Azərbaycanın dünya şöhrətli sənətkarının xatirəsinə böyük ehtiram

 

Ukraynanın paytaxtında Müslüm Maqomayev adına parkın və müğənninin abidəsinin açılışı keçirilib

 

İyulun 18-də Kiyev şəhərinin mərkəzində dünya şöhrətli müğənni və bəstəkar, Azərbaycanın və SSRİ-nin Xalq artisti Müslüm Maqomayev adına parkın və sənətkarın möhtəşəm abidəsinin təntənəli açılış mərasimi olub.

Mərasimdə Azərbaycan və Ukraynanın mədəniyyət nazirləri Əbülfəs QarayevYevgeni Nişuk, Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Kiyev Şəhər Dövlət Administrasiyası rəhbərinin müavini Aleksandr Spasibko, xarici ölkələrin Ukraynadakı səfirləri, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, SSRİ Xalq artisti Fərhad Bədəlbəyli, Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov, Azərbaycan Dövlət Akademik Filarmoniyasının direktoru, Xalq artisti Murad Adıgözəlzadə, media təmsilçiləri, çoxsaylı şəhər sakinləri iştirak ediblər.

Əvvəlcə nazirlər Əbülfəs QarayevYevgeni Nişuk, Aleksandr Spasibko və Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev parkın rəmzi açılışını bildirən lenti kəsiblər.

Qonaqları salamlayan səfir Azər Xudiyev bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı və tövsiyəsi əsasında şəhərin mənzərəli yerində belə bir park salınıb.

“Səfirlik Ukrayna ərazisində bir neçə bu cür istirahət parklarının salınması üçün işlərini davam etdirəcək. Azərbaycan mədəniyyətini, tarixini dünyada tanıdan nüfuzlu şəxslərin adlarını daşıyan parkların yaradılması xalqımızın milli, mənəvi dəyərlərinin necə zəngin olduğunun göstəricisidir”, - deyə o əlavə edib.

Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayev mərasimdə çıxış edib. Kiyevin mərkəzində belə bir parkın açılmasının tarixi hadisə olduğunu qeyd edən nazir bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə bu mərasimdə ölkəmizdən böyük nümayəndə heyəti iştirak edir.

Bu park kiyevlilər və şəhərin qonaqları üçün gözəl istirahət məskəni olacaq. Parkda Müslüm Maqomayevin heykəli şəhərə xüsusi gözəllik verir. Müslüm Maqomayev dünya xalqlarının sevimlisi olub”, - deyə Əbülfəs Qarayev vurğulayıb.

Müslüm Maqomayevin Azərbaycanın dünya şöhrətli musiqiçisi olduğunu, ecazkar vokal ifaçılığı ilə milyonların qəlbini fəth etdiyini vurğulayan Ukraynanın mədəniyyət naziri çıxışında deyib ki, o, bir çox xalqların sarsılmaz mədəni əlaqələrinin təcəssümüdür. Yevgeni Nişuk bildirib ki, Müslüm Maqomayev bütün dünya mədəniyyətinə məxsus ifaçıdır.

Şəhər Administrasiyası rəhbərinin müavini Aleksandr Spasibko çıxışında bu cür ecazkar parkın kiyevlilərin əsl istirahət yerinə çevriləcəyinə inandığını bildirib. O qeyd edib ki, şəhər rəhbərliyi Azərbaycan səfirliyinin irəli sürdüyü bu cür layihələrə həmişə dəstək olmağa hazırdır.

Heykəlin müəllifi soydaşımız, tanınmış heykəltəraş, Ukraynanın Xalq rəssamı Seyfəddin Qurbanovdur. O, çıxış edərək Müslüm Maqomayev kimi dahi şəxsiyyətin heykəlinin müəllifi olduğu üçün özünü xoşbəxt saydığını bildirib.

Çıxışlardan sonra parkda məşhur müğənninin heykəli üzərindəki örtük götürülüb.

Tədbir Azərbaycan, Ukrayna, Özbəkistan və digər ölkələrin incəsənət xadimlərinin çıxışları ilə davam etdirilib.

Daha sonra Kiyev Milli Musiqi Akademiyasında Müslüm Maqomayevin xatirəsinə həsr olunan “Sən mənim nəğməmsən!” adlı konsert keçirilib.

Qeyd edək ki, park layihəsi Azərbaycanın Ukraynadakı səfirliyinin təşəbbüsü və dəstəyi ilə ölkəmizin “ALTE” İnşaat, sənaye və ticarət” Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilib.

Park Azərbaycan Prezidenti İlham Əliyevin Müslüm Maqomayevin 75 illik yubileyinin keçirilməsi haqqında sərəncamından irəli gələrək salınıb. Park Kiyevin V.Çernovol prospektiS.Streltsov küçəsinin kəsişməsində yerləşir.

 

Mədəniyyət.- 2018.- 20 iyul.- S. 3.