Yaponiya rəssamların gözü ilə”

 

“Azərkitab” Kitab Təbliğatı Mərkəzində Azərbaycan Rəssamlar İttifaqı, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi və “Sakura” Azərbaycan-Yaponiya İctimai Birliyinin dəstəyi ilə “Yaponiya rəssamların gözü ilə” adlı sərgi keçirildi. Layihə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunub.

Tədbiri layihənin rəhbəri, Azərbaycan Rəssamlar İttifaqının üzvü Elnurə İsgəndərova açaraq sərgi haqqında bilgi verdi.

Xalq rəssamı, professor Ağəli İbrahimov belə tədbirlərin başqa xalqların mədəniyyətinin yaxından öyrənilməsində ayrıca rol oynadığını bildirdi.

Sakura” Azərbaycan-Yaponiya İB-nin sədri Təranə Hüseynzadə, Yaponiyanın Azərbaycandakı səfirliyinin elm və mədəniyyət üzrə təmsilçisi Uçıdape SakiYaponiyadan gəlmiş qonaqlar sərgi haqqında təəssüratlarını bildirdilər və iki dövlət arasında belə gözəl tədbirlərin davamlı olmasını arzuladılar.

Tədbirin təşkilatçısı Aygün İsgəndərova sərgiyə 150-dən çox rəssamın əl işlərini təqdim etdiyini, onlardan yalnız 100 rəsmin nümayiş olunmaq üçün seçildiyini vurğuladı.

Tədbirdə sərginin iştirakçısı olan gənc rəssamlara diplomlar və “Salam, Yaponiya” jurnalı təqdim edildi.

Mərasim maraqlı bədii proqramla yekunlaşdı. Əməkdar artist, skripkaçı Səlim Abbasovun ifasında yapon və Azərbaycan musiqiləri səsləndirildi.

 

S.Qaliboğlu

 

Mədəniyyət.- 2018.- 20 iyul.- S. 16.