Canlı Universitet əzmli...

 

Seysmik və poetik zəlzələlər məkanı Şamaxımızın XIX əsr nəhəngi Seyid Əzim Şirvani

 

O öz təşəbbüs-təşkilatçılığıyla yaratdığı məktəb ilə, digər təhsil ocaqlarındakı çaba-çalışmaları, o dövr mətbuatındakı çıxışları, qələmindən çıxar-çıxmaz, el-el gəzən xanəndələrin, aşıqların dilinə düşən qəzəl-qəsidələrilə, bir vaxtlar “yoxdur imzası imzalar içində” deyilən bu məmləkəti irəli daşıyan beş-onlardan oldu. Ömrü uzunu fikir yaydı, qələm çaldı. İşlək alətlər içrə ən səs-səmirsizlərdən olan Qələm şair-şüəralar içrə fitrəti-xasiyyətcə ən sakit-samitlərdən olan bu tövri-təvazökarı “Aləmdə səsim var” bəyanatına yüksəltdi...

 

 Bu Səs –

 

öz ümumxalq statusluluğu ilə – bu böyük ədəbi-ictimai şəxsiyyəti (ismi-şərifcə də imam övladı ola-ola) məmləkətindəki fəqir-füqəranın günahsız avamlığına, cəhalət dəllallarına inamına rəğmən ulu Yaradana da “asi”ləşdirərək, əsərlərindən birini “Allaha rüşvət” adlandırmağa, “Bu söz şərən əgər küfr olmasaydı, Deyərdim filhəqiqət zər – Xudadır” deməyə vadar edib. “Seyid” kimi doğal dini çin daşıyan bu ədib çoxsaylı xurafat kontingentindən, xüsusən də onların çox zorlu fitvaçılarından çəkinməyərək, həmin “həlləm-qəlləm”lərin neştər dolu şanlarına “Müctəhidin təhsildən qayıtması” kimi qələm çöpü uzadıb.

Bu məqamda Seyid Əzim yaradıcılığına yaxşı bələd olmayanların yanılmaması üçün qeyd etməliyəm ki, o, əsla din və dindarlar, əsl möminlər əleyhdarı olmayıb. Fikrimin şərhi üçün digər bir mətləbə toxunum. Belə ki, bolşevik irticasına qədər klassik irs xəzinəmizin mühüm hissəsini təşkil edən (dahi Məhəmməd Füzulimizin də xeyli müraciət etdiyi) mərsiyə ədəbiyyatı sovet rejimi uzunu unutdurulmuşdu. Ateist təbliğat bir çox digər mənəvi yatırlarımız kimi, klassik ədəbiyyatımızın bu mənəvi paklıq çağırışçısını da yasaqlamış, bizi müstəqilliyimizin bərpasından sonra tanış ola bildiyimiz zəngin ədəbi-bədii mənbələrdən məhrum etmişdi. Sözümün “evi”nə gələrək deyim ki, həm də insanların ağrı-acısına məlhəm kimi yazılmış, onları dərd-kədər qarşısında əyilməməyə səsləyən həmin nümunələr içərisində Seyid Əzimin də maraqlı qəsidələri vardır. Məsələn;

 

 Mən təriqi-eşqdə cüru cəfadən dönmərəm,

Yüz cəfa qılsa fələk, rahi-vəfadən dönmərəm.

 

Etsə düşmənlər əgər aludeyi-xun cismimi,

Bir gədayəm mən Şəhi-Kərbubəladən dönmərəm...

 

 Yaradıcılığının əsasını “dünyəvilik” təşkil edən ədib bu mahiyyəti əhli-beyt mövzulu şeirlərində də yürüdüb:

 

Cahan mülkində zər muşgulgüşadır,

Nə mətləb istəsən ondan rəvadır.

 

Əgər bir kəsdə olsa mali-dünya

Təmamən xəlq onilə aşinadır.

 

Gədani zər qılır aləmdə Sultan

Əgər Sultan ola bizər, gədadır.

 

Bu söz şərən əgər küfr olmasaydı,

Deyərdim filhəqiqət zər – Xudadır...

