...Həm də
Söz fatehi
“Söz vardır
kəsdirər başı, Söz vardır kəsər
savaşı...” söyləmiş Şah İsmayıl Xətai...
Bir ömürdə
iki Şahlıq yaşayıb bu azman; birini qüdrətli
dövlət şərəfinə qadir
Qılıncı,
digərini fəzilətli qəlblər nəfinə nadir Qələmi
ilə.
Birinciyə necə “tələsmişdi”sə, hər ikisindən (dünyanı da nəzərə alsaq, üçündən) eləcə tezliklə getməli “olmuşdu”.
“Yol daşını yol quşuna - Atma, qardaş, kərəm eylə” kimi bir “rəiyyət” ürəyilə banisi olduğu 235 illik Səfəvilər dövlətinin ilk on dörd ilinə şahlıq, taxt-tacınadək yalnız dil-ağızlarda işlənən Azərbaycan türkcəsinin sənədlərdə də işlədilməsinə fərmandarlıq!..
Bəşəriyyətin intellekt fenomenlərindən hesab edilən Karl Marksın: “Səfəvilər xanədanının banisi Şah İsmayıl on dörd illik hakimiyyəti dövründə on dörd əyalət fəth etmişdi” sözlərilə də (“ikili” məna daşısa belə) qiymətləndirilmiş bu bənzərsiz Qılınc və Qələm fenomeni 1487-ci il iyulun 17-də hələ ovaxtların “taylar”sız Azərbaycanının Ərdəbil şəhərində doğulub.
Çox qısa ömürlü bu böyük ümummilli Zatın yaşadığı keşməkeşli həyat dramı ilə tanış olduqca, xəyal və təsəvvürlərdə qeyri-adi (gah real, gah irreal) hekayətlər də canlanır. Onlardan biri də belə ki, ata tərəfdən də (şöhrətli Şeyx Səfiəddin nəslinə mənsub Şeyx Cüneyd, Şeyx Heydər), ana sarıdan da (Ağqoyunlu hökmdarı Uzun Həsən, Sultan Yəqub) köklü-köməcli bir şəcərəyə malik İsmayıl “öz əli-öz başı” çağlarınadək, daha çox, “bəxt-tale” valideynliyi himayəsində böyüyüb...
Onun haqqında yazılmış (və hələ çox yazılası) tədqiqati, elmi-populyar, ədəbi-publisistik məhsullar (xüsusən, S.Mümtaz, H.Araslı, A.Rüstəmova, M.Qasımlı və başqalarının araşdırmaları) içərisində ən müxtəsəri və sırf filolojisi hesab etdiyim bu yazımın vəsf predmeti onun o iki görəvi içrə daha kütləvi, daha əbədiyaşar və büsbütün qəlbanə olan –
QƏLƏMi...
Ustad Füzulinin məşhur: “Xəlqə ağzın sirrini hər dəm qılır izhar söz, Bu nə sirdir kim, olur hər ləhzə yoxdan var söz” beyti ilə başlanan qəzəli ədəbiyyatımızda SÖZ haqda deyilmiş şah Söz hesab edilir. Lakin nəzərə alınmalıdır ki, Şah Xətai aşağıdakı bəndləri ondan öncə söyləyib:
Sözünü
bir söyləyənin
Sözünü
edər sağ, bir söz.
Pir nəfəsin
dinləyənin
Yüzünü
edər ağ, bir söz.
Söz vardır
kəsdirər başı,
Söz vardır
kəsər savaşı,
Söz vardır
ağulu aşı
Bal ilən edər
yağ, bir söz...
Öz qılıncı ilə on dörd ölkənin küll-ixtiyar sahibi olmuş bu qüdrətli Zatın müdrik qələmi yazırdı:
Xətai, işin
düşər,
Gəliş-gedişin
düşər,
Dişləmə
çiy loxmanı,
Yerinə
dişin düşər...
