“Məhəllə teatrı”ndan başlanan sənət yolu

 

Görkəmli səhnə adamı, Əməkdar incəsənət xadimi Əhməd Qəmərlinski Azərbaycan teatrında çoxsaylı obrazların usta ifaçısı kimi xatırlanır. Filmlərdə də rol alan sənətkar eyni zamanda dramaturgiya sahəsində fəaliyyət göstərib.

Əhməd Haşım oğlu Məlikov (Qəmərlinski) 1880-ci ildə Bakıda anadan olub. Atası tacir idioğlunu ziyalı kimi görmək istəyirdi. Əhmədi on yaşında İçərişəhərdə Mirzə Cavadın molla məktəbinə qoyur. Uşağın iti zəkası və çalışqanlığı Mirzə Cavadın xoşuna gəlir. Yaxşı gələcəyi olacağına inanır və atasına təklif edir ki, onu türk-rus məktəbinə qoysun. Əhməd burada da yaşıdlarından fərqlənir. Daha sonra müəllimlərinin təşəbbüsü ilə görkəmli maarifçi, teatr təşkilatçısı Sultanməcid Qənizadənin məktəbində təhsilini davam etdirir. Məktəbdə gələcəyin məşhur səhnə xadimləri Hüseyn Ərəblinski və Mirmahmud Kazımovski ilə birgə oxuyur.

Bu dövrdən onda səhnə sənətinə maraq yaranmağa başlayır. O, ilk dəfə 1907-ci ildə “Məhəllə teatrı truppası”nda Nəcəf bəy Vəzirovun “Adı var, özü yoxpyesinin tamaşasında Cənnətəli obrazında səhnəyə çıxır. Daha sonra 1909-cu ildə bu roluNicat” cəmiyyətinin nəzdindəki teatr truppası ilə də oynayır. Gənc aktyor tamaşaçılar arasında Əbdürrəhim bəy Haqverdiyevin “Pəri cadu” əsərində İblis (Şeytan) rolu ilə daha çox tanınır. Hətta onun 1912-ci ildə bu rolda şəkli əks olunan afişalar da hazırlanır.

Teatrşünas, professor İlham Rəhimli araşdırmasında yazır ki, 1919-cu ildə Bakıda teatr truppalarının birləşməsi nəticəsində Dövlət Dram Teatrı yaradılan zaman Əhməd Məlikov da aktyor truppasına qəbul olunur. O, 1921-1924-cü illərdə bu teatrda işləməklə bərabər, həm də Bakı Türk Azad Tənqid-Təbliğ Teatrında fəaliyyət göstərir.

Bəs necə olur ki, aktyor “Qəmərlinski” təxəllüsü ilə tanınır? İ.Rəhimlinin tədqiqatlarından bəlli olur ki, ona bu təxəllüsü Hüseyn Ərəblinski verib. Belə qeyd edilir ki, teatrın kollektivi Qəmərli kəndində qastrolda olur. Səfər başa çatır və geri dönərkən Hüseyn Ərəblinski ona “Qəmərlinski” təxəllüsünü götürməyi təklif edir. O da dostunun sözündən çıxmır. Beləliklə, aktyor həmin vaxtdan “Əhməd Qəmərlinski” kimi tanınmağa başlayır. 

Əhməd Qəmərlinski səhnədə rəngarəng rollar ifa edib. Bu sırada aktyorun canlandırdığı Bayram, Mirzə Həbib (“Xırs quldurbasan”, “Lənkəran xanının vəziri” - M.F.Axundzadə), Namiq paşa, Şükrü paşa, İzzət paşa (“Ədirnə fəthi” və “Trablis müharibəsi” - C.Cabbarlı), Mirzə Mehdi xan (“Nadir şah Əfşar” - N.Nərimanov), Dursunəli (“Dursunəli və ballıbadı” - S.Qənizadə), Rüstəm bəy (“Məşədi İbad” - Ü.Hacıbəyli), BrabansioKassio (“Otello” - U.Şekspir), Zöhhak (“Dəmirçi Gavə” - Ş.Sami), Şpigelberq (“Qaçaqlar” - F.Şiller) və s. obrazlar tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Sənətkar 1938-1939-cu illərdə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında fəaliyyət göstərir. Burada Rüstəm bəy, Kəblə Qubad (“Məşədi İbad”, “Ər və arvad” - Ü.Hacıbəyli) və digər rollarda seyrçilərin rəğbətini qazanır.

Görkəmli aktyorun istedad və bacarığı səhnə sənəti ilə məhdudlaşmayıb. O, “İsmət”, “Almaz”, “Səbuhi” bədii filmlərinə də çəkilib.

Əhməd Qəmərlinski dramaturq kimi də tanınıb. Onun “Tamahkarlıq, yaxud cavanlar məişəti”, “Rüstəm və Söhrab”, “Tufani-Kərbəla”, “Məkri-zənən”, “Eşq və məhəbbət”, “Məktəb”, “Ziyarət nəticəsi”, “Maymaq”, “Vətən uğrunda”, “Partizan oğlu”, “Alman köpəyi”, “Oxumayacağam”, “Qazı”, “Evdar Abbas”, “Bəhlul Danəndə”, “Molla Zaman”, “Usta Qəni”, “YusifZüleyxa”, “Tahir və Zöhrə”, “Uşaq duası”, “Arşın malı” vodevilləri, məzhəkələri, pyesləri və təbdilləri var. Müəllifin Molyerdən etdiyi “Zorən təbib” təbdili daha məşhurdur.

Səhnə sənətindəki xidmətləri yüksək qiymətləndirilən Əhməd Qəmərlinski 1940-cı ildə Əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb. 9 mart 1952-ci ildə dünyasını dəyişib.

 

Savalan FƏRƏCOV

 

Mədəniyyət.- 2018.- 20 iyul.- S. 13.