Sərgi və
ekspozisiyaların hazırlanmasında yeni yanaşmalar
“Müasir sərgi konsepsiyası” adlı seminar keçirildi
İyulun
20-də “YARAT” Müasir İncəsənət
Məkanı və Mədəniyyət Nazirliyinin
Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzi regionlardakı
rəsm qalereyaları
və muzeylərdə
çalışan tərtibatçı-rəssamlar
üçün “Müasir
sərgi konsepsiyası”
adlı sərgi-seminar
keçirdi. XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində
təşkil olunan tədbir üç mərhələdən ibarət
idi.
Birinci mərhələdə iştirakçılar
muzeydə “Əmək,
istirahət və xəyallar: 1960-1980-ci illər
Azərbaycan ustadlarının
gözləri ilə”
adlı sərgi ilə tanış
oldular. Sərginin kuratoru, “YARAT” Müasir
İncəsənət Məkanının
bədii direktoru Suad Qarayeva-Maleki incəsənət əsərləri
vasitəsilə müxtəlif
mövzuların araşdırılması
məsələlərindən danışdı, birgə
layihələrin gerçəkləşdirilməsinin
əhəmiyyətini vurğuladı.
Qeyd olundu ki, sərgidə
kreativ üsullarla çalışmağa üstünlük
verilib və nəticədə ötən
il sərgini
ziyarət edənlərin
sayı 40 min nəfərə
çatıb: “Müxtəlif
muzeylərdən olan həmkarlarla əlaqələr
qurmaq, təcrübə
mübadiləsi aparmaq
yeni ideyalara yol açır. Biz bu gün
muzey işinə kreativ ideyalarla yanaşsaq, cəmiyyətin
diqqətini cəlb edə bilərik”.
Sərginin konsepsiyası haqqında məlumat verən Suad Qarayeva-Maleki vurğuladı ki, hər hansı kolleksiyaya fərqli baxış, maraqlı mövzu axtarışı
daha maraqlı bir layihənin ərsəyə gəlməsinə
səbəb olur. Məhz bu
cür yanaşma yeni perspektivlər yarada bilir.
Mədəniyyətşünaslıq üzrə
Elmi-Metodik Mərkəzin
direktoru Asif Usubəliyev də birgə tədbirlərin əhəmiyyətindən danışaraq
gələcəkdə onların
davamlı olacağına
ümidvar olduğunu dedi. Bildirdi ki, seminarın
keçirilməsi regionlardakı
rəsm qalereyaları
və muzeylərdə
çalışan tərtibatçı-rəssamlar
üçün böyük
əhəmiyyət kəsb
edir.
Qeyd olundu ki, dövlət müəssisələrində tərtibat işlərində
əsasən ənənəvi
üsullardan istifadə
edilir. “YARAT” Müasir İncəsənət Məkanının
təqdim etdiyi kreativ üsullar aktuallığı ilə
seçilir və dövlət muzeylərinin
populyarlığının artırılmasında bu təcrübənin tətbiqi
vacibdir: “Ümid edirik ki, təşkil
edilən bu seminar iştirak edən əməkdaşlarda yeni peşə keyfiyyətlərinin
formalaşmasına səbəb
olacaq”.
* * *
Seminarın ikinci mərhələsində
ekspozisiyaların qurulması
prosesində texniki hazırlıq işlərinin
aparılması ilə
bağlı təlim keçirildi. Köməkçi kurator Fərəh
Ələkbərli texniki
hazırlıq prosesində
işıq və rəng amili, müasir texniki avadanlıqlardan istifadə
qaydaları, eksponatların
estetik təqdimatının
vacib məqamlarını
açıqladı.
Üçüncü mərhələdə isə
qrup işi, praktiki məsələlərlə
bağlı bilgi verildi. Kurator mətnlərin yazılmasına
dair giriş mərhələsi ilə
bağlı fikirlərini
bölüşdü. Təlim iştirakçıları qruplara
bölünməklə sərgidə
nümayiş olunan bir neçə əsərdən ibarət
özünün kiçik
sərgisinin modelini hazırlayaraq təqdim etdilər.
Daha sonra təhsil layihələrinin
rəhbəri Səyyarə
Hüseynli “YARAT” Müasir
İncəsənət Məkanının
fəaliyyəti haqqında
videoçarxı nümayiş
etdirdi. O, muzey işçilərinin müasir
zamanla ayaqlaşması
məsələlərindən söz açdı, müasir muzeyin fəaliyyəti ilə bağlı sualları cavablandırdı.
Tədbirin sonunda S.Qarayeva-Maleki tərəfindən regionlardakı
rəsm qalereyaları
və muzeylərdə
çalışan tərtibatçı-rəssamlar
sertifikatlarla təltif
olundular.
Sumqayıt Dövlət Rəsm Qalereyasının əməkdaşı
Günel Hüseynova seminarın təşkilatçılarına
təşəkkürünü bildirərək qeyd etdi ki, belə
tədbirlərin təşkil
edilməsi muzey sahəsində çalışanlar
üçün çox
dəyərli təşəbbüsdür.
Qeyd edək
ki, Mədəniyyət
Nazirliyinin 15 regional idarəsinin
təmsil olunduğu təlimin keçirilməsində
məqsəd gənc tərtibatçı-rəssamlarda müasir peşə səriştəsinin formalaşmasıdır. Tədbirdə
sərgilərin hazırlanması,
ekspozisiyaların qurulması,
texniki hazırlıq proseslərinin aparılması,
praktiki hazırlıq
mərhələləri və
s. məsələlərlə bağlı müzakirələr
oldu. Təqdim olunan format mədəniyyət
və incəsənət
sahəsində çalışan
gənc əməkdaşlar
üçün ilk dəfə
olaraq təşkil edilirdi.
Lalə
AZƏRİ
Mədəniyyət.- 2018.- 25 iyul.-
S. 5.