Muzeydə qonaq

 

Şuşa haqqında film çəkməyə hazırlaşan Mişel İvor Üzeyir Hacıbəylinin ev-muzeyini ziyarət edib

 

Üzeyir Hacıbəylinin ev-muzeyi hər zaman qapılarını gələn ziyarətçi-qonaqların üzünə açmışdır. Ölkəmizdə keçirilən müxtəlif beynəlxalq tədbirlərdə iştirak edən xarici vətəndaşlar, qonaqlar şəhərimizlə tanış olarkən Bakı muzeylərini, o cümlədən Üzeyir bəyin ev-muzeyini ziyarət edirlər. Muzeyin budəfəki qonağı  Belçikanın “Qafqaz İnterfeysi” təşkilatının rəhbəri Mişel İvor oldu.

Qafqaz İnterfeysi” təşkilatı 23 iyul 1993-cü ildə Ermənistanın işğalı nəticəsində Ağdamdan məcburi köçkün düşən sakinlərin hekayəsindən bəhs edən “Ağdam. 5 fraqment” adlı sənədli film çəkmişdir. Mişel İvor 15 il öncə Qarabağ müharibəsi və Qarabağ tarixi ilə maraqlanmağa başlamış, 2003-cü ildə Qafqaza səfərlərindən birində Qarabağda olmuşorada Ağdamı tamamilə dağıdılmış vəziyyətdə görmüşdür. Bütün bu gördüklərindən sonra o, baş verən bu hadisələri, işğal haqqında məlumatı Avropaya çatdırmaq üçün bir filmin daha yaxşı vasitə olduğunu düşünmüşdür. 2016-cı ilin 11 fevral tarixində filmin Brüsseldə keçirilən təqdimatında çoxlu sayda tamaşaçı – diplomatik missiyaların, səfirliklərin, qeyri-hökumət təşkilatlarının nümayəndələri, araşdırmaçı və alimlər iştirak etmişdi.

Filmdə yurdundan məcburi köçkün düşən insanların vətənə dönmək üçün sonsuz arzuları, duyğuları əks etdirilmişdir.

M.İvorun muzeyə gəlişi, ümumiyyətlə, Bakıya budəfəki səfəri də önəmli məqsəd daşıyır. O bu dəfə Şuşa haqqında film çəkmək niyyətindədir və bu məqsədlə də müxtəlif məkanları gəzərək araşdırmalar aparır.

Ü.Hacıbəylinin ev-muzeyiöz növbəsində ekspozisiya zallarının qapılarını qonağın üzünə açdı. Qonağı ekspozisiya ilə muzeyin direktoru – bəstəkar, Əməkdar incəsənət xadimi Sərdar Fərəcov tanış etdi. Ü.Hacıbəyliyə və ailəsinə məxsus əşyalarla yanaşı, böyük şairə, xan qızı Xurşudbanu Natəvana məxsus əşyalar – stolüstü güzgü, orijinal fotoşəkil və Fransa imperatoru Napoleon Bonapartın mərmərdən hazırlanmış stolüstü büstü qonağın marağına səbəb oldu. Şairəyə məxsus bu əşyaların Ü.Hacıbəylinin ev-muzeyində olması heç də təsadüfi deyildir. Üzeyir bəyin ailəsi ilə X.Natəvanın ailəsini çox sıx dostluq əlaqələri bağlayırdı və şairənin nəticəsi Leyla Usmiyeva bu yadigarları muzeyə hədiyyə etməyi özünə borc bilmişdir. O xatırlayırdı ki, Napoleonun büstü (fransız heykəltəraşı Barref tərəfindən 1853-cü ildə hazırlamışdır) böyük qayğı ilə onun atası evində qorunub saxlanılırdı. 1858-ci ildə fransız yazıçısı Aleksandr Düma Qafqaza səyahət edərkən Xurşudbanu Natəvanla görüşür və bu görüşün yadigarı kimi şairəyə mərmərdən hazırlanmış həmin büstü hədiyyə edir.

Muzeyin direktoru S.Fərəcov qonağı həmçinin Azərbaycanın görkəmli rəssamı Mikayıl Abdullayevin çəkdiyi məşhur “Xeyir-dua” əsəri ilə də tanış etdi. Bu əsərdə  1896-cı ildə təhsil almağa yollanan Ü.Hacıbəylini X.Natəvanın Quranın altından keçirərək xeyir-dua verməsi təsvir olunmuşdur. M.İvor bu əsərin fotoreproduksiyasını bir kitabda gördüyünü bildirdi. Lakin qeyd etdi ki, canlı seyr etmək daha dərin təəssürat bağışlayır. Daha sonra o, Üzeyir bəyin doğulub boya-başa çatdığı Şuşada yerləşən evlərinin maketi ilə tanış oldu. Çox incə və hər bir detalı maraqla işlənmiş bu əsərə qonaq uzun-uzadı diqqətlə tamaşa edərək, sanki Qarabağda olarkən gördükləri ilə bu evi-maketi təsəvvüründə bir araya gətirməyə çalışırdı.

Bakıda dəfələrlə olsa da, muzeyimizdə ilk dəfə olduğunu qeyd edən M.İvor muzeyin hər bir otağında məlumatları diqqət və maraqla dinlədikdən sonra muzeyin rəy kitabında öz təəssüratını bölüşdü. O bu heyrətamiz muzeydə olmasından və dolğun məlumatlar əldə etməsindən çox sevindiyini, məmnun olduğunu qeyd etdidirektor S.Fərəcova dərin təşəkkürünü bildirərək muzeydən ayrıldı.

Ümid edirik ki, M.İvorun Şuşa haqqında çəkəcəyi filmdə Ü.Hacıbəylinin ev-muzeyində gördükləri və aldığı təəssüratlar öz əksini tapacaqdır.

 

Aytən HEYDƏROVA,

 

Üzeyir Hacıbəylinin ev-muzeyinin baş mühafizi

 

Mədəniyyət.- 2018.- 20 iyul.- S. 15.