanda kitaba daxil edilmiş metodik və ifaçılıq yenilikləri ilə tanış edib. Bildirilib ki, nəşrdə 35 bəstəkarın 70-ə yaxın əsəri yer alıb.

Məktəb-studiyanın baş elmi işçisi Elmira Mustafayeva yeni dərs vəsaitinin məziyyətlərindən bəhs edib.

Təqdimatın sonunda N.Zeynalovanın ansambl sinfinin şagirdləri – beynəlxalq və respublika müsabiqələri laureatları Zərrin Şükürİlknur Zeynalov, Mədinə İbrahimova, Humay Nəbiyeva, Aydan Xanhüseynzadə, Tasurə Hüseynova, Ayan Həsənova, Zeynəb Qarayeva, Səriyyə Məmmədova dərs vəsaitindən bir sıra əsərləri ifa ediblər.

 

Mədəniyyət.- 2018.- 11 iyul.- S. 14.