“Azərbaycan kitablarının Türkiyədə yüksəlişi”

 

Sabah” qəzeti ədəbiyyatımızın təbliği layihəsindən bəhs edib

 

Türkiyənin 400 min tirajla çap olunanSabah” qəzetinin iyul ayı üzrə kitab əlavəsində “Azərbaycan kitablarının Türkiyədə yüksəlişi” adlı yazı dərc edilib.

Məlumatda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Türkiyədə fəaliyyət göstərən “Zəngin Yayınçılıq” şirkətinin birgə əməkdaşlığı ilə ikinci ildir həyata keçirilən “Azərbaycan kitabının dünyada tanıdılması” layihəsindən söz açılıb.

Bildirilib ki, layihə çərçivəsində şirkət tərəfindən 20 ay ərzində 13 ədəbi əsər və 20 nağıl kitabı türk dilinə tərcümə olunaraq 200 minə yaxın oxucuya çatdırılıb.

Qeyd edilir ki, layihənin məqsədi Azərbaycan yazarlarını və onların əsərlərini Türkiyədə tanıtmaqla iki ölkə xalqının tarixi və mədəni əlaqələrini ədəbiyyat sahəsində daha da möhkəmləndirməkdir. Bunun üçün əsas hədəf 5 il ərzində Azərbaycan ədəbiyyatını 2 milyon oxucuya çatdırmaqdır.

Geniş oxucu marağı doğuranSabah” qəzetinin kitab əlavəsi oxuculara kitab seçimində köməklik göstərilməsi və çap olunan yeni nəşrlər barədə məlumat verilməsi məqsədilə ayda bir dəfə çap olunur.

 

Mədəniyyət.- 2018.- 25 iyul.- S. 3.