“100 illik tariximiz”lə regionların
zəngin irsi
“Bölgələrdən
bölgələrə” festivalı
Göygöl və Naftalan şəhərlərindən
də keçdi
Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə
keçirilən, Azərbaycan
Xalq Cümhuriyyətinin
100 illiyinə həsr
olunmuş “Bölgələrdən
bölgələrə” Yaradıcılıq
Festivalı ötən
həftəsonu Göygöl
rayonunda (Şəmkir
Regional Mədəniyyət İdarəsi) və Naftalan şəhərində
(Gəncə Regional Mədəniyyət
İdarəsi) davam edib.
“100 illik tariximiz”
devizi altında təşkil olunan festival ardıcıl olaraq nazirliyin regional idarələrinin
hər birinin şəhər və rayonlarında gerçəkləşir. Festivalın hər
tədbirində nazirliyin
15 regional idarəsinin hamısı
ayrıca guşə-çadırla
təmsil olunur.
Artıq layihənin böyük hissəsi arxada qalıb. İyunun 25-də Masallı şəhərində (Masallı
Regional Mədəniyyət İdarəsi) başlanan
festival daha sonra Lənkəranda (26 iyun), Salyanda (30 iyun), Sabirabadda (1 iyul), Füzuli rayonunun Horadiz şəhərində
(7 iyul), Ağdamın
Quzanlı qəsəbəsində
(8 iyul), Göyçay
şəhərində (14 iyul)
və Mingəçevirdə
(15 iyul) davam etmişdi. Növbəti iki tədbir
də rəngarəng
təqdimatı ilə
yadda qalıb.
* * *
İyulun
21-də Göygöl şəhərindəki
Heydər Əliyev adına park kompleksində
keçirilən tədbirdə
Mədəniyyət Nazirliyinin,
rayon İcra Hakimiyyətinin
təmsilçiləri, kənd
və qəsəbələrin
sakinləri, mədəniyyət
işçiləri, ictimaiyyət
nümayəndələri, respublikamızın bölgələrindən
gəlmiş qonaqlar iştirak ediblər.
Əvvəlcə festival iştirakçıları Mədəniyyət Nazirliyinin
15 regional mədəniyyət idarəsi tərəfindən
qurulmuş çadırlarda
həmin bölgələrin
qədim el sənəti
nümunələri, eləcə
də ayrı-ayrı
sənətkarlar tərəfindən
hazırlanmış dekorativ-tətbiqi
sənətin müxtəlif
sahələrinə aid incəsənət
nümunələri və
suvenirlərlə tanış olublar.
Lahıc
(İsmayıllı) ustalarının
metalişləmənin fərqli
texnika və üsullarından istifadə
edərək hazırladıqları
məişət qabları,
Sumqayıt sənətkarlarının
bədii tikmənin bir çox növünə aid zərif
naxışlı tikmələri,
Xaçmaz bölgəsindən
olan ustaların çay daşları üzərində həkk
etdikləri görkəmli
şəxsiyyətlərin portretləri, Şəki ustalarının hazırladıqları
mürəkkəb həndəsi
ölçməli şəbəkəbəndlər,
incə naxışlı
zərif kəlağayılar,
həmin bölgəyə
aid şirniyyatlar, ucarlı
sənətkarın sadə
qara qələmlə
rəssamlığın qrafika
janrında çəkdiyi
bir-birindən gözəl
rəsmlər, Masallı
regional idarəsi tərəfindən
təqdim olunan hörmə, toxuma, əl işləri, ağacoyma və dulus nümunələri maraqla qarşılanıb.
Bundan başqa, Şəmkir
regional idarəsi tərəfindən
nümayiş etdirilən
müxtəlif dövrlərə
və ayrı-ayrı
bölgələrə aid saz
nümunələri – qopuz,
tənbur, çoğur,
rübab, cürə saz, həmçinin digər regional idarələrin
çadır-guşələrində sərgilənən rəsmlər
– yağlı boya ilə çəkilmiş
natürmortlar, portretlər,
peyzajlar və bir çox qiymətli əl işləri festival iştirakçılarında
zəngin təəssürat
yaradıb.
