Seyri-gülzarda bihudə nəyim var mənim...”

 

Azərbaycanın ilk qadın xanəndəsi Mirzə Güllər muğamlarımızın mahir ifaçısı kimi tanınıb

 

Əsl sənət əbədiyaşardır. Zamanın məngənəsindən çıxaraq yaşayan sənət. XIX əsrin II yarısı-XX əsrin əvvəllərində yaşamış ilk azərbaycanlı peşəkar qadın xanəndə Mirzə Güllərdən qalan yeganə yadigar səsidir. Özü haqqında məlumat isə yox dərəcəsindədir.

Görkəmli yazıçı, ədəbiyyatşünas alim Əzizə Cəfərzadənin 1987-ci ildə qələmə aldığı “Bir səsin faciəsi” romanı xanəndənin taleyinə işıq tutan azsaylı mənbələrdədir. Əsərdə Azərbaycanın keçmiş Cavad-Qaradonlu bölgəsi (indiki Salyanİmişli rayonları) ərazisində baş verən hadisələrə, ailə-məişət məsələləri fonunda isə Mirzə Güllərin həyatına nəzər salınır. Bədii əsərdən savayı, xanəndə haqqında ilk dolğun məlumatla təsadüf nəticəsində rastlaşdım. Səid Rüstəmovun yaradıcılığına dair Bəstəkarlar İttifaqının kitabxanasındakı nəşrləri gözdən keçirərkən musiqişünas Vəli Məmmədovun xanəndə barədə topladığı məlumatlarla tanış oldum.

 

 Mirzə Güllər kim idi?

 

Mirzə Güllər mənəvi əzab və təzyiq altında sevimli peşəsini çətinliklə də olsa, davam etdirən, elin şadlıq mərasimlərində sönməz eşq ilə oxuyan sənət fədaisi, özünü oda atan pərvanə. O, zamanında qadınların məclislərdə çadrasız görünməsi yasaq olduğuna görə kişi paltarında çıxış etmişdir. 1890-cı illərdən Şamaxıda xanəndəlik etmiş, Mirzə Məhəmmədhəsənin yaradıcılığından bəhrələnmişdir. Onun səsi-sorağı Azərbaycanın digər bölgələrinə də gedib çatmış, el məclislərində iştirak edərək həzin avazı ilə könülləri oxşamışdır.

Xanəndə “Şur”, “Mahur-hindi”, “Rast”, “Segah”, “Heyratı-Kabili”, “Bayatı-Şiraz”, “Bayatı-Qacar” muğamlarını xüsusi məlahətlə oxumuşdur. Zəmanənin haqsızlığı gənc qızı ata evindən, doğma yurdundan didərgin salsa da, onun qəlbində közərən sənət yanğısını söndürə bilməmişdi. Xanəndəlik etdiyinə görə atası Gülləri öldürəcəyi ilə hədələyir və gənc qız gecə ilə evdən qaçıb yaxınlıqdakı kəndə pənah aparır.

Onun acı taleyindən bəhs edən əsərdə oxuyuruq: “Bir bahar gecəsində evdən çıxan gənc qız Kürlə Arazın qovuşduğu səmtə yeyin-yeyin addımlayırdı. Qəlbində təlaş, fikrində qovğa dolaşan gənc qız doğma Cavaddan baş götürüb gedirdi. Qəlbində sənət eşqi, fikrində doğma atasının əli ilə qətlə yetirilmək xofu, qardaşının paltarlarını geyinib gecəyarısı doğma elindən perik düşən kəndinin nəğməkar qızı Güllər yolda rastlaşdığı misgərlərə özünü Mirzə adı ilə təqdim edir, sənət beşiyi olan Şamaxıya yol alır”.

Bu hadisə təxminən 1890-91-ci illərə təsadüf edir. Öz ailəsindən kənar düşən, adı dillər əzbəri olan xanəndə sonradan dəfələrlə ailəsinə yaxınlaşmaq, ata-anasına baş çəkmək istəsə də, onun arzusu doğmaları tərəfindən rədd edilmişdi.

Xanəndənin ilk məskunlaşdığı məkan Şamaxının Sarıtorpaq məhəlləsi olmuşdu. Kimsəsiz, “çöpçü qadın”ın evində kirayə qalan Güllər sonradan həmin qadının evində ona övladlıq etmişdir. O, kişi paltarı geyinər, başına buxarı papaq qoyardı. Özünə sazəndə dəstəsi düzəldən Mirzə Güllər Şamaxı ilə bərabər ətraf kəndlərin də məclislərini idarə edərdi.

