Mədəniyyət Nazirliyində Uffitsi Qalereyasının direktoru ilə görüş

 

Qonaq Azərbaycan Milli İncəsənət Muzeyinin ekspozisiyasını böyük maraqla ziyarət edib

 

Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva İtaliyanın məşhur Uffitsi Qalereyasının direktoru Ayke Şmit ilə görüşüb.

Görüşdə nazir müavini Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə İtaliyanın Uffitsi Qalereyası arasında əlaqələrin hazırkı səviyyəsindən razılığını ifadə edib, gələcək əməkdaşlıq və birgə layihələrin həyata keçirilməsi üçün böyük potensialın olduğunu vurğulayıb.

Ayke Şmit öz növbəsində əməkdaşlığın səmərəliliyini qeyd edərək bunun sayəsində Azərbaycan xalqının tarixi və zəngin mədəniyyəti barədə məlumat aldığını bildirib.

Sevda Məmmədəliyeva qonağa şəhərimizin muzeyləri ilə tanış olmağı təklif edib, Ayke Şmit bu təklifi məmnuniyyətlə qəbul edib.

 

* * *

 

Görüşdən sonra Uffitsi Qaleyerasının direktoru Ayke Şmit Azərbaycan Milli İncəsənət Muzeyini ziyarət edib. Azərbaycanın qədim tarixi və zəngin mədəniyyətini əks etdirən ekspozisiya ilə tanış olan qonağa muzeyin müxtəlif salonlarında sərgilənən ekspozisiyalar ilə yanaşı, müəssisənin infrastrukturu, eksponatların saxlanma şəraiti, dünyanın bir sıra muzeyləri ilə əməkdaşlıq, həyata keçirilməsi nəzərdə tutulmuş layihələr haqqında məlumat verilib.

Bundan əlavə, iki mədəniyyət ocağı arasına əməkdaşlıq, birgə layihələrin həyata keçirilməsi haqqında fikir mübadiləsi aparılıb.

Ziyarətin sonunda Ayke Şmit muzeyin xatirə dəftərinə ürək sözlərini yazıb və qonaq tərəfindən çox bəyənilmiş Tahir Salahovun “Sənə, bəşəriyyət!” adlı rəsmin önündə xatirə şəkli çəkdirilib.

 

Mədəniyyət.- 2018.- 25 iyul.- S. 5.