“Azərbaycan ədəbiyyatı klassiklərini birgə öyrənək”

 

Təbrizdə Şəms Təbriziyə həsr olunmuş konfrans

 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə Təbriz Dövlət Universiteti arasında imzalanmış əməkdaşlıq protokoluna əsasən, ildə iki dəfə Bakıda və Təbrizdə “Azərbaycan ədəbiyyatı klassiklərini birgə öyrənək” layihəsi çərçivəsində elmi konfranslar təşkil edilir.

İndiyədək Məhəmmədhüseyn Şəhriyarla bağlı Ədəbiyyat İnstitutunda, Saib Təbrizi haqqında Təbriz Universitetində müştərək elmi konfranslar keçirilib.

Bu günlərdə Təbrizdə mütəfəkkir şair Şəms Təbriziyə həsr olunmuş növbəti birgə konfrans gerçəkləşib. Konfransda Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli “İrfan ədəbiyyatının Şəmsi” mövzusunda məruzəsində XII-XIII əsrlər Azərbaycan ədəbi-ictimai fikrinin görkəmli nümayəndəsi Şəms Təbrizinin həyatı və yaradıcılığından danışıb. Orta əsrlər ədəbiyyatı və fəlsəfəsinin ümumi mənzərəsinin müəyyən edilməsində böyük xidmətləri olan Şəms Təbrizinin yaradıcılığının indiyədək az öyrənildiyi və bu istiqamətdə birgə araşdırmalara ehtiyac olduğu vurğulanıb.

Təbriz Dövlət Universitetinin professoru Mehdipurun “Şəms Təbrizi – Mövlana baxışından”, AMEA-nın Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimlinin “Saib Təbrizi və klassik ədəbi irs”, Təbriz Universitetindən doktor İqbalinin “Şəms Təbrizinin ürfana münasibəti”, Ədəbiyyat İnstitutunun şöbə müdiri, sosiologiya üzrə fəlsəfə doktoru Samir Səttarovun “Şəms Təbrizi polyak ədəbiyyatşünaslığında” və  s. mövzularda məruzələr dinlənilib.

AMEA-nın nümayəndə heyətinə Şəms Təbrizinin “Məqalət” traktatı və “Saib Təbrizi divanı” kitabları hədiyyə olunub.

Nümayəndə heyəti son illərdə İranın Xoy şəhərində tapılmış Saib Təbrizinin məzarını və orada yaradılmış xatirə kompleksini ziyarət ediblər.

Konfransın materiallarının Təbriz Dövlət Universitetində kitab halında çap olunması qərara alınıb. Bundan başqa, 2019-cu ildə Nizami adına Ədəbiyyat İnstitutunda Əliağa Vahidə, Təbriz Dövlət Universitetində isə Nəsirəddin Tusinin ədəbi fəaliyyətinə həsr olunmuş birgə elmi konfransların keçirilməsi haqqında razılıq əldə edilib.

 

Mədəniyyət.- 2018.- 13 iyul.- S. 10.