Göygöldə Turistik Məlumat İdarəetmə Sisteminin açılışı olub

 

Bu, multikultural mədəni irsimizin önəmli bir hissəsi kimi Azərbaycandakı alman izlərinin qorunub saxlanılması və təbliği istiqamətində növbəti addımdır”

İyulun 17-də Göygöl rayonunda Turistik Məlumat İdarəetmə Sisteminin açılış mərasimi keçirilib.

Göygöl Regional Muzeyində gerçəkləşən tədbirdə Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Rafiq Bayramov, Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov, Almaniyanın ölkəmizdəki səfiri Mixael Kindsqrab, Berlin Humboldt Universitetinin  Azərbaycan tarixi kafedrasının müdiri, professor xanım Eva Maria Aux, digər qonaqlar iştirak edib.

Mərasimdə çıxış edən mədəniyyət nazirinin müavini Rafiq Bayramov Göygöldə səyahət-yol göstəriciləri sisteminin yaradılması istiqamətində xoşməramlı fəaliyyətə görə Almaniyanın Azərbaycandakı səfirliyinə öz minnətdarlığını bildirib. Qeyd edib ki, Azərbaycan və alman xalqları hələ iki əsr öncə sülhdostluq şəraitində birgəyaşamın modelini yaradaraq, ümumbəşəri tolerantlıq anlayışına töhfələr veriblər: “200 il əvvəl Şərqə, Cənubi Qafqaza üz tutmuş alman icmasının ölkəmizdəki tarixi-mədəni izlərinin qorunub saxlanılması və tanıdılması məqsədilə Azərbaycan rəhbərliyinin təşəbbüsü ilə bir sıra işlər həyata keçirilib. Bu gün multikultural mədəni irsimizin önəmli bir hissəsi kimi Azərbaycandakı alman izlərinin qorunub saxlanılması və təbliği istiqamətində növbəti uğurlu addım atılır”.

Nazir müavini Cənubi Qafqazda alman məskənlərinin salınmasının 200 illik yubileyinin yüksək səviyyədə qeyd olunması ilə bağlı Prezident İlham Əliyevin 30 avqust 2016-cı il tarixli sərəncamını xatırladıb. Qeyd edib ki, sərəncamın icrası ilə əlaqədar çoxsaylı tədbirlər gerçəkləşib. O cümlədən Göygöl şəhərində alman icmasının sonuncu nümayəndəsi olmuş Viktor Klaynın yaşadığı evdə muzey təşkil edilib, muzeyin sahəsi genişləndirilib, bərpa və konservasiya işləri həyata keçirilib. Eyni zamanda Forerlərin yaşadığı evdə Göygöl Tarix-Diyarşünaslıq Muzeyi təşkil olunub, bərpa-konservasiya və tərtibat işləri görülüb. Yubileylə əlaqədar sərgilər təşkil olunub.

Həmçinin Cənubi Qafqazda alman icmasının məskunlaşmasının (1817) 200 illiyi Azərbaycan, Gürcüstan və Almaniyanın birgə təşəbbüsü ilə UNESCO-nun yubileylər proqramına salınıb, UNESCO səviyyəsində tədbirlər keçirilib.

Rafiq Bayramov sonda bir daha qarşılıqlı maraq və birgə səylər nəticəsində iki ölkə arasında mədəni əlaqələrin yüksələn xətlə inkişaf etdiyini bildirib.

Almaniyanın ölkəmizdəki səfiri Mixael Kindsqrab Azərbaycanda alman mədəni irsinə göstərilən diqqət və qayğıdan danışıb. Turistik Məlumat İdarəetmə Sisteminin açılışının əhəmiyyətindən danışan səfir bildirib ki, iki ölkə arasında, digər sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də möhkəm əlaqələr var.  Bu münasibətlərin daha da gücləndirilməsi istiqamətində görülən işlərin davam etdiriləcəyi vurğulanıb.

Rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov çıxış edərək bildirib ki, iki dövlət arasındakı tarixi dostluq ənənələrinin davam etdirilməsi nəticəsində almanların Azərbaycandakı evləri, Bakı, Göygöl və Şəmkirdəki lüteran kilsələri, digər alman memarlıq nümunələri olan tikililər qorunub saxlanmaqdadır.

Daha sonra Almaniya Xarici İşlər Nazirliyinin mədəniyyətin qorunması proqramı əsasında Göygöl şəhərinin tarixini turistik olaraq cəlbedici etmək üçün hazırlanmış yol nişanları, məlumat lövhələri və stendlərin qurulması konseptinə baxış olub.

Turistik yol göstəricilərinin quraşdırılması” layihəsi barədə xanım Eva Maria Aux tərəfindən edilən təqdimatdan sonra seçilmiş lövhə və stendlərin açılışı ilə əlaqədar gəzinti təşkil olunub.

Daha sonra Göygöl şəhərindəki lüteran kilsəsində “Azərbaycan memarlığında alman irsi” kitabının təqdimatı keçirilib. Müəllif Elçin Əliyev tərəfindən imzalanmış kitablar qonaqlara hədiyyə edilib.

Qeyd edək ki, iki əsr əvvəl Azərbaycana gələn almanlar ilk olaraq Helenendorf koloniyasını (indiki Göygöl şəhəri) yaradıblar. Sonralar alman icması böyüyübyeni yaşayış məskənləri salınıb. SSRİ ilə Almaniya arasında müharibənin başlamasından sonra, 1941-ci ilin avqustunda Stalin rejiminin qərarı ilə Cənubi Qafqazda, o cümlədən Azərbaycan SSR ərazisində yaşayan alman vətəndaşlar Mərkəzi Asiyaya sürgün olunub.

 

Mədəniyyət.- 2018.- 20 iyul.- S. 5.