Kitabxanalar arasında əməkdaşlıq
İyulun
12-də Bakı Şəhər Mədəniyyət Baş
İdarəsi Yasamal rayon MKS-nin mütəxəssisləri ADA
Universiteti kitabxanasının iş təcrübəsi ilə
tanış olublar.
Kitabxananın
direktoru, texnika üzrə fəlsəfə doktoru Elçin Məmmədov
həmkarlarına öz fəaliyyətləri barədə ətraflı
məlumat verib.
Bildirilib ki, ADA Universitetinin kitabxanası müasir texnologiyalar infrastrukturuna malikdir. Kitabxana ABŞ-ın Konqres
Kitabxanası və Amerika Kitabxana Assosiasiyasının standartları
bazasında fəaliyyət
göstərir. Burada bütün
informasiya proseslərinin
avtomatlaşdırılması və inteqrasiyasını
dəstəkləyən “Millennium” Kitabxana Menecment Sistemi tətbiq edilir.
Hazırda kitabxananın əsas
fondunu ingilis, Azərbaycan, rus və s. dillərdə olan 44 min nüsxədən
çox resurslar təşkil edir. Oxucular 500 mindən çox elektron kitabdan, müxtəlif tammətnli
elmi dövri mətbuat bazalarından istifadə edir. Kitabxanada istifadəçilərin
ixtiyarında 40 kompüter
var. ADA kitabxanası dərs
sessiyaları zamanı
həftədə 68 saat,
yay tətilləri zamanı isə həftədə 45 saat açıqdır.
Görüş zamanı ADA Universiteti kitabxanası və Yasamal rayon MKS arasında kitab mübadiləsi və əməkdaşlıq
haqqında ilkin razılıq əldə edilib. MKS-nin kitabxanaçıları
ADA Universiteti kitabxanasının
toplu kataloqundan istifadə edə biləcəklər.
Mədəniyyət.- 2018.- 18 iyul.- S. 9.