Bunu da qeyd edək ki, millətini çox hərbi-siyasi xətalardan qurtarmışımızın məhz “Xətai” təxəllüsü götürməsi silsilə fəthlər səfərlərinin birində Peyğəmbər səhabəsi (İmam Əli dəstəsinin ilk şəhidi) Hürrün məzarını açdırması ilə bağlı; bir hökmdar kimi yol verdiyi bu xətanı bir ədib olaraq “yuyacağı” ehtimal-amacı ilə...
Məzardan söz düşmüşkən, onun öz qəbri böyük siyasət və hökmdarlığa ilk addımlar atdığı Ərdəbildədir.
Deməli, azman hərbi-siyasi cismaniliyinin başlanğıcı və sonu konkret bir şəhərdə, böyük ədəbiyyati varolma sonsuzluğu isə qurub-yaratdığı Bütöv Azərbaycanda!..
Bir hökmdar kimi mərdlik, cəsurluq, səxavət, ədl-mürvət, doğruçuluq keyfiyyətləri yerli və əcnəbilərin yazdığı saysız-hesabsız (rəsmi, tədqiqati, ədəbi-bədii) qaynaqlarda, dahi bir ədiblik məharəti, istedadı isə (ərəb-fars dillərinin regional hegemonluğu dövründə) öz ana dilində yazıb-yaratdığı şeirlərində! Məsələn;
Niyazmənd ol
müdam yol içrə doğru,
Ki surət təbdil
edib olma oğru.
Yəqin bil, doğruluq dost qapusudur,
Həqiqət aləminin
tapusudur.
Bu
şairanə hökmdar-hökmdaranə şairi özünə
mənəvi rəhbər, “mürşidi-kamil” sayan,
ucaldığı insanlıq mərtəbəsinə yetmək,
yolunda canından keçmək istəyən minlərlə
müasiri içərisində hökmdara yazılı
müraciətini: “Mürşidi-kamilim, Şeyx oğlu
şahim, Bir ərzim var qulluğuna,
şah, mənim!” misraları ilə başlayan ulu Aşıq
Qurbani də olub.
Siyasət-sərkərdəlik
fəaliyyəti və ədəbi
yaradıcılığında özünə örnək
bildiyi ünlü hökmdar və gözəl şair Qazi
Bürhanəddin və Avropada belə “Böyük Sufi” kimi
tanınan “poeziya hökmdarı” İmadəddin Nəsimi kimi
qüdrətli isimlərlə sələf-xələflik
mühitində pərvəriş tapan İsmayılın məlum
əxlaqi-mənəvi keyfiyyətlərə malik olması təbii
idi və bu sifətlər onun əsərlərində də əks
olunurdu. Ölüm-dirim savaşlarında öz qılınc əli
ilə tökdüyü qanların Vətən, xalq əmin-amanlığı
naminə olduğunu anlasa belə, öz qələm dili ilə
bəndələrə:
Sufi isən, alıb-satma,
Halalına haram qatma,
Yolun əgrisinə getmə,
Doğru yola nəzər eylə -
deyir,
Tanrıya isə aqil bəndə təvazökarlığı
ilə – bu qədər adil hökmdar ola-ola, – bir qul mərtəbəsində
xitab edir:
İki əlim qızıl qanda,
Çox günahlar vardır məndə,
Ya İlahi, kərəm səndə
–
Düzgün qula nəzər eylə...
Bu “mürşidi-kamil”, təbii ki, bütün dövrlər,
hakimiyyətlər nəsnələrinin “tərkib hissələri”ndən
olan mənfi olay-epizodlarla da çox üzləşməli və
öz sərt münasibətini bildirməli olub. Və... onun o olaylara dair bir
şah kimi rəsmi-qanuni qərarları tarixin
qaranlıqlarına gömülsə də, şair kimi “Bu
yolun yolçusu olayım dersən, Əldə iki qarpız
tutmalı degil”, “Namərd bağçasında qönçə
gül olmaz, Kamil ilə yoldaş olan yorulmaz”, “Şah Xətaim,
edim bu sirri bəyan, Kamilmidir cahil sözünə uyan?” “qətnamə”ləri hələ də (və əbədən)
parlamada!