Sonra Mədəniyyət
Nazirliyinin 15 regional mədəniyyət
idarəsinin bədii özfəaliyyət kollektivləri,
folklor və rəqs qrupları konsert proqramı ilə çıxış
ediblər.
Çıxışlar tamaşaçılar tərəfindən
alqışlarla qarşılanıb. Yerli sakinlər
bölgələrdə bu
cür yaradıcılıq
festivallarının keçirilməsinin
əhəmiyyətini yüksək
qiymətləndirərək tədbirin təşkilatçılarına
minnətdarlıqlarını ifadə ediblər.
* * *
“Bölgələrdən bölgələrə” Yaradıcılıq
Festivalının növbəti
ünvanı iyulun
22-də Naftalan şəhəri
olub.
Şəhərdəki Heydər Əliyev adına
parkda keçirilən
tədbir də iştirakçıların Mədəniyyət
Nazirliyinin regional mədəniyyət
idarələri tərəfindən
qurulmuş çadırlarla
tanışlığı ilə başlayıb. Çadırlarda ayrı-ayrı bölgələrin
qədim el sənəti
nümunələri, yerli
sənətkarların əl
işləri, rəsmlər,
suvenirlər və s. sərgilənib.
Tədbirdə bildirilib ki, layihənin əsas məqsədi çoxminillik
dövlətçilik ənənələrinə
malik Azərbaycan xalqının zəngin mədəni irsinin təbliği, bölgələrin
mədəni imkanlarının
nümayişi, eləcə
də respublikamızda
regionlararası mübadiləni
gücləndirməkdir. Festivalın
əhəmiyyətindən danışan qonaqlar layihənin ilk dəfə
ölkəmizin bütün
bölgələrini əhatə
etməklə şəhər
və rayonların bir-birinin mədəni zənginliyi, sənətkarlıq
irsi və incəsənəti ilə
tanış olmaq imkanı yaratdığını vurğulayıblar.
O da vurğulanıb ki, festivalın yay mövsümündə
keçirilməsi ölkəmizə
gələn xarici qonaqlara da bölgələrin
rəngarəng mədəni
həyatı ilə əyani şəkildə
tanış olmağa imkan yaradır.
Müxtəlif regionların təmsilçilərinin
bir-birinin guşə-çadırları
ilə tanışlığı,
xoş ünsiyyət
festival iştirakçılarında zəngin təəssürat
yaradıb.
Ucarlı
gənc rəssam Heydər Vahidov festival haqqında fikirlərini bölüşərkən deyib:
“Bugünkü festivalın
bir üstün cəhəti də odur ki, pavilyonlarımızda
həm sənətkarların
əl işləri nümayiş etdirilir, həm də satışı təşkil
olunur. O cümlədən
mənim əl işlərimlə də maraqlanırlar, qiymətini
soruşurlar. Amma mən
bu əsərlərə
çox zəhmət
çəkdiyim üçün
onların satışı
haqqında hələlik
düşünmürəm. Bununla belə festivalda iştirak etdiyim üçün özümü
çox xoşbəxt
sayıram. İştirakçıların bu cür münasibəti məni çox sevindirir. Elə ona görə də gənc sənətkarlara tanınmaq
üçün böyük
imkanlar yaradan bu festivalın təşkilatçılarına minnətdarlığımı bildirirəm”.
Festivalda Mədəniyyət Nazirliyinin
regional idarələrinin bədii
özfəaliyyət kollektivləri,
folklor və rəqs qruplarının konsert proqramı tədbirə xüsusi rəng qatıb.
Konsertdə bəstəkar və xalq mahnıları ifa olunub, ayrı-ayrı
bölgələrin özfəaliyyət
kollektivləri milli, etnik rəqs nümunələri ilə
çıxış ediblər.
Festival iştirakçılarının
çıxışları tamaşaçılar tərəfindən,
xüsusən də Naftalandakı kurort-sanatoriya
mərkəzlərinə müalicə
və istirahətə
gələn xarici turistlər tərəfindən
alqışlarla qarşılanıb.
Mədəniyyət.- 2018.- 25 iyul.- S. 9.