Soydaşlarımız
Litvada mahnı bayramına
qatılıblar
Litvanın Dövlətçilik günündə Vilnüsdə təşkil olunmuş mahnı bayramının iştirakçıları Kafedral meydanından Vinqis parkına qədər təntənəli yürüş keçiriblər. Bu il ilk dəfə olaraq ölkənin milli azlıqlarının təşkilatları da ənənəvi yürüşdə iştirak ediblər.
İyirminci dəfə keçirilən mahnı bayramı bu il Litva dövlətinin müstəqilliyinin bərpasının 100 illiyinə həsr edilib. Bayramın devizi Litvanın dövlət himni kimi qəbul edilmiş “Milli mahnı”nın “Litva naminə...” sözləridir.
Ənənəvi bayramda Litva Azərbaycanlıları İcmasının sədri Mahir Həmzəyev başda olmaqla Azərbaycan diasporunun nümayəndələri və Litva ali məktəblərində təhsil alan tələbələr də iştirak ediblər. Bu mühüm tədbirdə diasporumuzun iştirakı Azərbaycanın Litvadakı səfirliyinin təşkilati dəstəyi ilə baş tutub.
Festivalda milli mahnı kollektivləri, xorlar, rəqs kollektivləri və folklor yaradıcılıq qrupları iştirak edirlər. Analoji bayramlar Latviyada və Estoniyada da təşkil olunur. 2008-ci ildə hər üç Baltikyanı dövlətinin mahnı və rəqs bayramları UNESCO-nun siyahısına daxil edilib.
Vinqis parkındakı
bayramın sonuncu günündə tədbirin
bütün iştirakçıları və
tamaşaçılar – təxminən 12 min
nəfər birlikdə “Milli
mahnı”nı oxuyublar.
Mədəniyyət.- 2018.- 11 iyul.-
S. 15.