Azərbaycan Ukrayna ilə yeni layihələrin icrasında maraqlıdır

 

Biz Azərbaycanın mədəniyyət sahəsində uğurlu təcrübəsindən öyrənirik”

 

Azərbaycan Ukrayna ilə mədəniyyət sahəsində yeni layihələrin icrasında maraqlıdır və buna dəstək verməyə hazırdır.

Bu fikri Kiyevdə səfərdə olan Azərbaycanın mədəniyyət naziri Əbülfəs Qarayev Ukraynanın mədəniyyət naziri Yevgeni Nişuk ilə görüşündə söyləyib.

Nazir bildirib ki, Azərbaycanla Ukrayna arasında mədəni, humanitar və digər sahələrdə əməkdaşlıq inkişaf edir.

“Xalqların mədəniyyətlərinin mübadiləsi olduqca önəmlidir. Kiyevin mərkəzində Müslüm Maqomayev adına parkın salınması və orada onun heykəlinin qoyulması Azərbaycanla Ukrayna arasında mədəniyyətlərin mübadiləsinə çox gözəl bir örnəkdir”, - deyə Əbülfəs Qarayev əlavə edib.

Nazir vurğulayıb ki, il ərzində Azərbaycan və Ukrayna mədəniyyət sahəsində onlarla birgə layihə həyata keçirir. Bunların sayını artırmaq olar.

Ukraynanın mədəniyyət naziri Yevgeni Nişuk iki ölkənin strateji tərəfdaş olduğunu vurğulayıb. O, Ukrayna-Azərbaycan münasibətlərinin dinamik inkişaf etməsindən məmnunluğunu ifadə edib.

“Azərbaycan mədəniyyət sahəsində çox uğurlu layihələr həyata keçirir. Biz bu təcrübədən öyrənirik və birgə layihələrin həyata keçirilməsinə hazırıq”, - ukraynalı nazir əlavə edib.

 

Mədəniyyət.- 2018.- 20 iyul.- S. 4.