 

 Bu ədib öz insanlıq tərcümeyi-halını çox ali bir ədəb-ərkan, milli-mənəvi xeyirxahlıqla yaşayıb; əzəli-əbədi-təbii təsisatlı Allah-Bəndə “akademiyası” məzunu imiş kimi, yeni üsullu məktəb açıb, sonralar əksəriyyəti milli görəv sahibi olmuş şagirdlərinə həm dini, həm dünyəvi dərslər verib, ovaxtlaradək hər şeyə “helm”i gözlə baxanlardan fərqli olaraq, elm öyrədib, didaktik sirlər açıb, poetik sehrlər saçıb...

Öz zəmanəsinin maarif, ədəbiyyat, mədəniyyət və digər ictimai-fəlsəfi xüsusatlar aləminin ən seçkin yaradıcı və təbliğ-təşviqçilərindən olmuş Seyid Əzimi məlum səviyyəyə son dərəcə fəal üzvü, fenomenal “tələbə”si olduğu həyat universiteti yüksəltmişdir. Bu məqamda belə bir tarixi müqayisə yapaq: adı heç bir rəsmi dəftər-kitaba düşməyən və düşməyəsi bu xəyali “təhsilxana”da yetişənlər tarixən mövcud olmuş və olası real ali təhsil ocaqlarında yetişdirilənlərdən kəmiyyətcə min dəfələrlə az, keyfiyyətcə isə dəfələrlə yuxarı olmuşlar. Zənnimcə, bəndənizin bu müqayisə “dissertasiya”sının müdafiəsi üçün cari yazı qəhrəmanımın “Mən ki bihuş düşüb, görcək özümdən getdim, Siz ki huşyardız - ol afəti-dünya kim idi?” kimi misraları bəs edər...

 

 Bu canlı universitetin şöbələri

 

“Obraz”lılıq cəhdimizi davam etdirərək deyək ki, iti zehnə, qaynar-qavram fəhmə malik bu müdavim-məzunun bütün “kurs”ları - körpəliyi, uşaqlığı, yeniyetməliyi, gəncliyi çox çətin keçib. Ruhani ailəsində dünyaya göz açar-açmaz, atası – Şamaxının çox tanınmış, mötəbər şəxslərindən sayılan Seyid Məhəmməd kişi vəfat edir və o, ana babası Molla Hüseynin himayəsinə düşür. Həmin qəyyum isə xeyli uzaqda – Dağıstanın ucqar bir kəndində ruhanilik edirmiş. Babasından ərəb və fars dillərini öyrənən, lakin ürəyindəki şəxsi və milli arzularına burada meydan tapa bilməyən Seyid Əzim on il sonra Şamaxıya qayıdır, mədrəsədə orta ruhani təhsilini tamamlayır. Bu yön təhsilini artırmaq həvəsi iyirmi bir yaşlı bu gənci uzaqlara çağırır. Əvvəlcə İraq (Nəcəf və Bağdad), sonra Suriya (Şam şəhəri). İraq təhsilində dünyəvi elmlərə də maraq-məşğulluq göstərmiş gələcək şair Şamaxıya qayıdıb, yeni üsullu məktəb açır və ömrünün sonunadək, bütün digər fəaliyyət meydanlarından əlavə, burada çalışır, öz təkrarsız yaradıcılığı ilə bahəm, Mirzə Ələkbər Sabir ruhlu, Sultanməcid Qənizadə çəkili bir çox şair, alim və digər ictimai-siyasi görklü şəxsiyyətlərin yetişməsində bünövrə rolu oynayır. Ahıllıq və əcəlin bütövləməyə imkan vermədiyi qocalıq “kurs”larını isə o özü bilərəkdən çətinləşdirib. Bu “bilərəkdən”lik onun həyat elmini alim kimi dərk etməsindən, ictimai ətrafı bəsirət zərrəbini ilə görüb-duymasından qaynaqlanırdı. İctimai-sosial, dini-kolonial mühitin abır-həyadan xali xalları bu ədəb-ərkanlı maarifçi-ədibi nalayiq jarqonlar, hətta ədəbdənkənar ifadələr işlətməyə də məhkum və məcbur edirdi. Bir məlum şamaxılı haqda “səg köpəyoğlu” rədifini öz regional qürrə, məhəlli fors arşınıyla ölçüb sözügedən bölgəyə rişxənd edənləri “zati-at” ayaması ilə “təltif”ləndirməyə məcbur olurdu. Başqa bir bölgə mollalarının onun adına və həmyerlisi olan mollaların namına qoşdurub dilə-dişə saldıqları “Şirvannamə”lərini – satirik şeriyyətdən, mental mədəniyyətdən çox uzaq hədyançıları, burada verilməsi mümkün sayılmayan (amma əsl “imansıza dinsiz qənim olar” məsəlinə timsal) bir həcvi (“Yumrulayım...”) ilə susdurmalı olurdu.

