“Mən bu lisanə sığmazam”

 

YARAT Müasir İncəsənət Mərkəzində tanınmış Hindistan rəssamı Şilpa Quptanın “Mən bu lisanə sığmazam” adlı fərdi sərgisinə press-tur təşkil olunub. Mərkəzin bədii direktoru Suad Qarayeva-Maleki və sərginin kuratoru Björn Geldhof press-tur iştirakçılarına ekspozisiyanın konsepsiyasından danışıblar.

Bildirilib ki, sərginin ilham mənbəyini və mərkəzi hissəsini əsrlər boyu yaradıcılığına və siyasi baxışlarına görə həbslərə məruz qalmış 100 şairə ithaf edilən səs instalyasiyası təşkil edir. Bu instalyasiya sərgidə nümayiş etdirilən digər yeni rəsm və heykəltəraşlıq nümunələri ilə yanaşı, insanların söz və ifadə azadlığının zəifliyi və təsirlərə məruz qalması problemlərini ön plana çəkir.

Sərgi məkanının bütövlükdə birinci mərtəbəsini əhatə edən 100 ədəd mikrofon 100 metal mil üzərindən asılıb. Millərin hər birinə, müxtəlif şeir parçalarının əks olunduğu səhifə keçirilib. Öz növbəsində ayrıca asılmış mikrofonda bu şeirlər səsləndirilir və yerdə qalan digər 99 mikrofon onu xorla əks-səda etdirir.

Bir saatdan çox davam edən bu səs əsəri ingilis, ispan, ərəb, rus, Azərbaycan, türk, Çin, urduhind dillərində təqdim edilir. Səslərin xoru məkan boyunca yayılır və bununla da yaddaşa hopan bu sədaların arasıkəsilməz ardıcıllığını formalaşdırır. İnstalyasiyanın adı - “Mən bu lisanə sığmazam: 100 məhkum şair” (“For, in your tongue I cannot fit: 100 Jailed Poets”) XIV əsrin sonu – XV əsrin əvvəllərində yaşamış dahi Azərbaycan şairi İmadəddin Nəsiminin məşhur qəzəlindən götürülüb.

Sərgidə müxtəlif vaxtlarda təqiblərə məruz qalmış şairlərin həyatını əks etdirən silsilə rəsmlər və obyektlər, o cümlədən metaldan hazırlanmış ağız boşluğu heykəli, kağız üzərində itkin düşmüş şəxsin bədəninin ətrafında tikanlardan və çəkilmiş izlərdən ibarət rəsm əsəri də yer alıb. Dərin ziddiyyət, bağlılığın ifadəsi haqqında hekayələrdən bəhs edən əsərlər, şairlərin təxəyyülünü və fiziki mütərəddidliyini idarə etməyə və məhdudlaşdırmağa çalışan siyasisosial qadağaları araşdırır.

Xüsusi olaraq bu sərgi üçün rəssam öz “Görmürəm, eşitmirəm, danışmıram” (“Don’t See Don’t Hear Don’t Speak”, 2006) fotoqrafik silsiləsinə yenidən qayıdaraq, bir-birini əhatəyə almış üç oxşar insanın bir-birinin gözlərini, qulaqlarını və ağzını yumduğunu təsvir edən heykəl yaradıb. Mahatma Qandi tərəfindən məşhurlaşdırılan yapon deyimindən ilhamlanan bu əsər rəssamın doğma vətənində yer alan şər qüvvələrə, insanların adətən öz baxışlarına görə məruz qaldığı basqılara istinad edir. Sərgidəki digər əsərlər ilə aktiv dialoq yaradan bu heykəl ifadə azadlığının çox güclü inikasını təqdim edir.

 

Mədəniyyət.- 2018.- 11 iyul.- S. 16.