“Böyük
çölün incisi”
Bakıda
Qazaxıstan paytaxtının müasir
memarlıq nümunələrinin fotosərgisi
İyulun 6-da Heydər Əliyev Mərkəzində Astana şəhərinin Qazaxıstan Respublikasının paytaxtı elan edilməsinin 20 illiyinə həsr olunan fotosərgi açılıb. Sərgi Qazaxıstan Respublikasının birinci Prezidenti – Elbası Fondunun təşkilatçılığı, Heydər Əliyev Fondu və Qazaxıstanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə keçirilir.
Açılış mərasimində çıxış edən Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini Adil Kərimli layihənin iki ölkə arasında yüksək səviyyədə olan münasibətlərə öz töhfəsini verdiyini qeyd edib. O, bildirib ki, təqdim olunan əsərlər hər bir ziyarətçidə Astana haqqında xoş təəssürat yaradacaq.
Müasirliyi və gözəlliyi ilə dünya şəhərləri arasında seçilən Astananın coğrafi baxımdan da əlverişli mövqedə yerləşdiyini deyən Elbası Fondunun icraçı direktorunun müavini İqor Roqov bildirib ki, Qazaxıstan paytaxtının arxitekturası, eyni zamanda, milli mədəniyyəti, ənənələri tam əks etdirir. O, diqqətə çatdırıb ki, 6 iyul Qazaxıstanda “Paytaxt günü” kimi qeyd olunur: “Paytaxtımızın yubileyini qeyd etdiyimiz zamanda Heydər Əliyev Fondu sayəsində biz Astanaya həsr olunmuş sərgini də məhz Azərbaycanda təqdim edirik. Bu, bizim üçün çox dəyərlidir”.
Sonra ziyarətçilər sərgi ilə tanış olublar. Ekspozisiyada Qazaxıstan paytaxtının müxtəlif tikililərinin fotosu təqdim edilib. Onların arasında Astananın əsas brendi sayılan “Bayterek”, Qazaxıstan Respublikası Prezidentinin iqamətgahı – “Ak Orda”, Astanadakı Ekspo Mərkəzindəki kürəşəkilli “Nur Alem”, dünyanın çadırşəkilli ən böyük binası kimi “Ginnesin rekordlar kitabı”na düşmüş “Xan Şatır” ticarət-əyləncə kompleksi, britaniyalı memar Norman Fosterin layihə müəllifi olduğu “Sülh və razılıq sarayı” (“Piramida”) və s. müasir memarlıq nümunələri var.
Sərgidə qonaqlara Astana şəhərinin paytaxt elan edilməsinin 20 illiyinə həsr olunmuş “Astanada bir gün” və Burabay Milli Dövlət Təbiət Parkından bəhs edən “Burabayda bir gün” fotoalbomları təqdim olunub.
Açılış mərasimində Qazaxıstanın “Turan” etno-folklor ansamblı konsert proqramı ilə çıxış edib.
“Astana – böyük
çölün incisi”
fotosərgisi ilk dəfə bu ilin aprelində Moskvada və Madriddə təqdim edilib. Sərgi may
ayında Rusiyanın Sankt-Peterburq, iyunda isə Həştərxan şəhərlərində
nümayiş olunub. Bakıdan sonra sərginin Pekin, London, Berlin və Parisdə təqdimatı nəzərdə tutulur.
Mədəniyyət.- 2018.- 11 iyul.- S. 16.