Dövrünün
ən ayıq, intellekt şəxslərindən olmuş,
farsdilli və türkdilli ədəbiyyat-incəsənət,
islamiyyət çevrəsində mükəmməl təhsil
və təlim-tərbiyə almış, ətrafının
gözündə son dərəcə “yuxarı” hesab edilən
bu “seçilmişlər seçilmişi” idarəçilikdə
olduğu kimi, bədii yaradıcılıqda da özünəməxsus
idi. Bu özünəməxsusluğun nüvəsində
xalqaməxsusluq – ümumişlək ifadə ilə desək,
xəlqilik dururdu. Klassik (hər cür
qayda-qanunlu) üslubda tarixi “brend”-nümunələr
yaratmış bu şair öz qabil qələmini,
coşğun qoşmalarını müdam xəlqiliyə
çəkib. Həmin şeirlərin əsas hədəfi,
baş müsahibi əllərilə süfrələri bərəkətləndirib,
döyüşləri qələbələndirənlər,
vaxt-bivaxt danışdıqları sözlərlə
yığnaqları canlandırıb ana dilimizin “dövlət”iləşməsinə
hər an rəvac verənlərdir:
Kamal əhli ilə olgil müsahib,
Ki ondan mərifət kəsb et əcaib.
Özünbilməz ilə durma,
oturma,
Ömür zaye keçər, əqlin
itirmə…
Bu
şair tək elə “didaktik”lik etmir, yeri gəldikcə,
qıpqısa bir ömürdə oxuduğu kitablar,
qayğı-qaynarında olduğu hadisələr, əməllərlə
“qocalmış” əqli ilə çox müdrik kəlamlar, fəlsəfi
qənaətlər də saçırdı:
Gəlib ixlas ilə yola gedənin
Zərrəcə
könlündə güman gərəkməz.
Sil, süpür qəlbini, evin pak eylə,
Mömin aynasına duman gərəkməz.
Vaxtının
çoxunu dövlət taxtına işlətsə də,
çox uca, zəngin bir irs qoyub gedib bu pir
olmuşumuz. Bir-birindən gözəl əruz,
heca, epik, lirik nümunələr saçıb –
qılıncıtək kəsərli, qəlbi kimi munis qələmindən.
Bu nümunələr sevgi “gizlinlərilə” bərabər,
döyüş açıqlarında da söylənib;
qızılbaşları qəhrəmanlığa da səsləyib,
cismani-mənəvi gözəlliyə, saflığa, sədaqətə
də. Bu misralar, böyük dünya və özgür
duyumlu bir müəllif bağrından qopduğu
üçün, mənsub olduğu xalqa dünyəviliklə
bahəm, əbədi azadlıq ruhu, əxlaq-əqidə
duyğuları da aşılayıb:
...Dərindir bizim dəryamız,
boylanmaz,
Ər kişi
iqrarsız yola bağlanmaz,
Qolları qoynunda yürüyüb
gedər...
* * *
Neylərəm ol cənnəti,
içində dildar olmasa?!
Qoy onu viranə qalsın –
bağçada bar olmasa...
* * *
Bahar oldu ki, aləm gülşən
oldu,
Gözün aç, gör cahan nə
rövşən oldu.
* * *
Qızıl gül, bağü
bustanım, nə dersən?
Fəda olsun sənə canım, nə
dersən?
Qərarü səbrü aramım
tükəndi,
Kəsildi külli-fərmanım,
nə dersən?
Xətai can ilə çün səni
sevdi,
Sevən ölsünmü,
sultanım, nə dersən?
