Günnüt xalçalarının təqdimatı

 

İyulun 18-də Naxçıvan Dövlət Xalça Muzeyində Günnüt xalçalarının təqdimatı olub.

Tədbirdə Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Natəvan Qədimova çıxış edərək bölgədə xalçaçılıq sənətinin inkişafı istiqamətində ardıcıl tədbirlər görüldüyünü deyib.

Qeyd edilib ki, 1998-ci ildə yaradılan Naxçıvan Dövlət Xalça Muzeyi 2010-cu ildə yeni bina ilə təmin olunub. Muzeyin 2013-cü ildə üç dildə internet saytı istifadəyə verilib.

AMEA Naxçıvan Bölməsinin sədri İsmayıl Hacıyev bildirib ki, Naxçıvanda xalça sənətinin tarixi olduqca qədimdir. O, son illər Naxçıvan xalçaçılıq sənəti ilə bağlı ərsəyə gələn nəşrlərin əhəmiyyətini xüsusi qeyd edib.

“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin sədri Vidadi Muradov deyib ki, Günnüt kəndi Azərbaycanın qədim yurd yerlərindən biridir. Tarixən bu kəndin yerləşdiyi ərazidə oğuz türkləri yaşayıblar. Bunu son günlər aşkara çıxardığımız Günnüt xalçaları da sübuta yetirir. “Azərxalça” dünya muzeylərində, şəxsi kolleksiyalarda, eləcə də ölkəmizdə şəxsi kolleksiyalarda saxlanılan qədim və nadir Azərbaycan xalçalarını aşkara çıxarıb ictimaiyyətə təqdim edir. Naxçıvanda toxunan tarixi xalçaların aşkara çıxarılması istiqamətində də axtarışlar aparırıq.

Bu günə qədər Naxçıvanın 69 kəndindən 254 xalçaçı haqqında məlumatlar toplanılıb. Tədqiqatların nəticəsi kimi, Azərbaycan, ingilisrus dillərində “Naxçıvan xalçaçıları”, “Naxçıvan xalçaçılığı: ənənə və müasirlik” kitabları, 6 dildə “Azərbaycan xalçaları – Naxçıvan qrupubroşürü nəşr olunub, “Naxçıvan xalçaları” sənədli filmi hazırlanıb.

Şərur rayonunun Günnüt kəndindən olan xalçaçı Solmaz Məmmədova çıxış edərək deyib ki, kəndimizdə əsrlərlə yaşı olan qədim xalça nümunələri olub. Hər il kənddə yüzlərlə xalça toxunardı. 26 il əvvəl ermənilər Günnüt kəndini işğal etdikdən sonra sakinlər Şərur rayonunun digər kəndlərində məskunlaşdılar. Kəndimiz işğalda olsa da, günnütlülər öz qədim adət-ənənələrindən uzaq düşmədilər. Günnüt kəndinə məxsus zəngin mədəni irsi, xüsusilə də xalçaçılıq sənətini qoruyub saxladılar. Bu ilin may ayında Günnüt kəndi işğaldan azad olundu. Biz günnütlülər öz ata-baba yurdumuza qovuşmuşuq. Əzəli yurd yerimizə qovuşmağın sevincini yaşamaqla yanaşı, həm də xoşbəxtik ki, kəndimizin adətləri, ənənələri də özünə qaytarıldı.

Sonra Günnüt xalçalarına və muzeyin ekspozisiyasına baxış olub.

Məlumat verilib ki, “Azərxalça” tərəfindən vaxtilə Günnüt kəndində toxunmuş 6 ədəd xovlu və xovsuz xalça, xalça məmulatı aşkarlanıb. Bu xalçaların üzərində qədim oğuz türklərinə məxsus naxışlar öz əksini tapıb. Xalçalar XIX əsrin sonlarına və XX əsrin əvvəllərinə aiddir.

 

Mədəniyyət.- 2018.- 20 iyul.- S. 9.