Süni intellekt
dövründə incəsənət
Bəşəriyyətin son yüzillikdə əldə etdiyi elmi nailiyyətlər və texniki tərəqqi insanların həyatını, məişətini əsaslı şəkildə dəyişdirdi. Bir zamanlar sırf hərbi məqsədlər üçün yaradılmış texnoloji yeniliklər qısa zaman kəsiyində mülki sahədə də tətbiq olunmağa başlandı. Yeni texnologiyalar və texnika birinci növbədə insanların əl əməyini yüngülləşdirir, mürəkkəb texnoloji prosesləri daha sadə və təhlükəsiz edirdi. Həyat elm və texnika qarşısında yeni-yeni suallar qoyur. Bu gün nəhəng korporasiyalar robotlara üstünlük verməklə, əmtəənin maya dəyərini aşağı salmaqla, öz mənfəətlərinin daha da artmasına can atırlar. Robotlar, artıq nəinki ağır sənayedə, hətta kənd təsərrüfatında, xidmət və iaşə sahələrində insanları əvəz edir.
Robotların müxtəlif sahələrdə tətbiqi, habelə, robot texnikasının inkişafı və statistikası ilə məşğul olan Beynəlxalq Robototexnika Federasiyası (İnternational Federation of Robotics) qeyri-hökumət təşkilatı 1987-ci ildə yaradılmışdır. Baş qərargahı Almaniyanın Frankfurt şəhərində yerləşən bu təşkilatın internet saytında robotların tətbiqi ilə əlaqədar statistik məlumatlar mütəmadi olaraq təzələnir. 2016-cı ildə sənaye robotlarının satışında 16% artım olmuşdur ki, bu da son 4 ildə ən yüksək göstəricidir. Dünya regionları üzrə robotların satışında Cənub-Şərqi Asiya ölkələri liderdir. 2016-cı ildə dünyada sənaye robotlarının təchizatı üzrə (87 min ədəd) Çin lider olmuşdur. Son illərdə bir çox transmilli şirkətlər pilotsuz avtomobillərin istehsalı ilə məşğul olurlar.
Beləliklə, robotların sürətli inkişafı sənayedə yüksək keyfiyyət və kəmiyyətə nail olmaqla yanaşı, bəşəriyyət üçün müxtəlif problemlər yaratmağa başlamışdır. İnsanlar işsiz qalır, əhalinin qida və dolanacaq problemləri artır. Gələcəkdə robotların sənayenin bütün sahələrində insanları sıxışdırıb kənarlaşdıracağı ilə bağlı alimlərin proqnozları artıq özünü doğrultmaqdadır.
“Alibaba Qroup” korporasiyası Direktorlar şurasının sədri Djek Ma bu il Davos Dünya İqtisadi Forumunda çıxış edərkən robot texnikasının bəşəriyyətə yaradacağı problemlərlə bağlı maraqlı fikirlər səsləndirmişdir. Robot sənayesinin sürətlə inkişaf etdiyi bir zamanda gələcək nəsillərə verə biləcəyimiz təhsillə bağlı suala cavab verərkən o, gələcək nəsillərə robotlarla mübarizə aparmağın çətin olacağını bildirmişdir: “Robotlar bütün sahələrdə insanları sıxışdırır. Övladlarımıza verə biləcəyimiz təhsil sadəcə biliklərlə məhdudlaşa bilməz. Biz övladlarımızın unikal bacarıqlara yiyələnməsinə nail olmalıyıq. Onlara daha çox musiqi, rəngkarlıq öyrətməliyik. Çünki incəsənət insana fərqli düşünməyi öyrədir”.
İnformasiya texnologiyalarının inkişafı, sənayedə tətbiqinin genişlənməsi, həmçinin incəsənətə də öz təsirini göstərir. İnformasiya texnologiyalarının təsiri və tətbiqi ilə ənənəvi növlərlə yanaşı, yeni sənət sahələri də yaranır və sürətlə inkişaf edir. Rəqəmsal rəngkarlıq, elektron musiqi, qrafik dizayn və bu kimi sənət sahələri bütövlüklə texnologiyalardan asılıdır. Müxtəlif kompüter texnikası və müvafiq proqram təminatı olmadan bu sənətlərin fəaliyyəti mümkünsüzdür.
Teatrda video mapping, kinoda
isə motion capture kimi
texnologiyalar incəsənətə
yeni üfüqlər
açır. Bütün bunlara baxmayaraq,
incəsənət ümumilikdə
yeni texnologiyalardan azaddır. Yeni texnologiyalardan istifadə
etmədən də teatr tamaşası qurmaq, hər hansı pyesi yüksək bədii zövqlə tamaşaçıya
çatdırmaq olar.
Sadəcə bir karandaşın köməyi
ilə ağ
kağız üzərində
heyrətamiz sənət
əsərləri yaratmaq
da mümkündür.
Ağıl və hislərin
köməyi ilə rəssam boş kətan üzərində
müxtəlif rənglərdən
istifadə etməklə
rəngkarlıq nümunəsi
yaradır.
Son zamanlar yüksək
texnologiyaların inkişaf
etdiyi ölkələrdə
robot rəssamlar yaranmağa
başlamışdır. Müxtəlif sistemlərlə təchiz
olunmuş bu robotlar bir çox
rəsm texnikalarında
rəsmlər işləyirlər.
Hətta
rəssam robotların
əsərlərindən ibarət
sərgilər və müsabiqələr də
geniş məşhurluq
qazanıb. Lakin xüsusi
proqramlaşdırma ilə
çalışan robot rəssamlar
proqramın imkanlarından
kənara çıxa
bilmir və yalnız proqramın imkanları daxilində hərəkət edir.
Beləliklə, kiborq rəssamlar
insanların intellektinə
uduzur.
2017-ci ilin sentyabrında
İtaliyanın Piza şəhərində I Beynəlxalq
Robototexnika Festivalının
bağlanış konsertində
İsveçrənin ABB şirkətinin
istehsalı olan “Yumi” adlı robot dirijor orkestri idarə etdi. Robota dirijorluq
etməyi tanınmış
dirijor Andrea Kolombini öyrətmişdi. Altı dəqiqəlik
əsəri idarə etməyi öyrənmək
üçün ona
17 saat lazım olmuşdu. Lakin buna baxmayaraq
dirijor hesab edir ki, robot insanı əvəz edə bilməz, çünki improvizasiya etmək xüsusiyyəti yoxdur. Konsert zamanı tempin
azacıq da olsa dəyişməyi
robot üçün uğursuzluqla
nəticələnə bilərdi.
İncəsənətin robotlar qarşısında
ən böyük gücü də məhz bundan ibarətdir. Nəzərə almaq lazımdır
ki, robotlar konkret əməliyyatları
yerinə yetirmək üçün proqramlaşdırılır.
Əlbəttə ki, robototexnika
yüksək sürətlə
inkişaf edir və istehsalçıların
əsas məqsədlərindən
biri robotların müstəqil düşünmə
qabiliyyətinin inkişafına
nail olmaqdır. İncəsənət ağıldan başqa, həm də hislərlə yarandığına
görə robotlar bu sahədə insana uduzur. Beləliklə, alimlərin böyük
əksəriyyətinin ortaq
fikri bundan ibarətdir ki, incəsənət robotların
işğal edə bilməyəcəyi yeganə
sahədir.
Elşad ƏLİYEV,
sənətşünaslıq üzrə fəlsəfə
doktoru,
AMEA Memarlıq və İncəsənət
İnstitutunun əməkdaşı
Mədəniyyət.- 2018.- 20 iyul.- S. 10.