Fiziki məhdudiyyət qüsur
deyil
İnsan fiziki yox, mənəvi cəhətdən
əlil olur
İyulun 12-də Mədəniyyət Nazirliyi Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzi, Əlil Təşkilatları İttifaqı və Əlil Qadınlar Cəmiyyətinin birgə təşkilatçılığı ilə xüsusi qayğıya ehtiyacı olan insanların cəmiyyətə inteqrasiyası, mədəni-ictimai həyatda iştirakının genişləndirilməsinə həsr olunan seminar-sərgi keçirildi.
Tədbir Yasamal rayonunda Əlil Qadınlar Cəmiyyətinin ofisi yaxınlığında yerləşən parkda gerçəkləşdi. Təqdim olunan sərgidə xüsusi qayğıya ehtiyacı olan 20-dək sənətkarın əl işləri, tikmə, qrafika, xalçaçılıq və s. sənət əsərləri nümayiş olunurdu.
Tədbiri giriş sözü ilə Elmi-Metodik Mərkəzin Tətbiqi kulturologiya şöbəsinin müdiri Rafiq Quliyev açaraq xüsusi qayğıya ehtiyacı olan insanlara ustad dərslərinin keçirilməsi və onların yaradıcı işlərinin sərgisindən danışdı. Qeyd etdi ki, ölkəmizdə xüsusi qayğıya ehtiyacı olan insanların sosial həyata inteqrasiya olunması üçün dövlətimiz tərəfindən bir sıra addımlar atılıb. Bu baxımdan xüsusi qayğıya ehtiyacı olan bu insanların digər insanlardan fərqlənməməsi, onların cəmiyyətin bərabərhüquqlu fərdləri kimi yaşamasını, cəmiyyətə inteqrasiya olunmalarını təmin etmək hər kəsin borcudur.
Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova çıxış edərək tədbirin təşkilatçılarına öz minnətdarlığını bildirdi. Qeyd etdi ki, sərgilənən əl işlərində milli-mənəvi dəyərlərimiz çox ustalıqla əks olunub. O, sənətkarlara yaradıcılıq uğurları arzuladı.
Əlil Qadınlar Cəmiyyətinin sədri Məhluqə Rəhimova çıxışında tədbirin əhəmiyyətindən danışdı. Qeyd etdi ki, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəz bu cür tədbirlərin keçirilməsi ilə əlillərin əməyinə dəyər verir. Onlar bununla özlərinin var olduğunu duyurlar, yaşamaq və yaratmaq hisləri artır.
Elmi-Metodik Mərkəzin direktoru Asif Usubəliyev mədəniyyət naziri Əbülfəs Qarayevin salamlarını tədbir iştirakçılarına çatdırdı. Əlilliyi olan şəxslərin işlərini yüksək qiymətləndirərək bildirdi ki, onlar bu günün qəhrəmanlarıdır. Fiziki məhdudiyyət, əslində, qüsur deyil, çünki insan fiziki cəhətdən yox, mənəvi cəhətdən əlil olur. O, bu cür tədbirlərin davamlı keçirilməsinin vacibliyini qeyd etdi.
Elmi-Metodik Mərkəzin baş elmi işçisi, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızı, Əlil Təşkilatları İttifaqının sədri Davud Rəhimli, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Emil Cavadov, professor Telman Ağdamski və başqaları çıxış edərək tədbirin əhəmiyyətindən danışdılar.
Çıxışlardan sonra Rəşad İbrahimov, Mehman Talıbov və Pərvin Mehdiyevin ifasında musiqi nömrələri təqdim edildi.
Sonda xüsusi qayğıya ehtiyacı olan sənətkarlardan Firuzə Babayeva, İlham Məhərrəmov, Mirzə Məmməd Vəliyev və Zinyət Vəliyevaya, Əlil Təşkilatları İttifaqının sədri Davud Rəhimliyə diplom, daha 25 nəfərə sertifikat verildi.
Savalan Fərəcov
Mədəniyyət.- 2018.- 13 iyul.-
S. 5.