Fərdi xaraktercə “pilədən-pilə, lələdən-lələ” deyimilə də tanınan bu şairin satiraları millətə rahatlıq verməyən zümrələrin ürəyinə pıtraq-batrağa çevrilir, sadə xalqınsa ürəyindən tikan çıxarırdı. Xalqın ianələrilə oxumağa cibidolu gedib başıboş qayıdan birisi (“Müctəhidin təhsildən qayıtması”) şairin bu kimi “dua”ları ilə qarşılaşırdı:

 

 Tutalım elmə olmusan vasil,

Bizə nədir o “elm”dən hasil?

Hanı İslam üçün sərəncamın,

Yerə girsin o “müctəhid” namın!

 

 

Yaxud, məşhur “Köpəyə ehsan”ında “İt demə, dəxi o da bizim birimiz, Belə ölmüşlərə fəda dirimiz” söylərkən, o vaxtlar minlərlə ac-yalavacın, indilər və gələcəkdə milyonlarla oxucunun acı gülüşlərini, bu “İti bazarında atından baha” (M.Araz) dünyanın hər “sort” yaramazlarının ərvahına ədəbi-əbədi “ehsan”lar edirdi.

 

Və bu tikanlar içərisindəki –

 

 İpəklərdən...

 

 Bəli, bütün bu neştərlərlə bahəm, tez-tez ipək-mərcan, tülək-tərlan misralar da yazırdı – bu milli maarif-mədəniyyət, ali eşq-məhəbbət, özəllik-gözəlliklər vəsfkarı:

 

Gecə gördüm səni, ey afəti dövran, yuxuda,

Ki, elərdin mənə yüz lütfi-firavan yuxuda.

 

Seyyidi-zar görüb vəslüvi bidar olmuş,

Bir gədadır ki, görüb özünü sultan yuxuda...

 

 Dövrün ünlü xanəndələri böyük el şənliklərində, bayram yığnaqlarında ustadlar ustadı Füzulinin “...Könlüm sənin yanındadır” və s. qəzəllərinə mükəmməl nəzirələr (özü də qulağa və qəlbə daha xoş təsir bağışlayan “Seyyida!” avtoxitabı ilə) yazmış bu şairdən də deyirdilər:

 

Olmasaydı qəmi-eşqin dili-viranımda,

Saxlamazdım onu bu izzət ilə yanımda.

 

Düşəni xublərin könlümə fikri, Seyyid,

Əlli Yusif tapılır külbeyi-əhzanımda...

 

 Şahidlər söyləyirdilər ki, bir gün Cabbar Qaryağdı ilə Seyid Şuşinski gözəlliklər, alim və dahi sənətkarlar məkanımız Şuşanın İsa bulağında rastlaşır və bir-birinə ayaq verə-verə, Seyid Əzimin aşağıdakı beytləri üstdə tarixi bir “Şur dəstgahı” yaradırlar:

Zahida, ol sənəmin zülfi-çəlipasına bax,

Aç bəsirət gözüvü, nərgisi-şəhlasına bax.

 

Ayeyi-xəmr oxuyur, nəfini inkar qılır,

Tutduğu felini gör, verdigi mənasına bax.

 

Cənnətə getdi və ya duzəxə mürdə, nə qəmin,

İrsinə dik gözüvü, külçəvü həlvasına bax.

 

Sanma bu Seyyidi sən əhli-cəhənnəm, vaiz,

Neyləyirsən əməlin, dildə təmənnasına bax...

