Bölgələrdə
mədəni xidmətin yüksəldilməsi diqqət mərkəzindədir
Nazir Əbülfəs Qarayevin
vətəndaşlarla növbəti görüşü
Qazaxda gerçəkləşib
Prezident İlham Əliyevin tapşırığı ilə mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən hər ay şəhər və rayonlarda əhalinin qəbulu keçirilir. Mədəniyyət naziri Əbülfəs Qarayevin vətəndaşlarla növbəti görüşü iyulun 20-də Qazax rayonunda gerçəkləşdi.
Nazir Qazax şəhərində Ağstafa, Qazax, Tovuz, Şəmkir, Göygöl, Gədəbəy və Daşkəsən rayonlarının sakinlərini qəbul etdi.
* * *
Qəbuldan öncə Əbülfəs Qarayev ümummilli lider Heydər Əliyevin abidəsinin önünə gül dəstəsi qoyaraq xatirəsini ehtiramla yad etdi. Nazir sonra Heydər Əliyev Mərkəzinin fəaliyyəti ilə tanış oldu.
Əbülfəs Qarayev daha sonra rayon mərkəzindəki Şəhidlər xiyabanını, Mütəfəkkirlər parkını ziyarət etdi, Cümə məscidi, İsrafil ağa hamamı, vaxtilə Qori Müəllimlər Seminariyasının Azərbaycan bölməsinin (Qazax Müəllimlər Seminariyası) fəaliyyət göstərdiyi bina və Ədəbiyyat muzeyi ilə tanış oldu.
* * *
Ədəbiyyat muzeyində keçirilən qəbulda vətəndaşların müxtəlif məsələlərlə bağlı müraciətləri səsləndi.
Ağstafa sakinləri “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunun saytında “Virtual Keşikçidağ” adlı turun yaradılması, rayon Mədəniyyət mərkəzinin tərkibində yaradılmış Xalq teatrına geyim və rekvizitlərin verilməsi, şəhər Uşaq musiqi məktəbinin incəsənət məktəbinə çevrilməsi, rayon Dövlət Rəsm Qalereyasına nazirlik tərəfindən verilmiş əsərlər və digər məsələlərlə bağlı xahişlərini nazirə çatdırdılar.
Qazax sakinlərinin müraciətləri Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən kitabxananın fondunun zənginləşdirilməsi, “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunun abadlaşdırılması, Uşaq musiqi məktəbində nağara şöbəsinin açılması, Qazax Dövlət Rəsm Qalereyasında görkəmli rəssamların əsərlərindən ibarət sərgilərin təşkili barədə idi.
Tovuzdan qəbula yazılan vətəndaşlar tərəfindən rayon Dövlət Rəsm Qalereyasındakı bir neçə əsərin bərpası, Uşaq musiqi məktəbinin binasının nazirliyin balansına verilməsi, Xalq teatrının repertuarının zənginləşdirilməsinə köməklik göstərilməsi barədə müraciətlər oldu.
Şəmkir sakinləri Moskva Dövlət Rəssamlıq və Sənaye Akademiyasında bədii şüşə ixtisası üzrə magistr təhsilinin davam etdirilməsinə köməklik göstərilməsi, Orta əsrlər Şəmkir qalasında arxeoloji işlərin davam etdirilməsi, qalaya qoruq statusunun verilməsi və digər məsələlərlə bağlı xahişlərini bildirdilər.
Göygöl sakinləri şəhər Uşaq musiqi məktəbinin incəsənət məktəbinə çevrilməsi, fəxri adın verilməsinə köməklik göstərilməsi barədə müraciət etdilər.
Gədəbəy rayonunda Simenslər muzeyinin yaradılması, Daşkəsən rayonu ərazisindəki kurqanlarda aparılan arxeoloji qazıntılar zamanı aşkar edilən tapıntıların yerli Tarix-diyarşünaslıq muzeyinin fonduna verilməsi barədə xahişlər də sakinlər tərəfindən diqqətə çatdırıldı.
Qəbulda vətəndaşların müraciətlərinin bir qismi həllini tapdı, digər məsələlər araşdırılması üçün nəzarətə götürüldü və lazımi tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verildi.
