Dövlət Xidmətinin rəisi Qəbələ tarix-bədii qoruğunda olub

 

Qoruğun fəaliyyətinin daha da gücləndirilməsi, bu məkana ziyarətçi axınının artırılması üçün tapşırıq və tövsiyələr verilib

 

İyulun 11-də Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov Qəbələ Dövlət tarix-bədii qoruğuna baş çəkib.

Dövlət Xidmətinin əməkdaşları ilə birgə qədim Qəbələ şəhər yerinin qalıqları (Çuxur Qəbələ kəndi ərazisində) üzərində yaradılan qoruqla tanışlıq olub. Məlumat verilib ki, qoruq ərazisinin ümumi sahəsi 420 hektardır. Qədim şəhərin qalıqlarının yerləşdiyi ərazi 1976-cı ildə dövlət qoruğu elan olunub.

Bildirilib ki, son illər Azərbaycan alimlərinin Koreya Respublikasından  mütəxəssislərlə birgə apardıqları arxeoloji tədqiqatlar və qazıntılar nəticəsində Qəbələnin tarixinin indiyədək elmə məlum olmayan səhifələri ortaya çıxıb. Arxeoloji qazıntılar əsasən Qəbələnin antik şəhər yeri, Səlbir və Qala ərazilərində aparılır.

Dövlət Xidmətinin rəisi və əməkdaşları Qəbələ Arxeoloji Mərkəzi ilə də tanış olublar. Burada saxlanılan eksponatlar haqqında məlumat verilib. Diqqətə çatdırılıb ki, qazıntılar zamanı əldə olunan yeni eksponatlar Arxeoloji mərkəzdə müasir avadanlıqlarla təchiz edilmiş laboratoriyalarda bərpa olunur.

Zakir Sultanov qoruğun fəaliyyətinin daha da gücləndirilməsi, bu məkana ziyarətçi axınının artırılması üçün müvafiq tədbirlərin görülməsi istiqamətində tapşırıq və tövsiyələrini verib. Həmçinin qoruq ərazisində mövcud olan qədim şəhərin qala divarlarının bərpa olunmasının vacibliyi vurğulanıb.

Qeyd edək ki, Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən qoruqlar nazirlik yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyinə verilib.

 

Mədəniyyət.- 2018.- 13 iyul.- S. 7.