“Əkinçi” qəzeti xalqımızın milli oyanışında böyük rol oynayıb

 

Azərbaycan milli mətbuatı şərəfli yol keçib. Bu yolu üç dövrə bölmək olar. Birinci dövr 1875-ci il iyulun 22-də Həsən bəy Zərdabinin əsasını qoyduğu “Əkinçi” qəzeti ilə başlayır. “Əkinçi” qəzetinin nəşri bütün Qafqazda əks-səda doğurub. “Əkinçi” qəzeti xalqımızın milli oyanışında, milli birliyinin möhkəmlənməsində böyük rol oynayıb.

Bu sözləri Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli iyulun 19-da paytaxtın Suraxanı rayonundakı Heydər Əliyev Mərkəzində Azərbaycan milli mətbuatının yaranmasının 143 illiyi münasibətilə ölkənin media nümayəndələrinin rayon ictimaiyyəti ilə görüşündə deyib.

Azərbaycan mətbuatının tarixindən bəhs edən Vüqar Səfərli qeyd edib ki, “Əkinçi”dən sonra – XIX əsrin axırlarıda “Ziya”, “Kəşkül”, “Kaspi” qəzetləri nəşrə başlayıb. XX əsrin əvvəllərində “Şərqi-Rus”, “Həyat”, “Açıq söz”, “Azərbaycan” kimi demokratik ruhlu, milli qayəli qəzetlər meydana çıxdı.

Bildirilib ki, mətbuat tariximizin inkişafında növbəti mərhələni sovet dövrü əhatə edir. Bu dövrdə, bütün ideoloji-siyasi reallıqlara rəğmən, mətbuatımız zəngin inkişaf yolu keçib.

Milli mətbuat tarixində üçüncü mərhələni müstəqillik dövrü əhatə edir. Vurğulanıb ki, 1993-cü ildə ulu öndərin hakimiyyətə gəlişindən sonra mətbuatın inkişafında mühüm dəyişikliklər baş verdi, söz, fikir azadlığının qorunması sahəsində əsaslı irəliləyişlərə şərait yaradıldı. Qanunvericilik bazası təkmilləşdirildi. “2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üzrə tədbirlər Proqramı” təsdiq olundu. Bu gün ölkədə KİV-lərin fəaliyyətinə dövlət dəstəyi daha da artıb, bu sahədə çalışanlar üçün hərtərəfli şərait yaradılıb. Prezident İlham Əliyev Azərbaycan mətbuatına, mətbuat işçilərinə xüsusi diqqət və qayğı göstərir. 2013 və 2017-ci illərdə dövlətimizin başçısının iştirakı ilə istifadəyə verilən iki binada ümumilikdə 400-dən çox jurnalist mənzillə təmin edilib. Dövlət başçısı tərəfindən təməli qoyulan üçüncü binanın tikintisi davam edir.

Digər çıxış edənlər media nümayəndələrini peşə bayramı münasibətilə təbrik ediblər.

Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyəti və Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə təşkil etdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırılıb.

 

Mədəniyyət.- 2018.- 20 iyul.- S. 3.