Beynəlxalq Musiqi Təhsili Cəmiyyətinin konfransında “Türk sessiyası”

 

İyulun 17-də Beynəlxalq Musiqi Təhsili Cəmiyyətinin (İSME) 33-cü Dünya konfransı Azərbaycan Milli Konservatoriyasında “Türk sessiyası” adlı tədbirlə işini davam etdirdi.

Azərbaycan Milli Konservatoriyasının prorektoru Lalə Hüseynova çıxış edərək qonaqları salamladı. Sonra çıxış üçün söz mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyevaya verildi.

Sevda Məmmədəliyeva ölkəmizdə belə bir mötəbər tədbirin keçirilməsinin əhəmiyyətini vurğulayaraq qeyd etdi ki, bu gün Azərbaycanda müxtəlif xalqlar sülh və əmin-amanlıq içərisində yaşayırlar, ölkəmiz sivilizasiyalararası və mədəniyyətlərarası dialoqa öz töhfəsini verməkdədir. Azərbaycan eyni zamanda mədəni müxtəlifliyi və zənginliyi ilə tanınır, bir çox beynəlxalq tədbirlərə ev sahibliyi edir. O cümlədən ənənəvi olaraq keçirilən beynəlxalq musiqi festival və müsabiqələri Azərbaycanda musiqi sənətinə göstərilən diqqət və qayğının bariz nümunəsidir. Beynəlxalq Musiqi Təhsili Cəmiyyətinin Dünya konfransının Bakıda keçirilməsi həm də ölkəmizin dünya mədəniyyətinə növbəti töhfəsidir.

Vurğulandı ki, Azərbaycanda musiqi sahəsinin inkişafına dövlət tərəfindən hər zaman xüsusi diqqət ayrılıb. Hələ ötən əsrdə respublikamızda musiqi təhsilinin üçpilləli modeli həyata keçirilməyə başlanıb: uşaq musiqi məktəbi, orta ixtisasali məktəb. Bu model müasir dövrdə də öz əhəmiyyətini itirməyib. Prezident İlham Əliyevin müvafiq sərəncamları musiqi təhsilinin inkişafına geniş zəmin yaradır. Mədəniyyət Nazirliyi sistemində 210  təhsil müəssisəsi fəaliyyət göstərir. Bu məktəblərdə musiqinin bütün ixtisasları üzrə tədris aparılır. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın bu sahəyə məxsusi qayğısı var. Azərbaycanda xüsusi istedada malik uşaq və gənclər üçün mükafatlar təsdiq edilib.

Nazir müavini əlavə etdi ki, musiqi təhsili insanın şəxsiyyət kimi formalaşmasına, analitik təfəkkürünün inkişafına müsbət təsir edir. O, ümidvar olduğunu bildirdi ki, Beynəlxalq Musiqi Təhsili Cəmiyyətinin bu konfransı musiqi sahəsində əlaqələrin gücləndirilməsi, musiqi sahəsində aktual problemlərin həllinə öz töhfəsini verəcək.

Tədbirdə çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov qeyd etdi ki, musiqi insanın şəxsiyyət olaraq formalaşması və mədəni səviyyəsinin yüksəlməsində mühüm faktordur. Bu baxımdan Azərbaycanda musiqiyə və musiqi təhsilinə xüsusi diqqət yetirilir. Ölkəmizdə incəsənət yönlü aliorta ixtisas məktəbləri fəaliyyət göstərir, 9 ali təhsil ocağında 10 musiqi ixtisası üzrə kadrlar hazırlanır. Musiqi məktəblərində 3 mindən çox tələbə təhsil alır. Diqqətə çatdırıldı ki, müsəlman Şərqində ilk konservatoriya 1920-ci ildə Azərbaycanda yaradılıb. Ötən illər ərzində ölkəmizdə musiqi təhsili sahəsində bir neçə nəsil kadrlar yetişib.

Tədbirdə daha sonra Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral, Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti Siyavuş Kərimi, TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Türkiyədəki Abant İzzet Baysal Universitetinin professoru Uğur Alpaqut, Beynəlxalq Musiqi Təhsili Cəmiyyətinin rəhbəri Li Higgins, Türkiyə Musiqi Təhsili Dərnəyinin rəhbəri Rəfiq Saydam, professor Ali Uçan, Avropa Təhsil Cəmiyyətinin sədri Yerhart Sammer çıxış edərək konfransın Bakıda keçirilməsini yüksək qiymətləndirdilər.

Vurğulandı ki, tədbirin “Türk sessiyası” adlandırılması heç də əbəs deyil. Belə ki, zəngin türk musiqi mədəniyyəti çoxdan bəri tədqiqat obyekti kimi alimlərin diqqətini cəlb edir. Tədqiqatçılar hər bir müasir türk mədəniyyətinin  özünəməxsusluğu ilə yanaşı, onların genetik qohumluğu ilə də qarşılaşırlar. Lakin XX əsrdə türkdilli xalqların ənənəvi musiqi sənəti bir-birindən xeyli ayrılmış müxtəlif musiqi mədəniyyətləri təsiri bağışlayıb. Bu baxımdan da konfrans çərçivəsində birgə əməkdaşlığa və araşdırmalara ehtiyac duyulur.

Çıxışlardan sonra Milli Konservatoriyanın tələbələrinin ifasında Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət konsert proqramı təqdim edildi.

Ardınca konfransİnstrumentalvokal ifaçılığında tədris”, “Musiqi ifaçılığında sağlam həyat tərzi”, “Türk musiqisində ahəng və makam məsələləri”, “Klassik türk musiqisində üslub” mövzularında panel iclasları ilə işini davam etdirdi. Musiqişünasların, musiqi tədrisi üzrə mütəxəssislərin, beynəlxalq ekspertlərin məruzələri dinlənildi.

 

Lalə AZƏRİ

 

Mədəniyyət.- 2018.- 18 iyul.- S. 4.