Ulu sərkərdə-şairimizin aşağıda
oxuyacağınız bir bəndlik nəzmini bir-iki abzaslıq
nəsri şərhlə təqdim etməli oluram. Belə ki, ali
duyğularından biri də “nəfsinəqaliblik” olan,
“öldür nəfisini, şeytandan arıt!” deyən bu kamil
bəndə bütün keyfiyyətlərilə öz zamandaşlarını
heyrətə gətirib. Məsələn,
“Tarixi-cahanarayi-Şah İsmayıl Səfəvi”
xronikasından: “O Həzrət (Şah İsmayıl)
mübarizə meydanında qılınc vuran bir pələngə,
şadlıq məclisində gövhər yağdıran
buluda bənzəyirdi. Səxavətinin
çoxluğundan onun nəzərində taməyarlı saf
qızıl ilə qiymətsiz qara daş arasında fərq
yox idi. Ali himmətli olduğundan, dəniztək
xəzinələr belə onun bir günlük bəxşişinə
çatmazdı. Buna görə də xəzinəsi
çox vaxt boş olardı...”
Beləliklə;
İman əhli isən, ey can, vəleykin
Ki, cismü canü dildə
dutmagil kin.
Budur sözüm sana,
məndən əmanət,
Könül yıxma, vəli eylə
imarət...
Bu insan bir şah kimi xalqdan toplanan yatırı da Vətənin
gələnəkləri naminə xalqa qaytarır, bir şair
kimi ondan öyrəndiklərini də. Xalq: “Yaxşılıq et,
at dəryaya, balıq bilməsə də, Xaliq bilər” deyib,
Xətai isə:
Sən eylik et,
durma, əldən gəldikcə,
Desinlər: xalq bilməzsə, Xaliq
bilə...
Yazı boyu vurğuladığım nüanslardan biri də
bu şairin hər şeydə özünəməxsusluğu. Və bunlardan
biri onun qəzəl predmetləri içərisində
üstünlük verdiyi mətləblər. Bəli,
klassik şairlərimizin mövzu hədəfi (realizm aşiqi
Mirzə Fətəli demişkən) “gül-bülbül”,
“can-canan” ikən, Xətai yazırdı:
Ey könül, sidqilǝ hǝr kim şah ilǝ yoldaş ola,
Yüz gǝrǝk
döndǝrmǝyǝ hər necə kim,
yoldaş ola.
Yolu gǝr daş ola,
gǝr yay ola, gǝr oxü-qılınc,
Mürşidindǝn dönǝnin
mǝnidǝ ismi laş ola.
Qul gǝrǝk tanıda öz
doğruluğun hǝq yoluna,
Etiqaddan azmaya gǝr bayü, gǝr
qǝllaş ola.
Ey Xǝtai, sidqilǝ bu şah
ǝyağinǝ gǝlǝn,
Aqibǝt bir gün gümansız
xǝlq içindǝ baş ola...
Deyək
ki, hələ uşaqlıqdan, insanı bərkidib-sərvaxtlandıran
təlim-təmrinlərə (ov, idman, cıdır və s.)
böyük həvəsi, rəssamlıq, xəttatlıq,
mütaliə (Uzun Həsənin məşhur Təbriz
kitabxanası bünövrəsində yaratdığı yeni
tipli zəngin kitabxanadan hətta qonşu ölkələrin
alimləri də istifadə edirdilər) vurğunu olmuş,
döyüşlər zamanı sənət adamlarını
xüsusi mağarada cəmlətdirib xata-bəladan qorumuş,
tamahdan tamamilə xali, ləyaqətdə uca, hər tür
gözəlliyə məftun, daim xeyirxah işlərə can
atıb, şər-şəbədədən uzaq duran,
gözəl səsilə “bərbəd” alətində
çalıb-oxuyan bir Şahın tarixdə “iki qardaş
qırğını” kimi təfsir edilən məlum
döyüşdə (həm də “qardaş-qardaş” mahiyyətinə
görə, əvvəlkilərdən az əzmlə
hazırlaşması səbəbilə) Qılınc məğlubiyyətli
sonu gözlənilən idi...
Lakin onun
Qələm qalibiyyəti əbədi!..
Tahir ABBASLI
Mədəniyyət.- 2018.- 20 iyul.-
S. 12.