V.Məmmədovun “Muğam, söz, ifaçı” kitabında 1918-ci ildən Kürdəmirdə yaşayan əslən şamaxılı olan 90 yaşlı Hacı Məhəmmədəli oğlu Məmmədovun xatirələrində deyilir: “Mirzə Güllər qonşumuzçöpçü arvad”ın evində yaşayardı. O, zaman 8-9 yaşım vardı. Evin qabağında iri bir qarağac vardı. Güllər yay vaxtı bu ağacın kölgəliyində oturardı. Biz uşaq yaşımızla gedib doqqazın balaca qapısını açıb ona tamaşa edərdik. Bir az əvvəl doqqazdan kişi paltarında girən xanəndənin evdən qadın paltarında həyətə çıxdığını görəndə təəccüblənirdik”.

Kitabda xanəndə ilə bağlı xatirəsini bölüşən Göyçay sakini, əslən şamaxılı olan Məşədi Kazım Abdullayev isə belə deyir: “1898-ci ildə Mirzə Gülləri qonşumuz, başmaqçı usta İbadın toyunda görmüşəm. 25-30 yaşında olardı. Xanəndəlikdə ad çıxarmışdı. Tarzəni Mirzə Səlim, balabançısı Əli idi. O vaxt musiqiçilər yerdə oturardılar. Güllər kişi qiyafəsində idi. Əynində vəznəli çuxa, altından qırçınlı arxalıq, döş cibində zəncirli saat, başında buxarı papaq var idi. Ortaboylu, yaraşıqlı adam idi. O, “Bayatı-Qacar”, “Şur”, “Çahargah” muğamlarını, xalq mahnılarını təsirli oxuyardı”.

Mənbədə xanəndənin dövründə onunla bir məclisdə iştirak edən, ifalarını eşidən insanlar qeyd edirlər ki, Mirzə Güllər hansı toyda olardısa, o məclis şən və gur olardı. Məlahətli səsi, gözəl ifası məclisdəkiləri sehrləyərdi. 1912-15-ci illərdə toyunu Mirzə Güllər idarə etmiş Cəfər Zərbəliyevin kitabda yer alan fikirləri: “Mirzə Güllər sədəfli qavalını qaldıraraq lap kişi xanəndələr kimi zəngulə vurur, təsirli qəzəllər oxuyurdu. Özünü çox ağır, təmkinli aparırdı. Saçı oğlan kimi kəsilmişdi. Ona Mirzə deyəndə xoşu gəlirdi”.

 

Sərhədləri aşan səs

 

Qeyd edək ki, xanəndənin səsi o dövrdə nəinki Şirvandan, hətta Cənubi Qafqazın mədəni mərkəzi sayılan Tiflisin gur məclislərindən də gəlirdi. Şərqşünas alim Yusif Ziya Şirvani 1914-cü ildə Tiflisdə Mirzə Güllərin apardığı toy məclisi haqqında xatirələrini danışarkən xanəndənin tar-kamanın müşayiəti ilə zövqlə oxuduğunu vurğulayıb.

1914-cü ildə Kiyevdə “Monarx-Rekord” səsyazma şirkətində Mirzə Güllərin ifasında bir neçə muğam və mahnılar qrammofon valına yazılmışdır. Həmin vallardan biri Azərbaycan Respublikasının Dövlət Arxivində qorunur. Bu valda xanəndənin ifasında “Mirzə Hüseyn” segahı və bir xalq mahnısı yer alıb.

Əzizə Cəfərzadənin “Bir səsin faciəsi” romanı bu sonluqla tamamlanır: “Günlərin bir günündə Qaradonluda bir qarı peyda oldu. Murad ağanın qapısına gəlib Qonçabəyimlə Murad ağanı soruşdu. Hər ikisinin bir neçə il əvvəl dünyasını dəyişdiyini biləndə darvazanın önündəcə diz çöküb hönkür-hönkür ağladı. Nökərlər onu evə dəvət etsələr də, gəlmədi. Heç kəsin tanımadığı bu qadın Azərbaycan dolusu şöhrət sahibi Güllər idi. Hara üz tutacaqdı? Cavad vilayətinəmi? Kimi qalmışdı orada? Doğma anası Reyhan sağ idimi, görəsən? Anası da çoxdan köçmüşdü bu dünyadan, öz bircəsindən xəbərsiz, yaralı köçüb getmişdi. Bu yaşında gen dünyada onun heç kəsi yox idi. Bütün bunları dərk edən Mirzə Güllər qəbiristana üz tutur. Səhər kəndin camaatı qəbiristana gələndə bir qarının Murad ağa ilə Qonçabəyimin qoşa qəbrinin arasında bükülü qaldığını görürlər. El yığılıb qadını dəfn edir. Yasin, fatihə oxudurlar. Başdaşına ad yaza bilmədilər. Heç kəsin tanımadığı qadının adını bilən yox idi...”.

Amma Mirzə Güllər mahir ifaları ilə öz adını Azərbaycan muğam ifaçılığı salnaməsinə yazdırdı - əbədi yaşamaq üçün...

 

Lalə AZƏRİ

 

Mədəniyyət.- 2018.- 18 iyul.- S. 12.