Milliliklə bəşəriliyi
birləşdirən fenomen
Bakıda Çingiz Aytmatovun 90
illiyinə həsr olunan elmi
konfrans keçirilib
İyulun 13-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda dünya şöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun 90 illiyinə həsr olunan “Çingiz Aytmatov: milliliklə bəşəriliyi birləşdirən fenomen” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Azərbaycan Milli Kitabxanasının təşkil etdiyi Çingiz Aytmatovun kitab və fotolarından ibarət sərgi ilə tanış olublar.
Tədbirdə AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli yazıçının yaradıcılığının milli və bəşəri keyfiyyətlərindən bəhs edib. Bildirilib ki, Çingiz Aytmatov Azərbaycanda sevilən, əsərləri dilimizə tərcümə edilərək dəfələrlə nəşr olunan yazıçılardandır. Onun əsərləri ötən əsrin 60-cı illərindən ömrünün sonunadək dünyanın hər yerində böyük rəğbət görüb və bu gün də məhəbbətlə oxunmaqdadır. Yazıçını bəşəri problemlər düşündürsə də, yaratdığı obrazlar tarixi yaddaşın daşıyıcısı olub.
Akademik bildirib ki, Çingiz Aytmatov Azərbaycana səfərlərindən hər zaman xüsusi qürur duyub. Ümummilli lider Heydər Əliyev onun yaradıcılığını hələ ötən əsrin 60-cı illərindən başlayaraq yüksək qiymətləndirib. Çingiz Aytmatov isə ulu öndərin türk dünyasının qüdrətli lideri olduğunu dəfələrlə yazılarında, müsahibələrində qeyd edib. O, həmçinin Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə görülən işləri türk dünyasının böyük nailiyyəti hesab edib.
Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un baş katibi Düsen Kaseinov türk dünyasının böyük yazıçısı Çingiz Aytmatovun 90 illiyinin geniş şəkildə qeyd olunduğunu deyib. O, diqqətə çatdırıb ki, 2018-ci il TÜRKSOY tərəfindən “Çingiz Aytmatovun xatirə ili” elan edilib.
Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) baş katibi Altınbek Mamayusupov Çingiz Aytmatovun yerli dəyərlərə və mədəniyyətə böyük önəm verdiyini, cəmiyyətin mənəvi və etik dəyərlərinə söykənən əsərlər yaratdığını söyləyib, onun türk dünyasının mədəni irsinin tanınmasında rolunun danılmaz olduğunu bildirib. O, Prezident İlham Əliyev tərəfindən Çingiz Aytmatovun “Dostluq” ordeni ilə təltif edilməsini ədibin yaradıcılığına yüksək qiymət kimi dəyərləndirib.
Milli Məclisin deputatı, yazıçı Hüseynbala Mirələmov görkəmli yazıçı ilə görüşlərindən danışıb və xatirələrini bölüşüb.
Rusiyanın Əməkdar elm xadimi, professor Vladimir Aqenosov, “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan, Bakı Yunus Əmrə İnstitutunun direktoru Cihan Özdemir, Azərbaycanda Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin direktoru Əhməd Sami Əl-Aydi, AZƏRTAC-ın Orta Asiya və Pakistan üzrə müxbiri Qulu Kəngərli və digər çıxış edənlər Çingiz Aytmatovun dünya ədəbiyyatına verdiyi dəyərli töhfələrdən danışıblar. Vurğulanıb ki, Çingiz Aytmatov sözün əsl mənasında bəşəri yazıçıdır.
Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov bildirib ki, Çingiz Aytmatov qırğız xalqının dünya mədəniyyətinə bəxş etdiyi dahi yazıçıdır. Onun əsərləri müxtəlif dillərə tərcümə edilərək dünyanın hər yerində böyük sevgi və məhəbbətlə oxunur. Ədibin “Əlvida, Gülsarı”, “Dəniz kənarı ilə qaçan alabaş”, “Gün var əsrə bərabər”, “Edam kötüyü” və digər əsərləri ona böyük şöhrət gətirib.
Konfransda Rusiya Beynəlxalq Münasibətlər
İnstitutunun dosenti
Abuzər Bağırovun, filologiya elmləri
doktoru, professor Leyla Gərayzadənin, filologiya
elmləri doktoru Elnarə Akimovanın, filologiya üzrə fəlsəfə
doktorları Nərgiz Cabbarlının, Mehman
Həsənin ədibin yaradıcılığı ilə
bağlı məruzələri dinlənilib.
Mədəniyyət.- 2018.- 18 iyul.-
S. 10.