Hər görüşdə
maraqlı təkliflər səslənir
Qəbuldan sonra jurnalistlərə açıqlama verən nazir yerlərdə müntəzəm olaraq keçirilən bu cür görüşlərin əhəmiyyətini bir daha diqqətə çatdırdı: “Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq hər ay müxtəlif bölgələrdə vətəndaşlarla görüşlər təşkil olunur, onların qaldırdığı məsələlər diqqətdə saxlanılaraq həll edilir. Bu gün Qazax rayonunda keçirilən görüşdə də maraqlı təkliflər, müraciətlər oldu. Musiqi məktəblərinin fəaliyyəti, onların işinin daha da təkmilləşdirilməsi, eləcə də tarix-mədəniyyət abidələrinin qorunması, bu məkanların fəaliyyətinin müasir tələblər səviyyəsində təmin olunması və digər məsələlərə dair bir sıra təkliflər səsləndirildi”.
Əbülfəs Qarayev bildirdi ki, mədəniyyət sahəsində göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi, yeni formatda çalışacaq mədəniyyət müəssisələrinin istiqamətləri ilə bağlı məsələlər də diqqətə çatdırıldı. Bu təklifləri də nəzərdə saxlayacağıq.
Nazir Azərbaycan mədəniyyətinin dünyada təbliğ olunması məsələsinə toxunaraq bu günlərdə Ukraynanın paytaxtı Kiyevdə dünya şöhrətli müğənni və bəstəkar, SSRİ Xalq artisti Müslüm Maqomayev adına parkın və sənətkarın abidəsinin açıldığını diqqətə çatdırdı. Qeyd etdi ki, təntənəli mərasimdə Kiyev şəhərinin əhalisi də böyük maraqla iştirak etdi.
Əbülfəs Qarayev nazirlik tərəfindən Cümhuriyyətin 100 illiyi münasibətilə keçirilən “Bölgələrdən bölgələrə” Yaradıcılıq Festivalından danışaraq qeyd etdi ki, bu layihə bölgələrarası mədəniyyət mübadiləsinə əlavə təkan verəcək. Festivalın ölkəmizin bütün bölgələrində təşkil olunacağı diqqətə çatdırıldı.
Mədəniyyət müəssisələrinin
fəaliyyəti ilə tanışlıq
Vətəndaşlarla görüşdən sonra nazir Qazax rayonunda yerləşən bir sıra mədəniyyət obyektlərinə baş çəkdi, vəziyyətlə tanış oldu.
Rayon Mədəniyyət mərkəzində mədəni xidmətlərin səviyyəsinin daha da artırılması istiqamətində görülən işlər haqqında nazirə məlumat verildi. Nazir Mədəniyyət mərkəzinin qarşısında təşkil olunan səyyar kitabxanaya da baxdı.
Daha sonra Əbülfəs Qarayev rayon Tarix-Diyarşünaslıq muzeyinə gəldi. Məlumat verildi ki, muzeyin yeni binasının inşasına 2015-ci ilin noyabr ayında başlanılıb və 2016-cı ilin oktyabrında tikinti işləri başa çatdırılıb.
Muzeydə rayonun tarixini, mədəni irsini əks etdirən 2450 eksponat mühafizə olunur. İkimərtəbəli binanın birinci mərtəbəsində ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin fəaliyyəti, rayona səfərləri ilə bağlı fotolardan ibarət guşələr yaradılıb. Həmçinin burada muzey barədə ümumi məlumat, təbiət, arxeologiya, tarixi dövrlər və s. tematik bölmələr var. İkinci mərtəbədə “Qazax xalça məktəbi”, “Etnoqrafiya və folklor”, “Qazax XIX əsrdə və XXI əsrin əvvəllərində”, “Görkəmli şəxsiyyətlər”, “1929-1990-cı illər”, “Müasir dövr” və s. bölmələri yaradılıb.
Nazir Qazax Dövlət
Rəsm Qalereyasının fəaliyyəti ilə də
tanış oldu.
Məlumat verildi ki, qalereyanın fondunda ümumilikdə 549 əsər var ki, bunlar əsasən boyakarlıq və rəngkarlıq nümunələridir. Müasir tələblər səviyyəsində qurulan qalereyada mütəmadi olaraq tədbirlər, sərgilər təşkil olunur.
Əbülfəs Qarayev daha sonra Molla Pənah Vaqif və Molla Vəli Vidadinin xatirə muzeyinə, Qazax rayon 1 nömrəli Uşaq musiqi məktəbinə, rayon Mərkəzi kitabxanasının Uşaq şöbəsinə baş çəkdi.
Nazir bütün mədəniyyət müəssisələrinin fəaliyyətinin gücləndirilməsi, mədəni xidmətlərin səviyyəsinin daha da artırılması istiqamətində tapşırıq və tövsiyələrini verdi.
Fariz HÜSEYNOV
Mədəniyyət.- 2018.- 25 iyul.-
S. 4.