 

Qeyd edim ki, Seyid Əzimin Azərbaycan mətbuatının yaranması və inkişafında da xidmətləri olub. “Əkinçi” qəzetinə mənzum təbrik məktubunda H.Zərdabini bu qəzet vasitəsilə islam əhlini “xaki məzəllətdən” qaldırdığına, soydaşlarımızın ruhuna “nəsimi-sübh”, həyatverici ruh gətirdiyinə görə alqışlayan şair tezliklə həm “Əkinçi”nin, həm də ondan sonra işıq üzü görən “Ziya” və “Kəşkül”ün aparıcı müəlliflərindən olub. O, “Qəzet nədir” başlıqlı digər bir şeirində qəzetin əhəmiyyət və dəyərini başa salaraq onu Allahdan, göydən gələn “vəhy”, “mayeyi-səadət”, “eyni-elmi-hikmət” adlandıraraq qəzeti və qəzetçiləri belə dəyərləndirirdi: “Qəzet bir hüdhüdi-ziba, qəzetxanlar Süleymandır, Yetib Bilqeysi-mənayə gərək onlar səbalənsin, Nə lazım peyki-həq künci-xəfadə ixtifalənsin, Gərək millət qıla himmət ki, ta mətləb ədalənsin”…

Şair “Əkinçi” və “Ziyayi-Qafqaziyyə” səhifələrinə düşən (dövrə müvafiq məktəb, dərslik və müəllim kadrların yoxluğu və s.) müzakirələrdə “Bizə hasil nə şey olur yoxdan, Ki, itibdir kitabımız çoxdan”, “Niyə biz bunca bikamal olduq, Ayaq altında payimal olduq?..” kimi diləzbəri-əqldəbərdi misralarla çıxışlar edirdi. Çoxlarının “qəzəl-gözəl” şairi kimi təqdim etməyə çalışdığı Seyid Əzim artıq milli dərd-ələm qələmçisi kimi də tanınırdı. Məsələn, ünlü jurnalist Cəlal Ünsizadə öz “Kəşkül”ünün çıxması ərəfəsində “Ziyayi-Qafqaziyyə”də dərc etdirdiyi məlumat xarakterli məqaləsində oxuculara yeni nəşrin əsas müəllifləri sırasında S.Ə.Şirvaninin də olduğunu bildirib.

 

Sonda iki not –

 

 

Biri bədbin, biri nikbin

 

Bədbini səfərlərindən biri ilə bağlı:

 

Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasında müsəlman şöbəsi açılanda (1879) azərbaycanlı müəllimlər axtarışına başlanır və S.Əzim də müsabiqədə iştirak üçün Tiflisə yollanır. Lakin dövrünün görkəmli din xadimi (və hakim dairələrə daha yaxın) Əbdüssəlam Axundzadəyə uduzub geri qayıdır (yolüstü ziyarət etdiyi Nizaminin uçuq-sökük məqbərəsilə bağlı “Ey Şeyx Nizami, ey nizamı dağılan” rədifli məşhur şeiri də həmin uğursuz səfərin məhsuludur).

 

Nikbini – əhvalının yaxşı dəmlərində qələmə aldığı lətifələrlə:

 

“Bir gün bir xan məclisdə dedi ki, hər kim öz övrətindən narazıdırsa, ayağa dursun. Hamı ayağa durdu, bir şəxs isə qalxmadı.

 

Xan dedi: - Məgər sən övrətindən razısan ki, ayağa qalxmadın?

 

O cavab verdi ki, yox, sənə fəda olum, bu gün övrətim qıçıma elə vurubdur ki, qalxa bilmirəm”.

 

“Qarabağlı Talıb xan, nağıl edirlər ki, bir gün şikara getmişdi. Bir qırqovul tutmuşdu. Axşam mülazimlərinə dedi ki, siz bu qırqovulu buxarıda şişə çəkib bişirin, mən yorulmuşam, bir qədər yatım, durub yeyəcəyəm.

Talıb xan yatdı. Nökərlər qırqovulu bişirdilər, özləri yedilər. Şişi boş buxarının yanına söykədilər. İki-üç saatdan sonra Talıb xan xabi-qəflətdən bidar oldu, dedi ki, gətirin qırqovulu.

Nökərlər hamı şəhadət verdilər ki, ağa, sən qırqovulu yedin, yatdın. Talıb xan dedi ki, doğrudur: çünki ciyərim çox yanır, məlum ki, yemişəm, yatmışam. Bəs bir qədər su verin”.

Dünyasını düz yüz otuz il bundan əvvəl dəyişsə də, “Aləmdə səsim var” bəyanı hələ də aktiv olan bu şairimizə qəni-qəni rəhmət!..

 

Tahir ABBASLI

 

Mədəniyyət.- 2018.- 13 iyul.- S. 11.